Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunan 38 yaşlı Natəvan Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Nətavan Kazımova bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Türkiyədə yüksək maaşla işə düzəldəcəyi adı ilə aldadıb. Onlar Türkiyəyə aparılandan sonra pasportları əllərindən alınıb, otellərdə və kirayə mənzillərdə cinsi istismara məruz qalıblar.
Zərərçəkmiş qadınların bir qismi Mingəçevir şəhərindəndir. Həmin qadınların fahişəliyə cəlb olunmasında Natəvan Kazımovaya doğmaca əmisi qızı Səidə Əmiraslanova və keçmiş tanışı Namiq Şaməmmədov yardım edib. Bu şəxslərin hər ikisi artıq mühakimə olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr, 2018-ci il tarixli hökmü ilə Namiq Şahməmmədov və Səidə Əmiraslanova 4 il azadlıqdan məhrum ediliblər. S.Əmiraslanovanın cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab olunub.
Elə həmin ərəfələrdə N.Kazımova interpol xətti ilə axtarışa verilib. 2019-cu ilin iyununda saxlanılan G.Kazımova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.5-ci ( qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Azərbaycanlı qadınları fahişəliyə cəlb etməklə yanaşı onların intim videogörüntülərini sosial şəbəkələrdə yayacaqları ilə hədələyən, özlərindən asılı vəziyyətə salan cinayətkar dəstənin daha bir üzvü - Türkiyə vətəndaşı Tarkan Gursen barəsində isə axtarış elan edilib.
Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var. Onlar 22-35 yaş arasındadır.
“Mən günahkar deyiləm, özləri gəliblər”
Türkiyəyə fahişəliklə məşğul olmaq üçün 23 yaşından ayaq açan, qonşu ölkəni su yoluna döndərən Natəvan Kazımova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. N.Kazımova qadınların heç birinə hədə-qorxu gəlmədiyini, onları aldatmadığını deyir.
İfadəsində İstanbulda yaşayan əmisi qızının yanına gedib-gəldiyini, “maddi vəziyyəti yaxşı olmadığına görə” qadınları müştərilərə təqdim etdiyini bildirib: “Elnarə Qasımovanı (ad və soyad şərtidir -red.) Tarkanın yanında görmüşdüm. O, Tarkanın nəzarəti altında işləyirdi. Bir-iki dəfə mənim müştərilərimlə də görüşmüşdü. Xatirə, Nailə, Səbinəni (adlar şərtidir-red.) müştərilərə təqdim etmişəm, otellərə göndərmişəm. Onlar özləri öz razılıqları ilə Səidənin yanına gəlirdilər, müştərilərlə pul alıb görüşürdülər”.
“Sosial şəbəkədə videogörüntülərimi yayacağı ilə hədələyirdi...”
Zərərçəkmiş Elnarə Qasımova ifadəsində Tarkan Gursenlə 2015-ci ildə Facebook sosial şəbəkəsində tanış olduğunu, onun dəvəti ilə Türkiyəyə getdiyini, bir yerdə oteldə qaldıqlarını, aralarında yaxın münasibət olduğunu deyib. Bildirib ki, Bakıya qayıdandan sonra yenə həmin adam ona zəng vuraraq yenə Türkiyəyə çağırıb.
Qadın alveri qurbanının ifadəsindən sitat: “Çox kobud adam olduğuna görə getmək istəmədim. Tarkan isə təkid edirdi. Onun yanına gəlməyəcəyim təqdirdə intim görüntülərimi sosial şəbəkələrdə yayacağını deyirdi. Belə bir hərəkət etməsindən çox qorxurdum. Rəfiqələrimdən birini də özümlə gətirməyimi tələb edirdi. Məcbur olub yaxın rəfiqəmi özümlə Türkiyəyə apardım. Bizi Tarkan qarşıladı. Onun yaşadığı mənzildə Asiya ölkələrindın olan başqa qızlar da vardı. Həmin qızları müştərilərin evinə Tarkan aparır, pulları da özü alırdı. Tarkan rəfiqəmlə məni də digər qızlar kimi müştərilərə təqdim edirdi. Tarkandan çox qorxurdum. Hər dəfə görüntüləri yayacağı ilə məni hədələyirdi. Sonradan Tarkanın polislə problemi olduğuna görə bizi adının sonradan Səidə olduğunu bildiyim “Aidə” ləqəbli qadının yanına göndərir, o da bizi öz müştərilərinin yanına aparırdı”.
Mingəçevirdə bu işlə məşğul olmurmuş, Yevlax, Qəbələ və Ağdaşa gedirmiş...
Zərərçəkmiş Gülər Aydınova (ad və soyad dəyişdirilib-red.) ifadəsində Namiq Şaməmmədovla 2015-ci ildən tanış olduğunu deyib. Bildirib ki, onun vasitəsilə imkanlı müştərilərlə görüşürdü, Namiq onu öz maşın ilə müşətirilərin olduğu ünvanlara, otellərə aparıb-gətirirdi. Bu qadın Türkiyəyə, Səidə və Nətavanın yanına da elə Namiqin vasitəçiliyi ilə gedib çıxıb.
