“Gürcüstanda küçə ticarətində, kiçik ticarətdə dövriyyədən 1 faiz vergi tutulur. Bununla bağlı infrasturuktur qurulub, POS-terminallar pulsuz verilir. 100 lari dövriyyə varsa, 1 lari vergi ödənilir. Vergidən yayınan zaman çox böyük cərimələr var. 1 faiz vergi az olduğu üçün heç kim vergidən yayınmaq istəmir”.
Bunu iqtisadçı Natiq Cəfərli Azərbaycanda küçə ticarətində satış zamanı çek verilməməsi məsələsindən danışarkən deyib.
O bildirib ki, müxtəlif ölkələrdə bu məsələyə yanaşma fərqlidir: “Dövriyyədən vergitutma anlayışı var, obyektin kvadratmetrinə görə və yaxud da satışının yerinə görə vergitutma anlayışı var. Bəzi ölkələrdə şəhərlər coğrafi olaraq da bölünüb, yəni şəhərin mərkəzi hissəsində vergilər digər yerlərə nisbətən daha yüksəkdir. Azərbaycanda bu məsələnin tənzimlənməsində boşluqlar var. Elə olmalıdır ki, həm dövlət vergiləri toplaya bilsin, həm də bu sahədə çalışanlar üçün münbit şərait olsun. Bunun üçün yəqin lisenziyalaşma qaydasına keçməyə ehtiyac var. Məsələn, Türkiyədə İstanbulda və digər şəhərlərdə biz bunu görürük. Orada bir çox hallarda bələdiyyələr bu işlə məşğul olurlar və bu, bələdiyyələrin əsas gəlir mənbələrindən biridir”.
O bildirib ki, lisenziyalaşdırmaq yolu ilə və yaxud da dövriyyədən minimum vergi tətbiq etməklə bunu həll etmək olar: “Bu sahədə ciddi tənzimləmə mexanizminə ehtiyac yaranıb. Məsələn, bəzi ölkələrdə illik lisenziya alınır və sonra heç bir vergi ödənilmir. Çünki 1 illik lisenziya alan zaman birdəfəlik ödəniş edilir və sonra satış həyata keçirməyə ixtiyarın var”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə Sputnik Azərbaycan-a deyib ki, kiçik ticarət ilə məşğul olanlar bəzən nəzarətdən kənarda qalırlar: “Əgər alış-veriş zamanı çek verilmirsə, alıcı şikayət edərsə, kiçik ticarət ilə məşğul olanların cərimələnməsi mümkündür. Və yaxud da çekin verilməməsi halı aşkarlanarsa, Dövlət Vergi Xidmətinin onları cərimələmək hüququ var. Bu istiqamətdə 1500-6000 manatadək cərimələr mövcuddur. Əgər alış-veriş zamanı çek verilmirsə, alıcı Vergi Xidmətinə şikayət edə bilər. Amma görürsən ki, bununla bağlı çox zaman şikayət edən olmur. Burada həm də istehlakçı maraqlı olmalıdır. Lakin qanunvericilikdə var ki, onlar satış həyata keçirən zaman çek verməlidirlər. Qanuna görə, hamısı kassa, POS-terminal quraşdırmalıdır”.