Yanğınların nədən baş verdiyini insanların hamısı bilir. Yəni səbəb bəllidir. Əsasən qısaqapanmadan, məsuliyyətsiz davranışlardan baş verən belə hadisələrdən tam sığortalanmaq mümkün deyil. Ən azından, zərərçəkənlərin hamısının əmlak və s. sığortası yoxdur. Eyni zamanda, qeyd etdiyimiz davranışlardan və digər səbəblərdən bu kimi hadisələrdən qaçmaq da mümkün olmur. O mənada, yanğınlar hər yerdə və hər zaman qaçılmazdır, vaxt varkən sığortalanmaq kimi həllini gözləyən problemi həyata keçirməyə tələsmək, eləcə də fərdi və ictimai əmlakla bağlı ən adi tələbləri diqqətdə saxlamaq vacibdir.
Deməli, yanğınların sadə səbəblərinə qısaca nəzər yetirdik. Lakin bütün məsələlərdə ikinci tərəf mütləq iştirak edir, o baxımdan, səbəbin doğurduğu nəticəyə hesablanan məqsədin nədən ibarət olduğunu aydınlaşdırmaq istərdik.
Baş verən bütün fövqəladə hadisələrin texnogen mahiyyətinə nəzər salanda, orada mütləq insan amilinin olduğu üzə çıxır. Bu amil istər hadisələrin baş verməsində hərəkətverici qüvvə, istərsə də, zərərçəkmiş qismində üzə çıxır. Çox az hallarda, bəlkə də heç ümumiyyətlə, insan hərəkəti olmayan hadisə yoxdur. Qəsdən, bilərəkdən, yaxud da, əksinə, anlamazlıqdan, məsuliyyətsizlikdən, təsadüfən baş versə də, bütün hadisələrdə insan əli var. Maraqlıdır, belə hadisələrin baş verməsində günahkar da, ondan zərərçəkən də, ən sonda, hadisələrin fəsadlarının aradan qaldırılmasında da başlıca sima insan övladıdır...
...Arxada qoyduğumuz həftə yanğınlarla yadda qaldı. Hərçənd, bu kimi hadisələr ilk dəfə də deyil. Belə hadisələrin sonuncu olacağını arzulasaq da, fəqət bütün arzuların birmənalı şəkildə həyata keçməsindən ibarət “möcüzələr ölkəsi”ndə yaşamırıq. Bizdə istənilən adda, hal-xasiyyətdə, xarakterdə və ən nəhayət, görmək istəmədiyimiz, təsəvvür etmədiyimiz simada, cilddə də adamlar görmək mümkündür. Bu qədər “zəngin”liyin içində hər həftə nədir, az qala hər gün fövqəladə və texnogen qəzalarla, yanğınlarla rastlaşmaq tam mümkündür. Bugünə qədərki yanğın hadisələrinin konkret ünvanını, adını yazmaq istəməzdik, bu, ən azı həmin hadisələrdə külli şəkildə maddi-mənəvi, fiziki zərər çəkmiş insanların acılarını yada salmaq, dərdlərini təzələmək baxımından, yerinə düşməz. Lakin sözügedən hadisələri birmənalı şəkildə unutmaq da mümkün deyil, çünki yalan olmasın, addımbaşı hardasa yanğın baş verir və diqqət ona yönəlir. Daha sonra, belə hadisələrin başvermə səbəbləri, onun törədilməsində məqsəd və məramın nədən ibarət olması boşuna buraxılanda, nəticənin necə olacağını təsəvvür etmək heç də çətin deyil.
Asan olan heç nə yoxdur bu dünyada. Elə yanğını törətmək də asan deyil. Onun üçün hamının töhmətinə tuş gəlib məsuliyyətsiz davranış yiyəsi olmaq, bu ağırlığı daşımaq, yaxud, məkrli bir məqsəd və niyyət, yaxud da, tam əksinə, ədalətin həllini bu formada həyata keçirmək gərəkir. İstənilən halda, qeyd etdiyimiz addımların daşıyıcısı olmaq, təkrar edirəm, heç də asan məsələ deyil. Amma insan övladı hansı niyyəti əsas tutursa-tutsun, onun əməlindən baş verən belə hadisələrin nəticəsini görmək çətindən-çətindir.
Yanğın nəticəsində qapqara qaralan daş-divar, sıradan çıxan mal-mülk, onlarla müqayisədə daha ağır gələn bir məqam - insanın öz həmcinsinə inamının itməsi adına insan deyilən varlıq üçün arzuolunan mənzərə deyil. Və bu mənada, son illər sayı artan yanğınlar nə dosta, nə də düşmənə rəva görüləsi hadisədir.
Kökündə hansı səbəbin, məqsəd və niyyətin dayandığından asılı olmayaraq, bu xoşagəlməz hadisəni insana, insan övladına yaraşdırmaq istəməzdik. Fərqi yoxdur onu törətmək hansı məqsəd daşıyır, mahiyyətində ədalət və ya, əks prinsipin olmasına rəğmən, bir-birinə qənim kəsilən insan üçün axır nəticə acınacaqlıdır. Onu da kiməsə arzulamaq heç xoşagələn deyil. Yox, əgər yanğın yaratmaq kiməsə xoşdursa, ona bircə arzumuz var - nəfsinizi yandırın!
Nigar Vaqifqızı