Gülər deyir: “Türkiyəyə getməyə qorxurdum. Həm də körpə uşağımı qoyub getmək istəmirdim. Namiq dedi ki, əgər razılaşmasan, sənin nə yolun yolçusu olduğunu bütün Mingəçevirə yayacağam, biabır edəcəyəm. Mən Mingəçevirdə bu işlə məşğul olmurdum. Namiq məni Yevlax, Qəbələ və Ağdaş rayonlarına aparıb orada müştərilərlə görüşdürürdü. Məni şantaj etdiyi üçün məcbur olub razılaşdım. Evdəkilərə də Türkiyədə xidmətçi işləmək üçün getdiyimi dedim. Səidə məni qarşılayıb kirayə qaldığı evə apardı. Pulu müştərilərdən Səidə ilə Nətavan alıb yarı bölürdülər”.
Digər qurbanları nə deyiblər...
Mingəçevir şəhərindən olan digər zərərçəkmişlər də anoloji ifadə veriblər. Eyni üsulla Türkiyəyə göndərilən, eyni yolla da şantaj olunan qadınlar deyiblər ki, Türkiyədən geri qayıtdıqdan sonra Səidə yenidən onlara zəng vurub geri çağırıb. Gəlməyəcəkləri təqdirdə müştərilərlə intim əlaqədə olduqları zaman çəkilən videogörüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Ailə problemləri olan, maddi sıxıntı içində yaşayan Gülşən Həmidova deyir ki, uşaqlıq dostunun vasitəsilə Türkiyədə yaşayan Səidə ilə əlaqə saxlayıb, ona öz fotolarını göndərib. Model kimi işə düzələcəyini güman edən Gülşən 2017-ci ilin oktyabrında Türkiyəyə yola düşüb. Ora çatan kimi pasportu əlindən alınıb və ona pul qazanmağın yeganə yolunun intim xidmət olduğu bildirilib. Belə bir iş üçün gəlmədiyini desə də, xeyri olmayıb: “Bizimlə birgə rusiyalı və moldovalı qadınlar da vardı. Səidə əmisi qızı Nətavanla birgə bizi müştərilərin qaldıqları otellərə aparır, pulları özü alırdı. Mən Bakıya qayıdandan sonra Səidə əl çəkmir, geri qayıtmağı tələb edir, əks təqdirdə videolarımı yayacağını, ailə üzvlərimə əxlaqsızlıqla məşğul olduğumu deyəcəyi ilə hədələyirdi”.
“Kasıb qızlar idilər, istədim kömək eləyim...”
Cinayətkar birliyin üzvü olan Namiq Şammədov isə Mingəçevirdən olan beş nəfər qızın yüngül həyat tərzi keçirdiklərini, onları rayonlardakı otellərə müştərilərin yanına aparıb-gətirdiyini deyib: “Səidəni uzun zamandır tanıyıram. Ona deyəndə ki, ətrafımda çoxlu qızlar var. Dedi ki, əlaqələndir, gəlsinlər Türkiyəyə, yaxşı pul qazansınlar. Hamısı kasıb qızlar idilər. Onlara köməklik etmək istədim. Səidənin nömrəsini verdim, qızlar özləri zəng vurub əlaqə saxlayıb, Türkiyəyə gediblər. Qızlar Türkiyəyə gedəndən sonra Səidə mənə pul göndərdi. Sonradan eşitdim ki, qızlar Səidənin yanından qayıdıblar”.
Şərti cəza ilə həbsxanadan canını qurtara bilən Səidə Əmiraslanova ifadəsində ticarət məqsədilə Türkiyəyə gedib-gəldiyini, 2016-cı ildən qonşu ölkədə yaşadığnı, maddi vəziyyəti ağır olduğundan qadınları fahişəliyə cəlb etməklə pul qazanmağı qərara aldığını deyib. Taksi sürücüsü Namiq Şammmədovu isə Mingəçevirdə yaşadığı vaxtlardan tanıdığını, daim ünsiyyətdə olduqlarını göstərib.
“Namiq dedi ki, Adilə (ad dəyişdirilib-red.) adlı bir qız var, maddi vəziyyəti yaxşı deyil, Türkiyəyə gəlmək istəyir. Mən də etiraz etmədim. Adilə ilk dəfə 2016-cı ildə gəldi, mənim nəzarətim altında işlədi. Onun əldə etdiyi pulun bir hissəsini özümə götürür, qalanını verirdim. Digər dörd qızı da Namiqə görə tanımışam. Namiq qızların çox kasıb olduqlarını, pul qazanmaq üçün mənim yanıma göndərmək istədiyini dedi. Həmin qızlar gəlib mənim yanımda, hərdən də əmim qızı Nətavanın yanında işlədilər. Mən heç kimə hədə-qorxu gəlməmişəm, heç kimi aldadıb yanıma gətirməmişəm”,-qadın taciri ifadəsində bildirib.
Məhkəmə prosesi davam edir.
İnarə Rafiqqızı
Mənbə:Virtualaz.org