"Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"
Heydər Əliyev
Mövzunun əvvəlində Ümummilli lider Heydər Əliyevin dediyi məşhur kəlamı təsadüfən epiqraf kimi qeyd etməmişəm. Çünki azərbaycançılıq ideyası tarixin müxtəlif mərhələlərində ortaya atılsa da, bu ideyanı çox uğurla həyata keçirən, onu daha da zənginləşdirən, məhz Ümummlli Lider Heydər Əliyevdir. Tarixdən məlumdur ki, azərbaycançılıq ideologiyası hələ 1918 - 1920 - ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti dövründə milli ideologiyamızın tərkib hissəsi kimi önə çəkilib. Həmin dövrdə azərbaycançılıq ideyasının inkişaf etdirilməsi ona görə önə çəkilmişdi ki, Azərbaycanda, xüsusən Bakıda çoxlu etnik qruplar yaşayırdı və şəhərdə üstünlük təşkil edirdi. Bakı müxtəlif etnik qrupların mübarizə meydanına çevrilmişdi. Bu amili nəzərə alan Məmməd Əmin Rəsulzadə və həmkarları azərbaycançılıq ideyasının təbliğinə cəhd etdilər. Lakin Azərbaycanın bolşeviklər tərəfindən işğalı gənc dövlətdə başlanmış hər şeyə son qoydu. Azərbaycançılıq ideyası yalnız Ümummilli Lider Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycana ilk dəfə rəhbər gəlməsi ilə yenidən təbliğ olunmağa başlandı. 1978-ci ildə Azərbaycan SSR - nin yeni Konstitusiyası qəbul olundu. Bu Konstitusiyada ilk dəfə azərbaycan dili dövlət dili kimi qəbul olundu və azərbaycançılıq ideyası irəli sürüldü. Qısa müddətdə SSRİ-nin 15 respublikası arasında bütün sahələrin inkişafına görə, geridə qalan 2 respublikadan biri olan Azərbaycan sürətlə inkişaf etməyə başladı. Ümummilli Lider respublikaya rəhbər təyin olunandan az sonra respublikamız qısa müddətdə SSRİ-nin geridə qalmış respublikasından ittifaqın ən inkişaf etmiş respublikasına çevrildi, 13 il ərzində dalbadal ittifaqın keçici qırmızı bayrağına layiq görüldü və bütün ittifaq Azərbaycanın sürətli inkişafının şahid oldu.
Azərbaycançılıq ideyasının ötən əsrin 80-ci illərində, SSRİ-nin güclü olduğu dövrdə belə, yuxarıda qeyd etdiyim kimi, Ümummilli lider Heydər Əliyevin əzmkarlığı və gərgin səyi nəticəsində uğurla təbliğ olundu və inkişaf etdirildi. Azərbaycançılıq ideyasını sovet təbliğatının qızğın çağında respublikada və onun hududlarından kənarda təbliğ etmək kimi, çətin, lakin çətin olduğu qədər də, çox şərəfli işin öhdəsindən, məhz Heydər Əliyev çox cəsarətlə gəldi. Bu gün də azərbaycançılıq ideyasının ölkəmizdə və dünya azərbaycanlıları arasında genişlənməsi Ümummilli Liderin adı ilə bağlıdır.
