Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər

 

Heydər Əliyev: "Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir"

 Gömrük xidməti dövlətin meydana gəlməsi dövründə yaranan ən qədim sahələrdən biridir. Gömrük hər bir dövlətin iqtisadi sərhədlərini qoruyan xidmət növüdür. Gömrük xidmətini həm də daxili bazarın qorunması və iqtisadiyyatın nizamlanması aləti kimi də qiymətləndirmək olar. Məsələn, ölkə daxilində yerli tələbatı ödəyəcək həcmdə hər hansı bir məhsul istehsal edilirsə, o zaman hökumət, məhz gömrük xidməti vasitəsi ilə həmin məhsulun xarici analoqunun ölkəyə idxalını ya məhdudlaşdırır (kvota), ya da qadağan edir (embarqo). Bununla yanaşı gömrük xidmətini həm də iqtisadiyyatın hüquq-mühafizə orqanı kimi də xarakterizə edirlər. Çünki sərhəddən idxalı və ixracı qadağan olan mal və məhsulların keçirilməsinə nəzarət - qaçaqmalçılığa qarşı mübarizə işi də gömrük xidmətinin səlahiyyətlərinə daxildir.

Bir maraqlı məqamı diqqətə çatdıraq ki, rus dilində "gömrük" ("tamojnya") sözü türkcə (qazax, tatar) "tamqa" (bizim dildə damğa) sözündən yaranıb ki, bu da Orta Asiyanın köçəri xalqlarının türkcəsində əmlaka tanınma üçün qoyulan nişanədir. Qədim Rusiyada, Qızıl Orda dövründə tamqa ticarət vəzifəsi olub. Türk köçəri tayfaları arasında tamqalar, əsasən mal-qaraya (atlara) və müxtəlif dəyərli əşyalara vurulurdu.

Müasir mərhələdə gömrük, malların və nəqliyyat vasitələrinin, əşyaların və digər məhsulların sərhəddən keçirilməsi qaydalarının tətbiqinə, ödənişlərinin toplanmasına nəzarəti rəsmiləşdirən dövlət orqanıdır.

 Şəffaf gömrük təhlükəsiz və çevik iqtisadiyyatın əsas amillərindən biridir

 Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində oxuyuruq:

- Xarici iqtisadi fəaliyyətinizlə və gömrük prosedurları ilə bağlı problemlərinizi Komitə səviyyəsində həll edilməsi zəruriyyəti yarandığı halda, Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevlə birbaşa əlaqə yarada bilərsiniz.

- Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. DGK-nın rəsmi internet səhifəsi hər bir vətəndaşa məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

Bütün bunlar DGK ilə qiyabi tanış olan hər kəsdə gömrük şəffaflığı barədə tam əminlik yaradır. Son illər gömrük orqanlarında aparılan islahatlar həm gömrük-keçid məntəqələrində insanların, həm də yüklərin keçid qaydalarını sadələşdirib, sənədləşməyə sərf edilən müddət qısaldılıb. Gömrük- keçid məntəqələrində ödənilən vergi və rüsumların hamısı vətəndaşlar və sahibkarlar tərəfindən elektron qaydada həyata keçirilir. Bu islahatlar iqtisadi təhlükəsizliyi təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına da mühüm töhfələr verir. Gömrük orqanları artıq sahibkarlara rusum və vergi ödəyicisi kimi deyil, faydalı tərəfdaş kimi baxır. Bunu gömrük orqanlarının fəaliyyətində yeni fəlsəfə kimi qiymətləndirmək olar.

DGK-də həyata keçirilən yenliklərdən biri də onun mətbuat orqanları ilə sıx əlaqələr qurması, tətbiq edilən yeniliklərə əyani şahidlik imkanlarının yaradılmasıdır. Belə ki, ötən il bir neçə dəfə müxtəlif gömrük-keçid məntəqələrinə media turlar təşkil edilib. Komitə sədri Səfər Mehdiyev gömrük-sərhəd keçid məntəqələrinə təşkil edilən mediaturlar çərçivəsində fiziki şəxslərin sərhəddə keçid tezliyinin təmin olunması, idxal və ixrac olunan mal və nəqliyyat vasitələrinin qeydiyyatı, ölkəmizə gələn və ölkədən gedən turistlərin "Yaşıl dəhliz" və digər keçid zolaqlarından istifadə etməklə gömrük qanunvericiliyinə əməl olunması proseslərinin əyani şəkildə nümayiş etdirildiyini, bunun da ictimai nəzarətin nümunəsi olduğunu vurğulayıb.

Hazırda gömrük strukturlarının Avropa standartlarına uyğunlaşdırılması, hüquqi və fiziki şəxslərə yeni idarəetmə prinsipləri ilə gömrük xidmətinin göstərilməsi prosesi davam edir. Struktur islahatları, uğurlu kadır seçimi, daha bacarıqlı, mütərəqqi intellektli və peşəkar kadrların təyinatı idarəetmənin çevikliyini, hüquqi və fiziki şəxslərlə ünsiyyətdə gömrük xidmətinin çevikliyini təmin edir.

Gömrük nəzarətinin təşkili sahəsində aparılan islahatlar biznes subyektlərinin - əsasən də kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar verib. Qanunvericiliyə uyğun olaraq kiçik və orta biznes subyektləri üzrə vergi və rüsum yükü azaldılıb. Bu da sahibkarların mənfətinin artmasına səbəb olmaqla yanaşı, həm də bu sektorun inkişafına öz töhfəsini verəcək.

