Pandemiya yenidən alovlanır...

 

Adil Qeybulla: "Pandemiya başlayandan bu günə qədər biz ictimai nəqliyyatda vəziyyəti səhmana sala bilməmişik"

 

Son günlər Azərbaycanda pandemiya ilə bağlı durum dəyişməkdədir. Belə ki, son üç təqvim günündə ard-arda yoluxma statistikası neqativ mövqeyə keçib və bu tendensiya yüksələn xətlə inkişaf etməkdədir. Məsələn, 2 mart 2021-ci il tarixdə karonavirusa yoluxanların sayı sağalanların sayından 209 nəfər çoxdu. Bu son üç ay ərzində rekort göstəricidir.

Diqqətinizə çatdıraq ki, müharibədən sonrakı dövrdə pandemiyanın yenidən alovlanmasına səbəb kimi hökumət əhalinin şəhid dəfinlərində və qələbə şənliklərində toplaşmaları ilə izah etmişdi. Son üç ay ərzində buna bənzər heç bir hadisə baş verməyib, ümumi karantin rejimi qüvvədədir və Nazirlər Kabineti yanında Operativ Qərərgah karantin davranışlarından narazı görünmür. Çünki Operativ Qərərgah keçirdiyi son brifinqlərdə narahatlığa səbəb olan heç bir irad bildirməyib. Belədirsə pandemiya nədən güclənir?

Operativ Qərərgahın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirdilər ki, pandemiyanın səngiməsi ilə əlaqədar məktəblərin və iqtisadiyyatın bir çox sahələrinin açılması insanlar arasında təmasları da artırıb, təmaslar artdıqca da yoluxma sayı artır. Operativ Qərərgah sözçüsü onu da əlavə etdi ki, Azərbaycanda koronavirusun yeni ştampları (Britaniya və Afrika ştampları) hələlik qeydə alınmayıb, amma yoluxmanın artması birbaşa təmasların çoxalması ilə bağlıdır.

Professor Adil Qeybulla məsələyə münasibət bildirərkən dedi ki, hazırda bütün Avropada yoluxmaların sayı artmaqdadır, yalnız Britaniyada demək olar, pandemiya tam nəzarət altına alına bilib: "O cümlədən,  Azərbaycanda analoji tendensiya müşahidə olunur. Ölkəmizdə yeni ştampların olub-olmaması barədə rəsmi məlumat yoxdur, amma sosial həyatın müxtəlif sahələrində aktivlik artdıqca yoluxma sayı da artır. Məktəblər, kafe, restoran və digər sahələr açılıb, buna görə də yoluxma sayı artıb.  Bizim koronavirusa qarşı mübarizədə ən zəif yerimiz həm də ictimai nəqliyyatdır. Belə ki, pandemiya başlayandan bu günə qədər biz ictimai nəqliyyatda vəziyyəti səhmana sala bilməmişik. Avtobuslarda günün müəyyən saatlarında elə sərnişin sıxlığı yaşanır ki, infeksiyanın yayılmasına bundan əlverişli şərait yaradıla bilməz. Fikrimcə, hazırda hökumət bu məsələ üzərində düşünməlidir ki, sərnişin axınının seyrəlməsini təmin etsin".

Ekspertlərin bu tələbini isə hökumət, yalnız sərt karantin rejimi tətbiq etməklə reallaşdıra bilər. Bu da çox ciddi fəsadlara gətirib çıxara bilər. Belə ki, son zamanlar ölkədə intihar hallarının sayının artmasına səbəb olan amillər sırasında insanların evə qapadılması və gəlirlərinin azalması da mühüm fakt kimi önə çəkilir. Deməli, hökumət çıxış yolu kimi artıq sərt karantin rejimini seçə bilməz, çünki bu halda cəmiyyətdə intihar halları daha da arta  bilər. Başqa yol isə Bakı və ölkənin digər böyük şəhərlərində intensiv nəqliyyat axınının təşkil edilməsidir. Əslində, bu işə Bakıda 2007-ci ildə start verdilər - paytaxtda Nəqliyyatın İntellektual İdarə Edilməsi Sisteminin yaradılmasına başlanıldı. Bu iş üçün yüz milyon dollar vəsait ayrıldı, Koreyadan mütəxəssislər dəvət edildi. Lakin sistemi tam olaraq qurub normal fəaliyyət halına gətirə bilmədilər. Bu günə qədər də cəmiyyət bilmir ki, ayrılan yüz milyon dollar vəsaitin hansı hissəsi xərcləndi.

Qeyri-rəsmi mənbələrdən aldığımız məlumatlara görə, həmin vaxt koreyalı mütəxəssislər paytaxt Bakının mərkəzi küçələrinin 2-3 dəfə genişləndirilməsini təklif ediblər. Amma Azərbaycan hökumət yolları genişləndirmək əvəzinə körpü, keçid və tunellərin tikilməsi təklifi üzərində israr edib. Bunu da onunla izah ediblər ki, paytaxtın mərkəzi küçələrinin genişləndirilməsi üçün onlarla tarixi abidə hesab edilən bina sökülməlidir ki, bu da guya ölkənin tarixinə hörmətsizlik kimi anlaşıla bilər. Hökumətin israrından sonra koreyalı mütəxəssislər bir neçə ay araşdırma apararaq o qərara gəliblər ki, körpü, keçid və tunel tikintisi ilə nəzərdə tutulan layihəni həyata keçirmək mümkün deyil. Koreyalıları yola salandan sonra isə sözügedən layihəni keçmiş Nəqliyyat Nazirliyi həyata keçirməyə başlayıb. Nəticə isə artıq hamıya məlumdur.

Mütəxəssislərin fikrincə, hazırda ekspres marşrutları saxlamaqla, metronun fəaliyyətinin bərpa edilməsi, vəziyyətdən müəyyən qədər çıxmağa kömək edə bilər. Lakin A.Qeybulla bu xüsusda vurğuladı ki, metronun açılması vəziyyəti dəyişməyəcək, çünki metro tam qapalı məkandır, heç kim məsafə saxlamayacaq. Biz Avropa ölkələrinin xətti ilə, Ümumdünya Səhiyyə Təşkilatının drektivlərinə uyğun hərəkət etməliyik.  

 Züleyxa Ələkbərqızı

0.17546486854553