Azərbaycançılıq ideyasının həm ölkədə, həm də ölkədən kənarda yaşayan vətəndaşlar arasında geniş təbliğ olunması olduqca vacib ideoloji prosesdir. Bu ideologiya Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq ideologiyası imperiya siyasətinə qarşı müqavimət göstərməklə, formalaşmış azadlıq və istiqlal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır. Bu prinsip qlobal siyasət üçün nəzəri bazadır. Ona görə ki, bu ideologiya birlikdə yaşayan xalqların yeni ictimai təfəkkürün formalaşmasına, multikulturial və tolerant dəyərləri mənimsəməyə imkan yaradır. Azərbaycançılıqda maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenilərin yaranması kimi metodalogiya böyük rol oynayır. Bayrağımızda əks olunmuş türkçülük, müasirlik və islamçılıq təməli üzərində qurulmuş azərbaycançılığın tarixi qayəsi, məhz ərazimizin və xalqın bütövlüyünü qorumaqdan ibarətdir. Ona görə ki, tarix boyu işğala məruz qalmış, müstəmləkəçilik zülmünə düçar olmuş, torpaqları və insanları bir neçə yerə parçalanmış xalq üçün azadlıqdan və vətənpərvərlikdən böyük ideal ola bilməz. Azərbaycançılıq, həm də türk əsilli Azərbaycan xalqının milli azlıqlarla birgəyaşayış ideologiyasıdır, türkçülüyün milli ideya və siyasi müstəvidə tam dərkidir. "Türk millətiyəm, islam ümmətiyəm, Azərbaycan məmləkətliyəm!" - ideologiyasına sadiqlik nümayiş etdirən xalqımız Türkçülüyü özünün milli idealı sayır. Türkçülüklə islamın vəhdəti millətimizə Hz. Məhəmməd (s.a.s) Peygəmbərdən gəlir. Onun öz ümmətinə:- " türklərin dilini öyrənin, onların hakimiyyəti uzun sürəcək" - kimi, nəsihət etməsi heç də təsadüfi deyil. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari "Divani-lüğəti-türk”(1072-1074) adlı türk dünyasının ilk ensiklopedik əsərini yazdı. Həmin dövdə islamın əsas mərkəzi sayılan Bağdadda ərəblərə türk dilini öyrənmək imkanı yaratdı.
Azərbaycançılıq ideyasının əhəmiyyəti barədə professor Niyazi Mehdi bunları qeyd etdi: “ Bu ideyanın ölkədə və dünyada təbliğ olunması çoxmillətli, multikultural və tolerant ölkəmiz üçün çox vacibdir. Ölkəmiz dünyanın ən həssas coğrafiyasında yerləşdiyinə və təbii sərvətlərlə zənginliyinə görə, dünya güclərinin diqqətində olan, lakin çox da böyük olmayan dövlətimizin müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideyasının ölkədə və dünyada təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Hazırda azərbaycançılıq ideyasının təbliği dövlət tərəfindən yüksək səviyyədə təmin edilir, ölkəmiz dünya birliyinə sürətlə inteqrasiya edir, vaxtı ilə Bakı kimi çox az tanınan kiçik ölkəmiz hazırda dünya dövlətləri tərəfindən cəlbedici dövlət kimi qəbul olunur. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən böyük kommunikasiya dəhlizinə, diskussiya, dialoq mərkəzinə çevrilməsi, ölkəmiz üzərindən beynəlxalq əlaqələrin getdikcə genişlənməsi dövlətimizin gücünü və qüdrətini yüksəldir. Ölkəmizin güclü və sürətli inkişafa malik olması hazırda bütün dünyanın diqqət mərkəzindədir, bu hal özünü dünya dövlətlərinin ölkəmizlə dərin əlaqələr qurmasında, böyük layihələrin icrasında, gələn qonaqların sayının hər il artmasında, mədəniyyətimizə, dilimizə göstərilən böyük marağın artmasında çox aydın göstərir. Azərbaycan regionun ən böyük sabit, inkişaf edən ölkəsi kimi, dünya dövlətləri tərəfindən seçilməsi heç də təsadüfi deyil və bu proses ilk növbədə azərbaycançılıq ideyasının təbliği nəticəsində baş verdiyini düşünürəm.”
Dövlətimizin dünyada güclənməsində və torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasında azərbaycançılıq ideyasının təblğinin danılmaz nəticəsi hesab edən politoloq Mübariz Əhmədoğlu söhbət zamanı bu ideyanın dünyada ən yüksək səviyyədə təbliğ edən şəxsin ölkə Prezidenti cənab İlham Əliyev olduğunu vurğuladı: “ Cənab Prezidentin çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində azərbaycançılıq ideyasının dünyada təbliğ olunması ən yüksək səviyyədə təmin olunub. Ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban Əliyevanın dilimizin, mədəniyyətimizin, musiqimizin dünyada geniş təbliğ olunması sahəsində görüdüyü işlər, məhz azərbaycançılıq ideyasının təbliğinə böyük töhfələr verir. Azərbaycançılıq ideyasının məqsədyönlü və düzgün təbliği sayəsində dövlətimiz dünyanın ən cəlbedici ölkəsinə çevrilib. Bu günlərdə Azərbaycanın dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərakatına sədr seçilməsi dediyimiz uğurların parlaq təzahürüdür. Bu, hər şeydən əvvəl, Azərbaycanın dünya birliyi ilə təkcə iqtisadi sahədə deyil, eyni zamanda, siyasi inteqrasiyaya da böyük önəm verməsinin göstəricisidir. Dövlətimiz 3 il müddətində Qoşulmama Hərakatına sədrlik edəcək, bu müddət ərzində təşkilata daxil olan digər ölkələrin problemlərinin həll olunması ilə yanaşı, Azərbaycan özünün də problemlərinin həll edilməsi istiqamətində müvafiq addımlar atacaq. Qoşulmama Hərakatının Bakıda keçilən toplantısında 120 ölkənin Azərbaycan dövlətinin ərazi bütövlüyünü və Ermənistanı işğalçı dövlət kimi tanınması ölkəmizin bu təşkilatda əldə etdiyi böyük uğurdur.”
