Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

 

Azərbaycan müstəqillik qazandıqdan sonra daxili problemlərini həll edərək, dünyada diaspor quruculuğu və lobbiçilik işini təşkil etmək üçün kifayət qədər güc sərf edib. Hər kəs yaxşı bilir ki, ölkəmizin diaspor quruculuğu sahəsində əldə etdiyi uğurların müəllifi Ümummilli Lider Heydər Əliyevdir.

Ulu öndər hakimiyyətə gəlişinin ilk günündən ərazisinin 20 faizi düşmən tərəfindən işqal olunmuş ölkəmizin diaspor quruculuğuna, lobbiçilik fəaliyyətinə böyük ehtiyac olduğunu yaxşı anlayırdı. Bu səbəbdən o, qısa zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması üçün Fərman imzaladı və bu sahədə işləri nizama salmaq üçün tədbirlər gördü. Atasının bu sahədə başladığı işi uğurla davam etdirən Prezident İlham Əliyev 2018-ci ilin aprel ayında Fuad Muradovu böyük etimad göstərib Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edib. Fuad Muradov Komitə sədri olmamışdan öncə, millət vəkili, Milli Məclisin Komitə sədri olaraq, müxtəlif ölkələrin parlamentlərarası dostluq qrupunun üzvü kimi xarici səfərlərdə olub.

Bu fəaliyyət fürsət verdi ki, komitə sədri Azərbaycan diasporu haqqında kifayət qədər informasiya əldə etməyə imkan tapsın. Komitə sədri xarici səfərlərdə soydaşlarımızla görüşür, onların rəy və təkliflərini dinləyirdi. Bütün bunlar Fuad Muradovun Komitə sədrliyinə təsadüfi gəlmədiyini və kifayət qədər məlumatları olan bacarıqlı kadr olduğunu təsdiq edir.

Komitə sədri diasporla bağlı məsələləri birbaşa vəzifə hesab edərək, bu istiqamətdə dövlət başçısının mühüm tapşırıqlarını yerinə yetrirmək üçün diaspor fəaliyyətini daha ətraflı təhlil edir. Fuad Muradov Komitəyə sədr təyin edildikdən sonra çox şeylər dəyişdi, xaricdə yaşayan soydaşlarımız arasında xüsusi fəallaşma yarandı, onlarda birgə fəaliyyət istəyi artdı. İntriqalara son qoyuldu və koordinasiya şuraları yaradıldı.

Diasporla İş üzrə Dövlət Komitəsinin başlıca hədəflərindən biri xaricdə yaşayan soydaşlarımızın birliyidir. Soydaşlarımız da bundan ruhlanaraq dövlətimiz, dövlətçiliyimiz, azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməyə çalışırlar.

2018-ci ilin fevral ayında Brüsseldə Azərbaycan diasporu Ümumavropa Qarabağ mitinqi təşkil etmişdi, 20-dən çox ölkədən gələn iştirakçılar var idi, 10 dildə şüarlar səsləndirildi. Bundan başqa, koordinasiya şuraları yaradılır, yəni soydaşlarımız özləri birgə fəaliyyət üçün təşəbbüs göstərirlər.Bu ilin noyabr ayında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri olduqca zəngin keçib. 3 gün davam edən səfər çərçivəsində Rusiya Federasiyasının bir sıra rəsmi dövlət orqanlarında görüşlər keçirilib və Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Səfərin zamanı Moskva və Moskva vilayətində yaşayan soydaşlarımızla, onların təmsil etdiyi, rəsmi qeydiyyatdan keçmiş və qeydiyyata alınmamış, özündə müxtəlif sayda azərbaycanlıları birləşdirən təşkilatların nümayəndələri ilə görüşlər keçirilib.Tədbirdə Fuad Muradov rəhbərlik etdiyi komitənin son il yarım müddət ərzində fəaliyyəti haqqında məlumat verərək, ölkəmizdə aparılan islahatların diaspor sahəsini də əhatə etdiyini vurğulayıb, son dövr ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlər, o cümlədən komitənin yeni yaradılmış radiosu və təqdim etdiyi onlayn xidmətlər barədə danışıb. Nəticədə Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün ilkin olaraq Koordinasiya şurasının yaradılması haqqında razılıq əldə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Diasporuna Dəstək” Fondunun yaradılması da xüsusi qeyd edilməlidir. Fond diaspor siyasəti sahəsində daha mütəşəkkil və davamlı işlər görməyə imkan yaradır. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun müxtəlif mövzularda təşkil etdiyi tədbirlərə mümkün dəstəyi göstərir. Müvafiq e-mail bazası formalaşdırılıb ki, xəbərlər, informasiyalar e-maillərə birbaşa göndərilir. Təşkilatların e-mail poştları, sosial şəbəkədə aktiv olmaları, ölkəmiz, xalqımız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirilən haqsız, həqiqəti təhrif edən fikirlərə dərhal reaksiya verilməsi üçün bütün mümkün texniki dəstəyi göstərir.

