Türkiyə və Azərbaycan dövlətləri arasında olan tarixi dostluq, yüksək səviyyəli əməkdaşlıq illər keçdikcə daha da möhkəmlənir və Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fikrini hər an sübut edir. Burada hər iki dövlətin başçılarının əməyi və siyasi bacarığı da böyük rol oynayır. Ölkələrimiz arasında olan əlaqələrin bu şəkildə inkişafı təkcə dövlətlərin yox, eyni zamanda regionun da ümumi tərəqqisinə, sabitliyin qorunmasına təsir edir.
2020-ci il 27 sentyabr tarixindən 2-ci Qarabağ müharibəsi başladığı gündən etibarən də,Türkiyə dövlət və millət olaraq daima Azərbaycan xalqının yanında oldu. Bu haqq savaşında ən böyük dəstəkçimiz də Türkiyə oldu. Müharibənin ilk günündən Türkiyə prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır.
44 gün davam edən müharibədə də, bunu dönə-dönə sübut etdi. Bu addım eyni zamanda bir çoxları üçün mesaj oldu. Mesaj oldu ki, qarışmayın, müdaxilə etməyin. Türkiyənin Müdafiə nazirinin, Xarici işlər nazirinin və başqa yüksək vəzifəli rəsmilərin Azərbaycan haqq savaşını müdafiə etməsi bizə çox böyük siyasi və mənəvi dəstək oldu.
Türkiyə bugün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu amil də bölgənin sabitliyi üçün çox önəmlidir. Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis Azərbaycana ezam edilib və ordumuzun inkişafına öz tövhələrini verməkdə davam edirlər.
Türkiyə ilə maddi-texniki əməkdaşlığımız da davam edir. Türkiyədən müasir texnikaların gətirilməsi, düşməndən azad edilən Qarabağ ərazisində mina təmizləmə işini daha da asanlaşdıracaq. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı iki qardaş dövlət arasında heç bir fikir ayrılığı yoxdur.
Ümumiyyətlə, postmüharibə dövrü doğurdanda yeni imkanlar açır. Əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox böyük imkanlar yaradır.
Azərbaycan üçün streteji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl-bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərir.
Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin kefiyyətini də gördü. Bu artıq sirr deyil ki, Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə etdi və bununla da müharibədə çox böyük üstünlük qazandı.
Biz bir xalq, millət olaraq Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə, bir daha təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi - bizi birləşdirən həm tarixi köklər, mədəni əlaqələr, keçmişimiz, həm də bu günümüzdür!
Var olsun Azərbaycan və Türkiyə qardaşlığı!
Aqşin Əkbərov
Biləsuvar rayon Xırmandalı kənd 1 saylı tam orta məktəbin direktoru.