Politoloqların fikirləri də təsdiq edir ki, azərbaycançılıq ideyasının təbliği sahəsində ölkəmizin atdığı ardıcıl sistemli addımlar xalqımızın və dövlətimizin daha da güclənməsinə, beynəlxalq arenada nüfuz qazanmasına əvəzsiz töhfə verir. Vaxtı ilə dünya ictimaiyyətinə məlum olmayan Azərbaycan dövləti və xalqı hazırda dünya ictimaiyyətinin diqqətini cəlb edir, ölkəmizə böyük maraq göstərilir. Azərbaycanın beynəlxalq siyasi dialoqların, svilizasiyalararsı mədəniyyətlərin, dinlərin, BMT – nin platformasının geniş müzakirəsinin, dünya və Avropa idman oyunlarının hər il keçirildiyi möhtəşəm ölkəyə çevrilməsi hər kəsin iştirakı və gözü qarşısında baş verir. Ölkəmizin qeyd etdiyimiz və etmədiyimiz bütün uğurlarının mayasında azərbaycançılıq ideyasının məqsədyönlü təbliğatının dövlətimiz tərəfindən müvəffəqiyyətlə aparılmasının xüsusilə böyük rol oynamasına heç kim şübhə etmir.
Hər bir ölkə vətəndaşı yaxşı başa düşür ki, müasir dünyada informasiya əldə etmək və yaymaq ölkəmizin həyatında xüsusi rol oynayır və bu mərhələdə azərbaycançılıq ideyası istiqamətində görülən işlərlə yanaşı, həmin işlərin internet media resurslarında, sosial şəbəkələrdə təbliğ olunması mühüm əhəmiyyətə malikdir. Buna görə də hər birimiz bu imkanlardan səmərəli istifadə etməyə, ölkəmizin qazandığı uğurları geniş təbliğ etməyə cəhd etməliyik, azərbaycançılıq ideyasının mahiyyətini dünyanın aparıcı dillərində beynəlxalq ictimaiyyətə çatdırmağı bacarmalıyıq. Düşünürəm ki, ölkəmizin qazandığı uğurların sürəti onun təbliğ olunmasını üstələyir və biz bu sahədə müasir tələblərdən xeyli geri qalırıq. Ölkə Prezidenti BDU – nun 100 illiyi ilə bağlı çıxışında çox haqlı olaraq ölkədə ideoloji işin çox aşağı səviyyədə olduğunu qeyd etdi. Bu hal, eyni zamanda, ölkədə azərbaycançılıq ideyasının təbliğatı sahəsində də hiss olunur. Ölkəmizə qarşı daxildə və xaricdə qısqanclığın və düşmənçiliyin qızışdırılması nəticəsində, bəzi hallarda, öz vətəndaşlarımızın ölkəmizə qarşı düşmənin təşkil etdiyi mənfi əks-təbliğata qoşulması, məhz azərbaycançılıq ideyasının təbliği sahəsində buraxılmış boşluqlarla bağlıdır.
Qeyd etdiyim xırda qüsurlara baxmayaraq, hazırda azərbaycançılıq ideyasının ölkədə və dünyada təbliğ olunması sahəsində xeyli müsbət nəticələrin əldə edildiyini etiraf etmək lazımdır.
Səkinə Mehdiyeva
Yazı Azərbaycan Respublikasinin Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkisafina Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc edilib