Səfər Mehdiyevin "kor" dediyi xalq nəyi görmür? – ƏTRAFLI

 

Son vaxtlar iş prinsipinə və ölkə iqtisadiyyatına vurduğu ziyana görə ən çox tənqid olunan məmurlardan biri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu yaxınlarda mətbuat konfransı keçirdi. Və bir çox mətləblərə “aydınlıq gətirdi”. Xeyli danışdı. Danışdıqca da qızışdı. Qızışdıqca da səsinin tonunu qaldırdı. Və xalqı təhqir etməkdən belə çəkinmədi. Qəzəbli şəkildə dedi ki, “Gömrükdəki uğurları görməyənlər kordur”.

Bəri başdan deyim ki, bu təhqiramiz ifadəyə görə mən Səfər Mehdiyevi qınamıram. Çünki onun bu cür fikir yürütməsi tipik azərbaycanlı qənaətidir. Ona görə ki, bizim çoxumuz ailəmizi dövlət, uşaqlarımızı xalq bilirik. Və bu qəanətdən çıxış edib deyirik ki, bizdə problem yoxdur.

 

Bu da ondan irəli gəlir ki, bir çox dövlət qurumları ölkə başçısının müəyyən etdiyi hədəflərə çatmaqda və xalqın rifah halının yaxşılaşmasında çox böyük maneədir. Həmin qurumların birincisi də Dövlət Gömrük Komitəsidir. Çünki komitə əməkdaşları və Səfər Mehdiyev hələ də öz vəzifələrini doğru-dürüst bilmir. Elə bilirlər ki, dövlət büdcəsinə 5-10 manat artıq vəsait köçürməklə vəzifə borclarını yüksək səviyyədə yerinə yetirmiş olurlar. Amma gömrük vergi yığan orqan deyil. Gömrük ölkənin daxili bazarını qoruyan, yerli istehsalı stimullaşdıran və ixracı təşviq edən bir dövlət orqanıdır. Nə yazıq ki, Səfər Mehdiyev ya bunu bilmir, ya da bilmək istəmir. Evinə həftəlik ərzaq alıb gətirən yetim-yesirin sonuncu qəpiyini qışqırda-qışqırda əlidən alan gömrük orqanları ölkədə sosial narazılıq yaradan ən böyük dövlət qurumudur. Bir neçə gün əvvəl bir dəstə sahibkar DGK-nın qarşısında aksiya keçirdi. Səbəb isə gömrükdəki məmur özbaşınalığı idi.

Bütün bunlardan sonra komitə sədri xalqı kor elan edir. Onun uğurlarını görməməkdə suçlayır. Bu gün komitənin yuxarı eşalonundakı 10 generaldan 9-u Səfər Mehdiyevin ya dostu, ya qohumu, ya da həmkəndlisidir. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan bu hərəkəti bəlkə Səfər müəllim uğur sayır?

Təkrar edirəm: DGK-nın vəzifəsi vergi toplamaq deyil, ölkə iqtisadiyyatını dirçəltməkdir. Amma komitənin elektron portalında yerləşdirilən məlumatlar bunu demir. Məsələn, ötən il Azərbaycandan 13 milyard 740 milyon 567 min dollarlıq məhsul ixrac edilib. Əvəzində ölkəmizə 10 milyard 730 milyon 720 min dollarlıq məhsul idxal olunub. Nəticədə 3 milyard 9 milyon 847 min dollarlıq müsbət saldo yaranıb (!). Amma…

Bax, işləri korlayan bu ammadır. Çünki ixrac etdiyimiz məhsulun nə az, nə çox, düz 11 milyard 889 milyon 300 min dollarlıq hissəsini və yaxud 86,53 faizini xam neft təşkil edib. Təkrar edirəm, xam neft haaa…

Qeyri-neft sektoru üzrə ixracın həcmi ötən il 1 milyard 851 milyon 266 min manat və yaxud 13,47 faiz olub. Göründüyü kimi, qeyri-neft sektoru üzrə ticarət dövriyyəsində çox böyük (500 faizdən çox) mənfi saldo yaranıb. Onu da əlavə edim ki, 2019-cu ildə gömrük orqanlarından büdcəyə 4 milyard 408 milyon 624 min manat daxil olmuşdusa, bu il bu rəqəm 3 milyard 938 milyon 242 min manat olub. Göründüyü kimi, büdcə daxilolmaları son bir ildə 500 milyon manat azalıb. Bunun harası uğurdur, ay Səfər Mehdiyev.

