SEVGİ VƏ CAMALDA MAHİYYƏT

 

Sevilməyə və həmd-sənaya layiq yalnız Odur

 (əvvəli 5 dekabr sayımızdə)

Sevilməyə Allahu-Təalədən başqa daha layiq olanı yoxdur. Allahdan başqasının sevilməsi ancaq Onunla olan münasibətə görədir. Buna yaradılanı Yaradan naminə sevmək deyilir. Peyğəmbər (ə)-ni sevmək Onu sevmək kimidir. Çünki bir şəxs kimi sevsə, onun məhbubunu (sevgilisini) da sevər. Deməli, alimləri, müttəqiləri, əməli salehləri, valideynləri sevmək Allahu-Təaləni sevməkdir. Bunlar isə sevginin səbəblərinə bağlıdır.

Birinci səbəb: insan özünü və öz kamalını sevər və bu səbəblə onu Yaradanı - Allahı sevər. Çünki öz varlığı, kamalı və bütün sifətləri Allahın varlığından əmələ gəlib. Əgər Allahın fəzl (bəxşişi) və kərəmi (comərdliyi, mərhəməti) ilə yaradılmasaydı, var olmazdı. Onun fəzli ilə qorunmasaydı, çox yaşaya bilməzdi. Onun lütfü olmasaydı, bədən üzvlərini, sifətlərini əldə edə bilməzdi. O halda istidən qorunmaq üçün bir ağacın kölgəsinə sığınan kimsənin kölgəni sevib, ağacı sevməməsi təəccüb doğurar. Çünki kölgə ağaca bağlıdır. İnsanın varlığı da Allaha bağlı olduğu üçün Onu sevər.

 İkinci səbəb: İnsan ona yaxşılıq edəni sevər. Allahdan başqa isə heç kim yaxşılıq edə bilməz. Başqalarından əxz edilən yaxşılıqlar da, əslində Ondan gələn bir lütfdir. Çünki O, bir şeyin hər hansı bir şəxsə verilməsini istəsə, onu başqa bir şəxs vasitəsilə yerinə yetirir. Və bununla da Rəbbimiz yaxşılıq edən şəxsi səbəbsiz olaraq vasitəçi etməklə, ona (yaxşılıq edənə) həm dünya, həm də axirət savabı qazandırır.

 Üçüncü səbəb: insan özünə yaxşılıq etməyən gözəl əxlaq sahibini də sevər. Və bunula o, gözəl əxlaq sahibinin Sahibini də sevər.

 Dördüncü səbəb: insan hər hansı bir şəxsi qəlb gözəlliyinə (camalına) görə sevər. Bu sevginin səbəbi onlardakı mənəvi dəyərlərdən qaynaqlanır. Buna isə əsasən üç şeylə nail olunur:

  1. a) elm gözəlliyi. Çünki elm və alim seviləndir. Elm nə qədər çox olarsa, bilinənin şərəfi o qədər çox olar. Elmlərin ən şərəflisi isə Allahı tanımaqdır.
  2. b) qüdrət gözəlliyi. Belə insanlarda öz nəfslərini islahetmə, insanları doğru yola yönəltmə, idarəetmə, dünyəvi və dini məsələlərin mahiyyətini anlama qüdrəti çoxdur.
  3. c) pislik, nöqsan, çirkin və digər neqativlərdən qəlbi təmizləmək gözəlliyidir. Bu sifətlərə diqqətlə baxsaq aydın olar ki, Allahu-Təalədən başqa heç bir məxluq bu zirvədə deyil. Bunu Rəbbimizin: "Sizə elmdən çox az verildi" (İsra 85); "Allah insanı yaratdı və ona danışmağı öyrətdi" (Rahmən 1-4) ayələri də təsdiq edir. XX əsrin ən böyük elm korifeyi A.Eynşteyn bu məqama toxunaraq deyib: "Bir qum dənəsini yarada bilsəydim, dünyaya meydan oxuyardım". Deməli, yaradılan Yaradandan çox bilmədiyi üçün Yaradanın sifətlərindən bəhrələnərək qürur duyur, ucalır və bu elminə görə də sevilir. Bəndə kəşflərini, elmi tapıntılarını və digər nailiyyətləri sadəcə Allahın yaratdığı kainatda tapır, Onun bildiyi şeyləri- icadları Onun sifətlərinə vaqif olduqda Onun yaratdığını tapır.

Yaratmır. Elə isə Allahu-Təaləni sevməyən, yaxud bir başqasını Ondan daha çox sevən cahil, nankor deyilmi?! Bu məqama toxunan Rəbbimiz Davud (ə)-yə buyurub: " Ən çox sevdiyim qul, Məndən qorxduğu və ya Məndən bir şey istəmək üçün ibadət edən deyil, ağalıq haqqıma diqqət edəndir. Mənə Cənnətə girmək və Cəhənnəmdən qaçmaq üçün ibadət edəndən daha zalım kim olar? Məgər Cənnət və Cəhənnəmi yaratmasaydım, ibadətə layiq olmayacaqdım?".

Beşinci səbəb: Sevgidə münasibət var. İnasanın da Allahu-Təalə ilə xüsusi bir münasibəti var. " (Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: "Ruh Rəbbimin əmrlərindəndir". (İsra 85) ayəsi ilə "Allahu-Təalə Adəmi öz surətində yaratmışdır" hədisi bunu bildirir. Rəbbimiz buyurur: "Ya Musa, xəstələndim, halımı soruşmağa gəlmədin". Musa (ə) dedi: "Sən aləmlərin Rəbbisən, necə xəstələnə bilərsən?" Allah buyurdu: "Filən qulum xəstələnmişdi, onun halını soruşsaydın, Mənim halımı soruşmuş olardın".  

