Vətən müharibəsində iştirak edən Masallı rayon Təzə Alvadı kənd sakini Səlimov Məmməd Vahid oğlu minaya düşərək sol ayağını itirib.
Moderator.az-ın əməkdaşı bu gün Masallının Təzə Alvadı kəndində qazinin ailəsində qonaq olub. M.Səlimov deyib ki, o, 2019-cu ilin aprel ayında hərbi xidmətə yollanıb və xidmətini başa vurduqdan sonra Vətən müharibəsində iştirak edib:
“Hərbi xidmətimi Tərtər rayonunda başa vurduqdan sonra Vətən müharibəsi başladı. Mən də Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdim. Füzuli istiqamətində isə əmim oğlu Sənan Səlimov döyüşürdü. O, oktyabrın 13-də şəhid oldu. Mən isə döyüşlərə davam etdim”.
Məmməd deyir ki, o, dekabrın 4-də minaya düşüb:
“Vətən müharibəsini qələbəylə başa vurduqdan sonra mən xidmətimi davam etdirirdim. Elə oldu ki, postda çıxanda minaya düşdüm və sol ayağımı itirdim. Yaralı vəziyyətdə Bakıya hospitala çatdırdılar. Əməliyyat olunduqdan sonra evə iki aylıq məzuniyyətə buraxılmışam. Hazırda hospitaldan sənədlərimi alacağım günü gözləyirəm”.
Qazimizin atası Vahid Səlimov yerli məmurların onlara qarşı diqqətsizliyindən gileylənib:
“Qardaşım oğlu şəhid oldu, oğlum isə bir ayağını itirdi. Amma bu gün yerli məmurların münasibəti adamı dəhşətə gətirir. Təsəvvür edin ki, kəndin nə bələdiyyə sədri, nə də icra nümayəndəsi bir problemimizlə maraqlanmayıb. Qəzalı vəziyyətdə olan bir evdə yaşayırıq. Yağış yağan kimi evin içinə su dolur. Məcbur qalıb məsələylə bağlı Masallı rayon İcra Hakimiyyətinə şikayət məktubu yazdım”.
Qazimizin atası deyir ki, onu aldadaraq probleminin həll olunmasıyla bağlı yazılan ərizəyə qol çəkdiriblər:
“Şikayətimdən sonra Masallı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin mühəndisi Mirzəyev İnqilab Balaxan oğlu qapımıza gəldi. Mənlə söhbəti zamanı xahiş edib dedi ki, “gəl probleminin həll edilməsiylə bağlı bir ərizə yaz ki, bizə söz gəlməsin. Ondan sonra sənin evinin təmirinə köməklik edəcəyik, söz verirəm”. Mən oxuyub-yazmağı bilmirəm. Özü ərizə yazdı və mən də qol çəkdim. Ondan sonra həyətimə bir “Kamaz” çınqıl daş töküb getdilər. Ondan sonra kimsə bizimlə maraqlanmadı. Şəhid və qazi ailəsinə bu cür münasibət bəsləmək olarmı? Mən bu vətən uğrunda qardaşım oğlunu şəhid verdim, oğlum ayağını itirdi, bir bacım oğlu da hələ Xocavənddə xidmətini davam etdirir”.
“İcra hakimiyyətinin işçisi dedi ki, ərizəni geri götürsən, sənə köməklik edəcəyik” - Masallıda qazi atasını aldatdılar...