Qurban Qurbanov “Qarabağ”dan gedir? - Müsahibə

 

Axar.az Futbol üzrə Milli Komandamızın baş məşqçisi Qurban Qurbanovun jurnalistlərlə müsahibəsini təqdim edir:

- İlk yoxlama görüşü Gürcüstanla olacaq. Bu simvolikdir, yoxsa təsadüf? Çünki Azərbyacan yığması ilk dəfə 1992-ci ildə elə Gürcüstana qarşı oynamışdı.

- İlk yoxlama görüşümüz Gürcüstanla razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq. Yoldaşlıq oyunlarının bir neçə dəfə olmasını çox istəyirik.

- Millətlər Liqasına kimi neçə yoxlama görüşü nəzərdə tutulub?

- Mart və may ayına toplanış planlaşdırılıb. Komanda tapmaq çətindir. Çalışacağıq ki, oyunların sayı çox olsun.

- Siz də milliləşdirmə siyasətini davam etdirəcəksiniz?

- Futbolda mütləq ən yaxşısını axtarmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik. “Qarabağ”da 4 müdafiəçim ciddi zədələr aldı. Məndə legionerlərin olmasına baxmayaraq, böyük çətinliklər yaşadım. Ona görə də sırf milli futbolçularla iş görmək mümkün deyil. Bunun gələcəkdə həyata keçməsi üçün uşaq futbolunun inkişafına diqqət ayırmaq lazımdır.

- Millilərin məşqçilərini məsləhət görərkən hansı keyfiyyətlərə önəm verdiniz?

- Bu mövzuda çətinliklərimiz oldu. Rəşad Sadıqov mənim futbol fəlsəfəmi yaxşı bilir. Ona görə də ona güvənim var. Gənclərə üstünlük verməyimizin səbəbi odur ki, hər birinin potensialını bilirik. Onların hər biri bu yaxınlarda PRO kateqoriyasını alacaq. Zaur Həşimov mənim yanımda çox olub. Vüqar Məmmədin isə millilərdə illərin təcrübəsi var.

- Millinin əvvəlki heyətində nə kimi dəyişiklik olacaq?

- Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Çünki oyun tərzimizi rəqibin kimliyindən asılı olaraq qururuq. Burada oyunçuların tipinə görə qərar veririk. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Əlavə olaraq, köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər.

- U-16-nın baş məşqçisi nə vaxt bilinəcək?

- Hələ vaxtımız var. U-16-nın futbolçularını U-17-yə cəlb edəcəyik. Bu gün 21, 19 və 17 yaşlılar vacibdir. 18 və 16 yaşlılar üçün vaxtımız var. Ola bilər ki, maya kimi belə qalsın.

- Milliləşdirmə ilə bağlı problemlər var. Nəticənin vacibliyini nəzərə alaraq, öz prinsiplərinizdən müəyyən dərəcədə çəkilə bilərsinizmi?

- Çox istərdim ki, azərbaycanlı futbolçular yuxarı səviyyəyə qalxsın. Onların inkişafı çox önəmlidir. Mən “Qarabağ”a gələndə yeganə əcnəbi Admir Teli idi. Getdikcə legionerlər cəlb etdik. Sırf yerlilərlə oynasaydım, bəlkə də, mənə hörmətiniz daha çox olacaqdı. Amma hansısa mövqedə problem varsa, bunu düzəltmək vacibdir. Məsələn, “Qarabağ”da dörd müdafiəçimiz zədəli idi. Bizdə hələ legioner var, bu problemlə üzləşirik. Düşünürəm ki, qərarımı normal qarşılayacaqsınız. Çox istəyərəm ki, azərbaycanlı futbolçularla birlikdə uğur əldə edək. Amma biz ölkəmizi təmsil edirik. Lazım olduğu qədər bütün mövqelərdə sağlam rəqabətə çalışacağıq.

- AFFA rəhbərliyi sizdən nə tələb edib və sizin vədiniz nə olub?

- Mənim prinsipim əlimə düşən şansdan yararlanmaqdır. Millətlər Liqasından çıxmaq şansımız varsa, bundan yararlanmağa çalışacağıq. Milli komandalarda hər şeyin pillə-pillə getməsini istəyirik. Aşağı yaş qrupunda oyunçuları elə hazırlamalıyıq ki, onlar stabil qalsınlar. Futbolçuların valideynləri bu gün onlara çox mane olurlar. Tanıdığım belə oyunçular çoxdur. Biz hətta valideynləri də düzgün formalaşdırmalıyıq. “Çelsi”nin akademiyasında oldum. Onların ən böyük problemi valideynlərlə bağlı idi. Onlarla ayrıca görüşlər keçirirlər. Uşaqla yanaşı, onun valideyni, ətrafı da komandanı sevməlidir. Bizim məqsədimiz yaxşı futbolçu ilə yanaşı, yaxşı şəxsiyyət yetişdirməkdir. Uşağın insani keyfiyyətlərini düzəltməsək, heç vaxt yaxşı futbolçu olmayacaq.

- Deyilənə görə, əsas şərtlərinizdən biri o olub ki, Premyer liqada komandaların sayı artırılsın. Ancaq Rövnəq Abdullayevin dediklərindən belə çıxır ki, yenə 8 komanda olacaq.

- Xeyr, belə demədi. O, əvvəlki mövsümlərdən danışdı. Mən də komandaların sayının artmasını istəyirəm. Amma komandalar çempionatı yarımçıq tərk edəcəksə, I divizionda oyun alveri gedəcəksə, elə olmasa yaxşıdır.

- Millətlər Liqasında Ermənistan qrupdan lider çıxsa, onların yığması ilə qarşılaşa bilərik. Buna münasibətiniz necədir?

- İstəməzdik ki, düşmən ölkə ilə üz-üzə gələk. Məncə, onlarla yalnız finalda düşə bilərik. Rəqibin kimliyindən asılı olmayaraq, bundan istifadə etməyə çalışacağıq.

- Milliyə gəldikdən sonra “Qarabağ”ın oyun sistemində hansısa dəyişiklik olacaqmı?

- “Qarabağ” mənim öz komandamdır, daim bir yerdə oluruq. Millidə isə 4-5 dəfə toplaşırıq. Ümumi tələblər eyni olacaq. Dəyişiklik rəqiblərin kimliyinə görə ediləcək. “Qarabağ”la hələ il yarımlıq müqaviləm var. Biz bu məsələ ilə bağlı hələ müzakirə aparmamışıq. Hər iki yerdə işləmək çox çətindir. Amma bu etimadı doğrultmağa çalışmalıyam.

 

0.18693208694458