Beyləqan rayonu, şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri arasında “Xocalı Faciəsi”nin 29-cu ildönümü münasibətilə, onlayn formatda tədbir keçirilibr.
Tədbirin təşkilatçısı, həmin sinfin ibtidai sinif müəllimi Mətanət Mehdiyeva olub.
Öncə, Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunb.
Mətanət Mehdiyeva tədbiri giriş sözü ilə açaraq, “Xocalı Faciəsi”nin baş vermə səbəbləri, o dövrdə reallaşan ictimai-siyasi proseslərin mahiyyəti haqqında şagirdlərə geniş şəkildə izahat verib, o cümlədən, Xocalı şəhərində törədilmiş cinayətin əsas səbəbkarlarının Azərbaycanın o vaxtkı siyasi-hərbi rəhbərliyinin, erməni silahlı dəstələrinin və 366-cı motoatıcı alayın şəxsi heyətinin olması, mahiyyəti üzrə şagirdlərin diqqətinə çatdırmışdır.
Eləcə də, Qarabağda, həmçinin, Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirlərin vaxtında görülməməsi səbəbindən yaranan bu faciənin acı nəticələri barədə şagirdlərə ətraflı məlumat verilmişdir.
Qabaqcadan Xocalını gözləyən təhlükə barədə və nəhayət, baş verən məlum faciə haqqında yazılarla və foto faktlarla ilk olaraq mətbuat vasitəsi ilə, ictimaiyyəti məlumatlandıran xalqımızın qəhrəman övladı, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, cənab Şamil Sabiroğlunun apardığı haqlı mübarizənin mahiyyəti şagirdlərin nəzərinə çatdırıldı. Daha sonra, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun düşmən tərəf ilə apardığı danışıqların nəticəsində, ilk hərbi operator olan Seyidağa Mövsümlü və Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini hansı şəraitdə, necə çətinliklər qarşısında qalaraq lentə almasının mümkünlüyü şagirdlərə izah edildi.
Onlayn tədbirin gedişi zamanı Mətanət müəllimə tərəfindən xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operator kimi tanınan Seyidağa Mövsümlünün 1993-cü ilin əvvəllərində özünün çəkdiyi kadrlar əsasında ərsəyə gələn Xocalı soyqırımı haqqında ilk “Xocalı - əsrin faciəsi” adlı filminin erməni cəlladlarının xalqımıza qarşı törətdiyi cinayətin əsl həqiqəti əks etdirməsi barədə şagirdlərə müfəssəl məlumat verilib.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin, Seyidağa Mövsümlüdən iki gün sonra, fevral ayının 28-də həmin hadisələri özündə əks etdirən kadrları lentə almaqla, Ermənistanı bir dövlət olaraq bütün dünyada ciddi sarsıntıya məruz qoyması bir daha vurğulanıb.
Mətanət Mehdiyevanın rəhbərlik etdiyi 4-cü sinif şagirdləri arasında, həmçinin, “Xocalı Faciəsi”nin 29-cu ildönümü münasibətilə təşkil edilmiş onlayn şeir müsabiqəsi də keçirilib. Əsas məqsədi məktəblilər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi olan bu yarışmada fərqlənən şagirdlər: Vaqif Mehdizadə, Məhəmməd Mehdili, Şəfiqə Aslanlı, İdris Allahverdiyev, Zərifə Həsənli, Şəhanə Baxışova, Nərgiz Əlizadə, Həmid Şirinov, Səadət Nəsirli, Dəniz Vəliyev, Maşallah Qədirli, Türkay Xankişiyeva, Ramal Dəmirov, Nurcan Şabanlı və digərləri tədbirin sonunda diplom və həvəsləndirici mükafatlara layiq görülüblər.
Bununla da, şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri arasında “Xocalı Faciəsi”nin 29-cu ildönümü münasibətilə onlayn formatda təşkil edilmiş tədbirə yekun vurulub.
Sabit Mehdiyev,
YAP Beyləqan rayon
təşkilatında məsləhətçi,
Azərbaycan Respublikası
"Şəhid Ailələrinə Qayğı"
Cəmiyyətinin Beyləqan
rayon şöbəsinin sədri.