Alman və hollandiyalı tədqiqatçıların hesablamalarına görə, Xəzər dənizində suyun səviyyəsi 9-18 metr aşağı düşə bilər.
Demokratikmusavat.com xəbər verir ki, “Communications Earth & Environment” jurnalında elm adamları vəziyyətin bu cür inkişafının qarşını almaq üçün çağırışlar ediblər. Məqalədə deyilir ki, ”Xəzər böhranı – batan dəniz səviyyələri bioloji müxtəlifliyi, iqtisadiyyatı və regional sabitliyi təhdid edir. Praktik cəhətdən Xəzər dənizi qapalı su hövzəsidir. Planetin ən böyük gölüdür (371.000 km2) və olduqca duzludur. Bununla birlikdə dünyanın ən böyük gölü hər il kiçilir. 1990-cı illərdən bəri onun səviyyəsi bir neçə santimetr azalıb. Gisenski və Bremen Universitetlərinin alimləri, hollandiyalı geoloq Frank Vesselinqlə birlikdə enişin yaxın onilliklərdə sürətlənəcəyini bildiriblər. “Təsəvvür edin ki, Şimal dənizində suyun səviyyəsi iki-üç metr aşağı düşsə, Rotterdam, Hamburq və London kimi limanlara giriş necə çətin olacaq. Bundan həm balıqçılıq gəmiləri, həm də konteyner nəhəngləri əziyyət çəkəcək və bütün Şimal dənizi ölkələri böyük bir çətinliklə üzləşər. Xəzər dənizi ilə bağlı ən azı 9 metr enmədən danışırıq, bu ən yaxşısı ehtimaldır. Ən pis halda düşmə 18 metr ola bilər. Bu isə Xəzər dənizi sahəsinin üçdə birindən çoxunun itirilməsi deməkdir”.
“Communications Earth & Environment” jurnalına müsahibə verən üç elm adamı Xəzərdə buxarlanmanın artması və qışda buzlaşmanın olmaması ilə suyun səviyyəsinin kəskin düşəcəyi ilə bağlı həyacan təbili çalırlar. Bu bölgədəki bənzərsiz ekosistemlərə çox pis təsir edəcək:- köçəri quşlar, nərə balığı və nəsillərini Xəzərin şimal hissəsindəki buzlarda artıran endemik Xəzər növləri bundan ciddi zərər görəcək. Bunun nəticələri dənizdə və ona axan çaylarda yaşayan milyonlarla insan üçün sadəcə dəhşət ola bilər.
Nəticədə Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan yeni bir problemin ortasına düşə bilər. İqtisadi əlaqələr, yük daşımalar və ekoloji mühit bundan ciddi zərər görə bilər. Vesselinq və alman həmkarları bu problemin həllini əlaqələndirmək üçün BMT-nin Ətraf Mühit Proqramının rəhbərliyini beynəlxalq işçi qrupu yaratmağa çağırırlar. Tədqiqatçılar itirilmiş qiymətli vaxtın əvəzini çıxarmaq üçün təcili və koordinasiyalı fəaliyyətə başlamağın vacibliyinə ehtiyac olduğunu vurğulayırlar.
KONKRET.az