Borçalının indiki zəif
inkişafı ilə barışmaq olmaz

 

Azərbaycanlıların təhsil aldıqları siniflər
ermənilərə nisbətən çox bərbaddır

 

Borçalı Gürcüstan ərazisinin aborigen xalqlarından olan Azərbaycan türklərinin yaşadığı tarixi diyar olaraq tanınır. Müasir Gürcüstanın Cənub-Şərq bölgəsində yaşayan qarapapaq türklərinin tarixinə nəzər salsaq, bu ərazidə eramızdan əvvəl qarapapaq türklərin, qıpçaqların, sakların, görgərlər kimi müxtəlif türkdilli tayfaların yaşaması ilə tanış olarıq.

Bunu təkcə kənar mənbələr deyil, gürcü mənbələri də inkar etmir. Zamanla bu tayfalar inkişaf edərək bu ərazilərdə mövqelərini daha da gücləndirmişlər.

Hələ XV-XVI əsrlərdə Gürcüstana Azərbaycan türklərinin köçü davam etmiş, hazırda Borçalının dağətəyi və dağlıq bölgələrində mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlib və inkişaf edib. Xüsusən də XVII əsrin ilk yarısında I Şah Abbasın təşəbbüsü ilə Kartli və Kaxeti çarlığı ərazisinə Azərbaycan türklərinin, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi nəticəsində Azərbaycan türklərinin sayı burada daha da artıb.

Azərbaycan türkləri bu gün əsasən Borçalı ərazisində, Marnauli (Sarvan), Qardabani (Qarayazı) Dmanisi (Başkeçid), Bolinisi (Bolus) bölgələrində yaşayırlar. Bununla yanaşı, Acaristan MR-də, Rustavi və Tiflis şəhərlərində kompakt şəkildə yaşayan Azərbaycan türkləri də az deyil.

1989-cu ildə SSRİ-nin dağılmağa başladığı dövrdə Azərbaycan türklərinin kütləvi şəkildə Ermənistan ərazilərindən çıxarılmaları, Gürcüstanda yaşayan Azərbaycan türklərinin də həyatına mənfi təsir göstərdi. Bu zaman ermənilərin sıx yaşadığı ərazilərdə Azərbaycan türklərinin yaşadığı kəndlərə ardıcıl hücumları nəticəsində 1989-cu ildə Bolinisidən (Bolus) kütləvi köçürülmələr oldu. Bu gün bir çox Azərbaycan türklərinin qədim yurd yerlərinin adlarının gürcüləşdirilməsi də, bu hadisələrin nəticəsidir. Bolus-Bolinisi, Sarvan-Marnauli, Qarayazı-Qardabani, Başkeçid -Dmanisi, Barmaqsız-Tsalka, Ağbulaq-Tetriçkaro, Qaraçöp-Saqareco, Xəzəryurdu-Kaspi, Qara El -Kareli, Telav-Telavi, Səfiabad-Qori, Qaval-Laqodexi, Sığnaq-Siqnaxi, Bəytaxtı-Xaşuri, Tiflis-Tbilisi, Bostandərə-Rustavi Azərbaycan türklərinə məxsus olan adlar gürcü adları ilə əvəzlənib.

Hazirda Gürcüstanda yaşayan Azərbaycan türklərinin sayı rəsmi rəqəmlərdən iki dəfədən də az qeyd olunaraq, təxminən 233 min nəfər göstərilib. Ötən əsrin 90-cı illərin əvvəllərindən etibarən Gürcüstanda sosial vəziyyətin çətinliyi üzündən Azərbaycan türklərinin əksəriyyəti Gürcüstanı tərk etmək məcburiyyətində qalıblar. Bu isə Gürcü-standa Azərbaycan türklərinin sayının xeyli azalmasına səbəb olub. Lakin bu gün artıq vəziyyət xeyli müsbətə dəyişib. Soydaşlarımızın yaşadığı hər bir kənddə ən az bir məktəb təaliyyət göstərir. Bu müsbət dəyişiklik təhsildə daha aydın görünür.