Allah sevgisi surət üzrə eyni növdən olma deyil, mənadakı camal və kamaldadır. Çünki hər hansı peyğəmbəri sevən onu özü kimi başı, üzü, əli və s. olduğuna görə sevmir. Onunla mənəvi münasibəti olduğu, alim, iradə sahibi, danışan, eşidən, görən və bu sifətlərin həmin peyğəmbərdə kamil şəkildə olduğunu bildiyi üçün sevir. Fərq həmin sifətlərin kamalının Allahu-Təalədə sonsuz olmasındadır. "Allahu-Təalə Adəmi öz surətində yaratmışdır" hədisi bunun təsdiqidir.

Allahu-Təaləni görməkdən artıq ləzzət yoxdur.

Bütün inanc sahibləri Allahu-Təalənin camalını görməyin hər şeydən ləziz olduğunu desələr də, fəqət bunun mahiyyətini axtardıqları zaman heç yerdə görünməyən, şəkli, rəngi və şəriki olmayan, əbədi və əzəli olan, nə doğan, nə də doğulmayan, bənzəri olmayan bir varlığın camalını görə bilməzlər. Onların bunu dil ilə söyləməsi şəriətin belə əmr etməsinə görədir.

Əvvəla, insan ona verilən ağlı ilə bu aləmin bir Xaliq tərəfindən yaradıldığını və bunu tədbirli bir Hakim və Qadirə ehtiyacı olduğunu bilir. Yaradılana baxıb, Yaradanı tanıyır, Onu bəsirət gözü ilə görür. Sənətə baxıb sənətkarı tanıyır, görür. Deməli, Allahı görmək üçün çaşmayan ağıl ilə kamil imanın vəhdəti lazımdır. Həmin səbəbdən imansız elm kor, elmsiz iman isə topal olar. Lakin ağıl imandan qabaqdır. Çünki insanın mükəlləf- sorumlu olması üçün vacib şərtlərdən biri ağıldır. Bir nəfər digərini Peyğəmbər (ə)-yə təqdim edərkən dedi: "Ya Peyğəmbər, bu şəxs çox imanlıdır. Namazı, orucu mütəmadi yerinə yetirir". Peyğəmbər (ə) soruşdu: "Onun ağlı necədir". Dedi: "O çox namaz qılır, oruc tutur". Peyğəmbər (ə) təkrarən dedi: "Mən səndən onun ağlının dərəcəsini soruşuram. Bil ki, ağlı qüsurlu olanın imanı kamil olmaz. Onu aldadıb haqq yoldan tez çıxara bilərlər".

Həz.Əlinin əshabından olan Dibili-Yəməni soruşdu: "Ya Əli, Rəbbini gördünmü?". Əmiri əl-möminin cavab verdi: "Heç görmədiyimə qulluq edərəmmi?"  "Onu necə gördün" sorğusuna isə həz. Əli belə cavab verdi: "Gözlər onu açıq-aydın görə bilməz; fəqət, könüllər iman gerçəkliyiylə görər. O hər şeyə yaxındır, fəqət onlarla bitişik deyil. Hər şeydən ayrıdır, fəqət onlara zidd deyil. Danışandır, fəqət düşünərək, dillə, dodaqla deyil. İradəedicidir, qəsdlə, əzmlə yox. Əşya düzəldəndir, yaradandır, alətlə yox. Lətifdir, gizlində vəsf edilə bilməz. Böyükdür, irilikdə yox. Görəndir, duyğu ilə vəsfinə imkan yox. Üzlər Onun ululuğu qarşısında əyilmişdir, alçalmışdır; könüllər Onun qorxusu ilə dolar, titrəyər".

Qeyd edək ki, həz.Əlinin: "Gözlər Onu açıq-aydın görə bilməz" kəlamı, Qurani-Kərimin: "Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cisimlikdən uzaqdır), (hər şeydən) xəbərdardır! Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməzsə, öz əleyhinədir..." (Ənam 103,104) ayələrinə istinad vardır. Həzrətin bu kəlamı həm də həz. Musanın: "Ey Rəbbim! Özünü (camalını) mənə göstər, Sənə baxım!"- deməsinə rəğmən, Rəbbimizin ona: "Sən Məni əsla görə bilməzsən..." (Əraf 143) cavabından qaynaqlanır...

Beləliklə, yuxarıdakı dəlil və misallardan aydın olur ki, Allahu-Təalə iman nuru ilə görünür, elmlə (ağılla) bilinir. Görmə, bilmə isə saleh əməl vasitəsilə təsdiq edilir ki, bu da Allahın əmrlərini icra edib, yasaqlarından qaçmağın - ibadətin özü, ruhu və mayasıdır. İbadətin (geniş mənada) Allah dərgahında qəbul olunmasının isə yeganə şərti ixləsdir, yəni xalis, səmimi, təmiz, imtiyaz gözləmədən edilən qulluqdur. Həmin səbəbdən, ixləs ibadətin ruhu hökmündədir. İbadətin ən yüksək dərəcəsi də ehsandır, yəni Allah rizası üçün görülən xeyirli işlər, yaxşılıq və xeyirli niyyətlərdir. Elə isə Rəbbimizi görmək üçün xeyirli işlərlə bir-birimizlə yarışaq.

 

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.16297507286072