Qazi ailəsindən “Dünya məktəbi”nə təşəkkür

 

Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya məktəbi”nin 5 b sinif şagirdi Yunis Abbasovun valideyni Abbasova Elnarə Pənah qızı övladının təhsil aldığı məktəbə müraciət edib.

Müraciətdə deyilir: Hörmətli “Dünya Məktəbi! Təhsilin keyfiyyəti mövzusu bütün zamanlarda aktual olub. Tarix boyu bütün ağıllı insanlar öz övladlarına daha bilikli, bacarıqlı müəllimlərin təhsil verməsinə can atıblar və bu, indi də belədir. Yəni övladlarımızın təhsilinə qoyulan kapital gələcəyə hesablanmış ən səmərəli yatırım hesab olunur.Lakin nəzərə alaq ki, hər valideyn bu kapitala sahib deyil. Mənim həyat yoldaşım II qrup Qarabağ Müharibəsi əlilidir. Özüm isə tam orta məktəbdə müəlliməyəm.Təbii ki, ailəmizin maddi durumu hansısa özəl məktəbin maddi ödənişini etmək iqtidarında deyil. Mən “Dünya” məktəbinə üz tutaraq övladımı bu məktəbdə oxutmaq istədiyimi, lakin maddi imkanımın tam ödəniş etməyə yetmədiyini söylədim. Məktəbin müdiriyyəti və işçi heyəti çox böyük anlayış və hörmət hissi ilə ailə vəziyyətimizi nəzərə alaraq övladımızı güzəştli şərtlərlə məktəbə qəbul etdi. Beləliklə, övladımın təhsilini 2019-cu ilin yanvar ayından “Dünya” məktəbinə etibar etdim və heç də peşman deyiləm. Övladım 2019-2020 –ci tədris ilini əla qiymətlərlə bitirdi. Belə yüksək səviyyədə təhsil verən məktəbi əla qiymətlərlə başa vurması məni qürurlandırdı. Lakin qeyd etməliyəm ki, bu müvəffəqiyyətin arxasında “Dünya” məktəbinin rəhbərliyi və müəllim kollektivi dayanır ki, onların əməyi danılmazdır. Qeyd etmək istəyirəm ki, məlum Covid-19 pandemiyası ilə bağlı məktəblər bağlandığı ilk həftədən məktəb dərhal və operativ qərar verərək Microsoft Teams proqramı ilə distant təhsilə başladı, müəllim və şagirdlər qısa müddətdə İKT biliklərinə yiyələnərək böyük nailiyyətlər əldə etdilər, ən əsası təhsildən geri qalma olmadı və tədris ili yüksək səviyyədə sona çatdırıldı. Lakin son günlər bir qrup valideyn tərəfindən ödənişlərə güzəştlə bağlı sosial şəbəkələrdə yayılmış ittiham və hökumət nümayəndələrinə ünvanlanmış məktubla bağlı təəssüf hissimi və narazılığımı bildirmək istəyirəm. Belə situasiyalarda hər zaman Maqsud İbrahimbəyovun “Bütün yaxşılıqlara görə ölüm” əsəri yadıma düşür. Fikrimcə, insanlığın panika və stress xaosunda çalxalandığı bir dövrdə “ Dünya” məktəbinin bir gün belə itirmədən təhsil, təlim və tərbiyəsini vicdan və tam məsuliyyət ilə davam etdirərək yüksək nəticələr əldə etməsi ilə bu valideynlərin reaksiyası tamamilə əks mütənasibdir və yolverilməzdir. Matqarit Tetçerin çox maraqlı bir aforizmi var: ”Heç zaman sizə ünvanlanan qınaqlara əhəmiyyət verməyin. Belə ki, suyun üzərində gəzməyi bacarsanız belə ,inanın ki “Ona baxın, üzməyi də bacarmır”,-deyənlər mütləq tapılacaq” Düşünürəm ki,insanlar fərqli olduğu kimi ,düşüncə tərzləri və baxış bucaqları da fərqlidir. Bir qrup insanın fikri “Dünya” məktəbinin imicinə xələl gətirə bilməz və “məktəbin güzgüsü “ sayılan məzunları buna əyani sübutdur. Mən bir valideyn olaraq sona qədər “Dünya” məktəbinin və əzmkar kollektivinin yanındayam və hər cür dəstək olmağa hazıram”.

0.15756702423096