Soydaşlarımızın uğurları Diaspor TV, Diaspor FM, sayt, sosial şəbəkə və s. vasitələrlə cəmiyyətdə təbliğ edilir. Həm diaspor təşkilatlarının, həm də Komitənin həyata keçirdiyi tədbirlər xaricdə yaşayan soydaşlarımızın birgə fəaliyyətinin təmin edilməsinə, onların dövlətimizin maraqları ətrafında daha sıx birləşməsinə xidmət edir.

Bütün bunlar, ölkə Prezidentinin Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısına qoyduğu vəzifələrdir. Komitə verilən tapşırıqları vaxtında və maksimum səmərəli şəkildə yerinə yetirməyə çalışır. Komitə “Vətən uzaqda deyil” şüarı ilə hamıya, xaricdə yaşayan hər bir soydaşımıza qarşı diqqətli olmağa çalışır, hər bir soydaşımızın yaşadığı yerdən asılı olmayaraq, güclü, qüdrətli Azərbaycan dövlətini öz yanında hiss edir.

Yuxarıda qeyd etdiyimiz kimi, “Azərbaycan Diasporuna Dəstək Fondu” Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli sərəncamı ilə yaradılıb. Fondun yaradılması diaspor sahəsində daha sistemli və davamlı işlər görməyə imkan yaradıb. Dövlət Komitəsinin qarşısında həm Əsasnamə, həm dövlət başçısının tapşırıqları ilə müəyyən vəzifələr qoyulur, bunlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, milli-mədəni irsimizin təbliği, azərbaycançılıq ideologiyasının, milli kimliyimizin qorunması və s. aiddir. “Azərbaycan Diasporuna Dəstək Fondu” da qeyd edilən istiqamətlərdə mümkün dəstəyi göstərir.

Ümumilikdə dünyadakı 50 milyon azərbaycanlının 10 milyonunun Azərbaycanda, 36 milyonunun qonşu İranda (Cənubi Azərbaycanda) yaşadığını nəzərə alsaq, deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində 4 milyondan çox soydaşımız yaşayır. Onu da qeyd edək ki, Dövlət Komitəsində də bu məsələ diqqət mərkəzindədir. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər görülür.Bu gün istər MDB, istərsə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında heç bir narazılıq müşahidə olunmur. Xaricdəki azərbaycanlıların təşkilatlanması işində əsas problemlər aradan qaldırılıb və Azərbaycan diaspor təşkilatlarının vahid cəbhədə birləşə bilməsinə nail olmaq üçün ciddi işlər görülüb.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, komitənin gördüyü işlər artıq öz bəhrəsini verməkdədir. Dəfələrlə bəyan edilib ki, Dövlət Komitəsi birgə fəaliyyətə, koordinasiya olunmuş təşəbbüslərə, kollegial qəbul edilmiş qərarlara üstünlük verir. Yəni soydaşlarımızın birliyi, birgə fəaliyyəti bizim üçün olduqca önəmlidir. Artıq bunun real nəticələri də var. Dünyanın 27 ölkəsində yaşayan soydaşlarımızın təşəbbüsü ilə koordinasiya şuraları təsis edilib. Artıq soydaşlarımız bu şuralarda birgə layihələrini müzakirə edir, təşəbbüslərini, təkliflərini birgə qərarla qəbul edirlər. Koordinasiya şuralarının fəaliyyəti məsələsi Dövlət Komitəsi tərəfindən hazırlanmış Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflərdən biridir və bu istiqamətdə işlər ardıcıl şəkildə aparılır.