Bu, məsələnin rəsmi tərəfi, indi keçək qeyri-rəsmi tərəfinə. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Ermənistanla Gürcüstan 25 ilə yaxındır bu təşkilatın üzvüdür. Bu təşkilata üzv olmaq ölkələr arasında ticari əlaqələri gücləndirir, ikiqat vergi yükünü aradan qaldırır. Çox təəssüf ki, Azərbaycanın bu təşkilata üzv olmamasının əsas səbəbkarı Dövlət Gömrük Komitəsidir. Çünki təşkilata üzv olan ölkələr müəyyən öhdəliklər götürür.

Hər hansı ixtiyari bir ölkə, məsələn, Moldova təşkilatın üzvü olduğu təqdirdə ixtiyarı yoxdur ki, digər üzv dövlətin məhsuluna iki qat gömrük rüsumları tətbiq etsin. Bunun üçün təşkilatlar müəyyən hədlər təsdiqləyib. Azərbaycan ÜTT-yə üzv olmamaqla gömrük rüsumlarını birtərəfli qaydada müəyyən edir.

Son dövrlər idxal edilən mallar üzrə yüksək gömrük dəyərinin müəyyənləşdirilməsi sahibkarlarda narazılıqlar yaradır. İddialara əsasən, Dövlət Gömrük Komitəsi hər il gömrük dəyərini yüksəldir. Nəticədə sahibkarlar idxal əməliyyatları ilə bağlı daha yüksək rüsum və vergi ödəməli olur.

Bəs Dövlət Gömrük Komitəsinin bu cür davranmasında məqsəd nədir? Qanunvericilik komitəyə gömrük dəyərinin müəyyənləşdirilməsində müstəsna hüquq tanıyırmı? Gömrük dəyərinin artırılması ilə bağlı narazılıqlara münasibətini bildirən iqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında deyib ki, qanunvericilik dövlət orqanının bu şəkildə subyektiv davranmasına icazə vermir: “Dövlət Gömrük Komitəsində qiymətqoyma komissiyası yaradılıb. Rəsmi sənədlərlə idxal edilən malların invoys dəyəri xoşlarına gəlmədikdə və ya şübhə yaranan hal varsa, gömrük dəyərini bazar qiymətlərinə baxıb müəyyənləşdirirlər (?). Avtomobil gətirən tanışlarım dəfələrlə mənə deyiblər ki, gömrük dəyəri daxili bazarda olan qiymətlər əsasında müəyyənləşdirilir. Xaricdən ona görə avtomobil gətirilir ki, daxili bazardan daha ucuzdur. Amma komitə rəsmi invoysdakı qiyməti kənara qoyur, daxildəki qiymətlə yeni invoys qiyməti müəyyənləşdirir. Bu, özbaşınalıqdır. Qanunvericilik bu qaydada gömrük dəyərini müəyyən etməyə yol vermir. Qanunda belə bir tələb yoxdur, komitə bu cür qiymətləndirməni yalnız daxili təlimatla həyata keçirir”.

Bu da sizə ekspert rəyi. Deyilənlərdən də aydın olur ki, DGK müvafiq qanunlarla və beynəlxalq konvensiyalarla deyil, Səfər Mehdiyevin şəxsi təlimatları ilə “işləyir”. Bax, Səfər Mehdiyevin ən böyük “uğuru” da budur. Bunu isə xalq görmür.

Surxay Atakişiyev,

KONKRET.az

 

0.14711403846741