Tanınmış həkim, farmakoloq Müşfiq Hüseynov Azərbaycanda son günlər koronavirus xəstələrinin sayının artmasının səbəblərinə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, həkim karantin rejimini sərtləşdirmə bəhanəsi üçün yenə statistikaya müraciət edilməsini düzgün saymır:
“Yenə xəstə sayının artması əsas götürülür. Bizdəki statistikanın nə qədər düzgün olması isə şübhəlidir. Elementar misal, iki gün əvvəl test sayı 8500 idi, xəstə sayı 500. Dünən test sayı 10500 oldu, xəstə sayı 600-ə qalxdı. Bunu elə təqdim edirlər ki, sanki dünyanın sonu gəlib. Sabah 15000 test keçirdilsə, təbii ki, say 1000-1200 olacaq. Bu rəqəmlə oynamaqdan başqa bir şey deyil.
Mənim üçün Operativ Qərargahın məlumatı əsas deyil.
Əsas göstərici aptek və dərman şəbəkəsində artan tələbatdır. Çünki bizdə əhalinin çox böyük hissəsi evdə müalicə olunur. Hələ ki, apteklərdə belə bir ajiotaj yoxdur. Deməli, heç bir fəlakətli durum da yoxdur.
Qapanmağa gərək varmı? Əlbətttə yox! Bayram günlərində ictimai nəqliyyatın işləməməsi yetərlidir ki, vəziyyət idarə olunsun. Ay sonuna kimi SMS sisteminə keçiləcəksə, insanlar artıq burda başqa niyyət axtarmağa başlayacaq. Çünki bunun üçün heç bir səbəb yoxdur.
Pandemiya bizimlə il sonuna kimi bu və ya digər şəkildə gedəcək, bundan qaçış yoxdur. Onsuz da 1 ildir iqtisadiyyat iflic olub. Bunu il sonuna kimi uzatmağın nə mənası var? 10-12 gün ərzində üçüncü dalğa zirvəyə çıxacaq, o da bayram ərəfəsinə düşür, 7-8 gün tətil elan edilib ictimai nəqliyyatı tam dayandırmaq yetərlidir ki, vəziyyət stabilləşsin.
Ən azı gözəl bayramımız ərəfəsində insanları düşünün”.