Məktəblərdə təhsil alan Azərbaycan türkləri Azərbaycan dili ilə yanaşı, Gürcüstanın dövlət dili olan gürcü dilini də öyrənir. Bu da, əhalinin gələcəkdə işə düzəlməsinin qarşısını kəsən problemləri həll etməkdə önəmli rol oynayır. Lakin bununla yanaşı, Azərbaycan türkləri ilə bağlı baş verən bəzi xoşagəlməz hadisələr də az deyil.

Marneulinin Ermənistanla sərhəd olan Xocornu kəndində ermənilərlə azərbaycanlılar birgə yaşayırlar.

Bu kənddə mövcud olan məktəbdə 14 nəfər Azərbaycan türkü və 127 erməni şagird təhsil alır. Xoşagəlməz hal bundan ibarətdir ki, məktəbin adı və azərbaycanlıların təhsil aldığı bölmənin adı erməni dilində yazılıb. Eyni zamanda şəkilləri şərəf lövhəsində olan azərbaycanlı şagirdlərin də adı erməni

dilində yazılıb. Ən azı, dövlət dili gürcü dili olduğu halda, məktəbin adının erməni dilində yazılması ciddi qanun pozuntusudur, ona görə də pisniyyət ermənilərin bu qanunsuz hərəkətinə hüquqi qiymət verilməli və günahkarlar cəzalandırılmalı olduğu halda, cavabdeh dövlət nüma-yəndələri hələ də bu biabırçılıq barədə susurlar. Bu susuqunluq xeyli düşündürücüdür. Həmçinin, məktəbdə digər bölmədə Azərbaycan türkləri təhsil aldığı üçün təbii ki, buradakı yazılar da Azərbaycan dilində yazılmalıdır.

Lakin çox acınacaqlı haldır ki, bu bölmənin də adı erməni dilində yazılıb! Məncə, bunu tək Gürcüstan məmurlarının yanlışlığı kimi qeyd etməklə kifayətlənmək olmaz, eyni zamanda, bunun ən böyük günahının həm də orada fəaliyyət göstərən Azərbaycan diasporasının üzərinə düşdüyü də qeyd edilməlidir.

Başqa bir xoşagəlməz hal ondan ibarətdir ki, bu gün ermənilərin və azərbaycanlıların bir yerdə təhsil aldığı məktəbdə Ermənistan dövləti öz millətindən olan şagirdlərin təhsil aldıqları sinif otaqlarını təmir etdirdiyi halda, azərbaycanlı şagirdlərin təhsil aldığı sinif otaqları həddən ziyadə bərbad vəziyyətdədir! Bu, bir daha təsdiq edir ki, məsuliyyətsizlik və laqeydlik özümüzdədir.

SOCAR-ın rəhbəri Rövnəq Abdullayevin hətta Gürcüstandakı erməni kilsəsinə pulsuz qaz verməyi vacib humanizm nümunəsi kimi qələmə verdiyi zamanda belə, Azərbaycan türklərinin ermənilərlə bərabər təhsil aldığı məktəbin azərbaycanlılara aid sinif otaqlarının bərbad vəziyyətdə olması, bundan tam fərqli olaraq, erməni uşaqlarının təhsil aldıqları sinif otaqlarının isə Ermənistan tərəfindən diqqətdə saxlanıb, yüksək səviyyədə təmir edilməsi, Azərbaycan dövlətinə edilən açıqca həqarətdir!..

İstər siyasi, istərsə də iqtisadi sahədə Azərbaycanla Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğu indiki həssas məqamda bu cür vacib məsələlərin unudulması və arxa plana atılması qəti yolverilməzdir. Məlumdur ki, Azərbaycanın builki ən böyük nailiyyətlərindən biri də, Bakı-Tbilisi-Qars dəmir yolunun nəzərdə tutulan vaxtda uğurla istifadəyə verilməsidir. Bundan bir neçə il əvvəl işə salınan Bakı-Tiflis-Ceyhan neft boru kəməri də, hər iki ölkəni birləşdirən həyat mənbələrindən biri hesab olunur.

Belə bir dostluq və qarşılıqlı anlaşma şəraitində əldə olunan bu uğurların heç şübhəsiz, Gürcüstanda yaşayan həmvətənlərimizin sosial-iqtisadi durumunun bir qədər də yaxşılaşmasına və möhkəmlənməsinə öz müsbət təsirini göstərəcəyinə ümid edirik.

0.12916898727417