 "Yaşıl Dəhliz" - dünyaya açılan manesiz keçiddir

 Bu ilin əvvəlindən tətbiq olunan "Yaşıl Dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən, təhlükə riskləri aşağı olan xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaradıb. Bu könüllü riayət mədəniyyətini formalaşdırmaq, gömrük qaydalarının daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, məmur-sahibkar münasibətlərini virtuallaşdırılmaq məqsədi daşıyır.

"Yaşıl Dəhliz" buraxılış sisteminin imkanlarından yararlanan sahibkarlar mal və nəqliyyat vasitələrini gömrük ərazisinə gətirənədək birbaşa öz ofislərindən qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə gətirdikləri mal və nəqliyyat vasitələrini birbaşa anbarlarına apara bilərlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli həyata keçirilməsinə imkan verir.

Hazırda DGK-də 60-dan çox iqtisadi operatorla "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə icazələrin verilməsi təmin olunub. Bu buraxılış sistemi üzərindən həm Türkiyə, Gürcüstan, Ukrayna və İran ilə bağlanan sazişlər nəticəsində əldə olunan, həm də  gömrük əməliyyatlarını elektron formada həyata keçirən sahibkarların mal və nəqliyyat vasitələrinin gömrük ərazisinə yoxlanılmadan buraxılışı həyata keçirilir. Bu da, öz növbəsində, kiçik və orta sahibkarlar tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinə sərf olunan vaxt və xərclərin minimuma endirilməsinə şərait yaradır.

"Yaşıl dəhliz" sistemi bizim gözlədiyimizdən də yaxşı nəticələr verir. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu sistem üzrə ümumi ticarət dövriyyəsi artıq 6,4 mlrd. ABŞ dollarını keçib: "Yaşıl dəhliz" sisteminin kifayət qədər üstün cəhətləri var. Bu sistem vasitəsilə heç bir növbə gözləmədən yükləri anbara daşımaq olur. Hesab edirəm ki, gələn il "Yaşıl dəhliz" iştirakçılarının sayı daha da artacaq".

 Azərbaycan Avropanın bir hissəsinə çevrilməkdədir

 Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2017-ci il tarixli Sərəncamına əsasən, ölkəmizə Avropa Azad Ticarət Assosiasiyasının Birgə Komitəsinin işçi qruplarında qeyri-formal müşahidəçi statusu verilib. Yaxın gələcəkdə ölkəmizin Avropa ticarət konvensiyalarına qoşulcağı gözlənilir. Avropda Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi respublikamızın ərazisindən keçən beynəlxalq gömrük tranziti qaydaları ilə daşınan malların həcminin artırılmasına səbəb olacaq ki, bu da ölkəmizə valyuta gətirən mənbələrdən birinə çevriləcək.

Gömrük sistemində gözlənilən son dəyişikliklər Azərbaycan iqtisadiyyatının tam olaraq Avropa iqtisadi məkanının bir hissəsinə çevrilməyə imkanlar açacaq. Belə ki, yaxın zamanlarda Beynəlxalq Yük Daşımaları Kitabçasının tətbiq edilməsi nəzərdə tutulub. Bunun üçün beynəlxalq yük daşımaları (BYD) haqqında Gömrük Konvensiyası ilə tənzimlənən tranzit qaydaları çərçivəsində həyata keçirilən daşımalar zamanı mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən elektron qaydada gömrük orqanlarına təqdim edilməsi məqsədilə TIR-EPD (Electronic Pre-arrival Declaration) sisteminin tətbiqi üçün lazım olan müvafiq işlər tamalanma mərhələsindədir.

Dövlət Gömrük Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) arasında əməkdaşlıq çərçivəsində həyata keçrilən tədbirlər tam olaraq başa çatdıqdan, TIR-EPD sistem işə düşdükdən sonra bütün BYD daşımalarına "Yaşıl Dəhliz" sistemindəki kimi sərhəddən daha sürətli və prioritet qaydada keçidi üçün şərait yaranacaq.

Bu tədbirlərin müsbət nəticələrindən biri də Azərbaycanın İranla sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyətə başlamasıdır. Həmin məntəqələrdən sərnişinlərin, yük və minik avtomobillərinin 24 saat keçidi təmin olunur. Bu, hər iki ölkə arasında ticarətin daha da surətli inkişafına, Şimal-Cənub tranzit dəhlizinin sutka ərzində fəaliyyət göstərməsinə, vətəndaşların gediş-gəlişində sıxlığın aradan qaldırılmasına xidmət edir.

 Elektron gömrük - gömrük orqanlarının simasına çevrilib

 Gömrük orqanlarında gömrük nəzarəti sisteminin və sərhədkeçmə qaydalarının sadələşdirilməsi və sürətləndirilməsi, elektron xidmətlərin sayının artırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin minimuma endirilməsi və şəffaflığın təmin olunması istiqamətində islahatlar hələ də davam edir. Bu istahatların başlıca məqsədi xarici ticarəti sürətləndirərək mal və nəqliyyat vasitələrinin minimum vaxt ərzində maneəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması, biznes subyektlərinə fəaliyyət üçün münbit şəraitin yaradılmasıdır.

Elektron hökumət portalı fəaliyyətə başlayandan bəri DGX bu resurslara sürətlə inteqrasiya edən dövlət orqanlarından biridir. Belə ki, Azərbaycan Gömrük Xidmətində elektron bəyanetmə sistemini 100 faizə çatdıraraq, dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Dövlət Gömrük Komitəsinə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və onlara uyğun xidmət göstərilib. Bu ilin 9 ayı ərzində isə elektron müraciətlərin sayı 4 milyonu keçib.

2016-cı ildə elektron ticarətdən 19 min, 2017-ci ildə isə 16 min manat vəsait yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.

 Akif Nəsirli

 Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün dərc olunur

0.15374088287354