Azərbaycan diasporunun xaricdəki erməni lobbisinin fəaliyyətinə qarşı atdığı addımlar erməni işğalının tanıdılması, eləcə də işğalla bağlı erməni yalanlarının qarşısının alınması üçün konsepsiyalar üzərində işləyir.

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi həqiqətləri dünyada təbliğ etməklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair real informasiyaları beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, dünyada ermənilərin yalançı, təxribatçı hərəkətlərinə qarşı da mübarizə aparmalı olur.

Həmçinin xaricdə yaşayan soydaşlarımız bu ümummilli məsələyə olduqca həssas yanaşırlar və Dövlət Komitəsi buna mümkün dəstəyi göstərir. Hər il Ermənistan səfirliyinin qarşısında etiraz aksiyaları keçirilir, “Qarabağa azadlıq”, “Xocalıya Ədalət”, “Ermənistan, işğala son qoy” və s. şüarlarla mitinqlər təşkil olunur. Qondarma Dağlıq Qarabağ rejiminin xaricdə keçirmək istədiyi tədbirlər, Ermənistanın xarici ölkələrdə münaqişəyə dair həqiqətləri təkzib edən tədbirləri və s. ilə bağlı soydaşlarımız dərhal reaksiya verir, öz haqq səslərini ucaldırlar.

Onu da xatırladaq ki, ötən il fevralın 23-də soydaşlarımız “Ümumavropa Qarabağ mitinqi” keçirdi və orada 20-dən çox ölkədən iştirakçı var idi, 10 dildə şüarlar səsləndirildi.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il çoxsaylı tədbir keçirilir. Bu, hər bir azərbaycanlının, o cümlədən xaricdə yaşayan soydaşlarımızın, Azərbaycan diasporunun gündəlik işlərindəndir.

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq “Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanıb. Həmin dərslik müvafiq rəylərlə Təhsil Nazirliyinə təqdim edilib. Təhsil Nazirliyinin müsbət rəyi olduqdan sonra kitabın çapı və təqdimatı keçiriləcək. “Azərbaycan dili” dərsliyi xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün nəzərdə tutulub. Növbəti mərhələlərdə isə daha yuxarı yaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitablarının hazırlanması nəzərdə tutulur.

Sonda qeyd edim ki, apardığım araşdırma nəticəsində Azərbaycan dövlətinin diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi sahəsində xeyli müsbət işlər gördüyü müəyyən olunsa da, xaricdə yaşayan soydaşlarımızla bağlı bir sıra mənfi, məyusedici halların mövcudluğu dərin təəssüf doğurur.

Xüsusən radikal müxalifət mövqeli soydaşlarımızın bir qisminin xarici düşmənlərin yağlı vədlərinə uyaraq, dövlətimizə, dövlət rəhbərliyinə qarşı çirkin təbliğat kampaniyası aparması hər bir ölkə vətəndaşının ciddi narazılığına səbəb olur.

İnternetin verdiyi fürsətdən istifadə edərək, düşmən erməniləri və onların çoxsaylı xarici havadarlarını ifşa etmək əvəzinə, öz dövlətinə qarşı əks-təbliğat alətinə çevrilmiş belə üzdəniraq insanlar dərk etmirlər ki, onlar doğma vətənlərinə qarşı cinayət törədirlər və beləliklə, müstəqilliyimizi istəməyən düşmənlərin xeyrinə çalışırlar.

  Tahir Abbaslı

 Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc olunub.

0.22236084938049