Bunu kim etməlidir?

 

Son 25 ildə repetitorluq ölkədə baş alıb gedir. Buna kölgə təhsili də deyənlər var. Son 15 ildə 4500 yeni məktəb tikilsə və təmir edilsə də, yuxarı siniflərdə tədris pozulub, sinif otaqları boşalıb, hər iş sanki repetitorluq adlı iri biznez şəbəkəyə həvalə edilib.

Ölkədə belə bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur. Hər bir şagirdin 2 il repetitorların yanına getməsi ailəyə 10.000 -15.000 manat itkidir. Əgər ailədə bir neçə uşaq varsa, bu rəqəm ailə üçün daha böyük məsrəfdir. Bu sahədə illik dövriyyə milliyard manata yaxındır. Öz maaşından vergi ödəyən valideyn övladının orta təhsili üçün niyə əlavə bu qədər ödənişlər etməlidir.

Dövlət təhsilə hər il 3 milyard manatdan çox pul ayırir, bunun əksər hissəsi orta təhsilə gedir, amma valideynlər də xeyli əlavə pul xərcləyirlər, borca düşürlər, amma sonra universitetdə təhsil haqqını ödəməkdə problemlər yaşayırlar. Məktəb öz işinin öhdəsindən gələ bilsəydi, valideynlər indiki çətin zamanda repetitorlara bu qədər pulu niyə səpələyərdi ki? Niyə sovet vaxtı repetitorluq belə kütləvi hal almamışdı? Çünki, onda normal məktəb və normal təhsil var idi.

Repetitor dərsləri şagirdlərin həddən artıq yüklənməsinə, sonralar müxtəlif xəstəliklər tapmasına da səbəb olur, bu ayrıca söhbətin mövzusudur. Hələ 15 il əvvəl bu məsələlər müzakirə ediləndə, TN rəsmiləri deyirdilər ki, repetitorluq bir çox ölkələrdə var. Amma demirdilər ki, heç bir ölkədə belə kütləvi deyil. İctimaiyyətdə belə fikir yaranıb ki, repetitorluğun yaranmasında və uzun müddət yaşamasında aidiyyatı məsul qurumların fəaliyyətsizliyinin də mühüm rolu var. Görəsən bu kölgə təhsilinin qarşısı nə vaxt alınacaq? Bunu kim etməlidir?

0.20376491546631