Yeni Yasamal sakinləri narazılıq edir

 

Onlar əraziyə işləyən marşrutun azlığından gileylənir

 İctimai nəqliyyatın problemləri ictimaiyyətin daim əziyyət çəkdiyi məsələlərdən biridir. Qeyd edək ki, əhalinin müəyyən hissəsi bu nəqliyyat sisteminin gündəlik istifadəçisidir. Lakin sərnişinlərin bu sahədə üzləşdiyi problem həll edilmədiyindən onların həyat tərzinə əməlli-başlı təsir edir, özü də mənfi mənada.

Bu mənada, paytaxtın Yeni Yasamal yaşayış massivində yaşayan insanların ümdə problemi də nəqliyyatın azlığıyla bağlıdır. Həmin ərazinin sakinləri hər gün işə gedərkən müəyyən çətinliklər qarşısında qalırlar, çünki həmin istiqamətə yalnız 77 və 211 saylı avtobus işləyir. Əhalinin çoxluğu və yaşayış massivinə cəmisi iki, sözügedən marşrutların ayrılması insanlara problem yaradır. Problemin ən əsası da həmin iki marşrutun həftəiçi hər gün işə, məktəbə, uşaq bağçasına tələsən insanların tələbatını qarşılaya bilməməsidir.

Belə ki, Yeni Yasamalın Əsəd Əhmədov küçəsinə gedən bu iki marşrut xəttinə buraxılan avtobuslar son illər orda yeni tikililərin və əhalinin sayının artmasına adekvat deyil. Sözügedən ərazidə əvvəlki illərə baxanda hazırda sıxlıq çox olduğundan insanların tələbatını ödəyə bilmir. Qeyd edilən marşrut avtobuslarında daim sıxlıq içində işə-gücə tələsən adamlar əsəbini sürücülərə yönəldir, yaşadıqları problemə görə sürücüləri qınayır, onlara hətta ağır söz deməkdən də qalmırlar. Bir sözlə, marşrutun azlığı problemi insanların bütün əsəbini tarıma çəkib, onlar bu məsələnin çözülməsini əlaqədar qurumlardan gözləmədiyindən, problemin həllini sürücüdə görürlər.

Sonuncu dayanacaqları Yeni Yasamal və İçərişəhər metrostansiyası tərəfdə, Axundov bağının yaxınlığında olan 77 saylı marşrutdan əlavə, 211 saylı marşrut da Yeni Yasamaldan keçir. Sakinlər isə şəhərin müxtəlif rayonlarına gedib-gəlmək üçün bu marşrutların xəttindən əlavə də avtobuslardan istifadə etməlidir. Yəni 77 saylı avtobus tez-tez gəlməsinə baxmayaraq, əhalinin tələbatını ödəmir, başqa xəttin olmaması isə onların hansısa istiqamətinə getməsini məhdudlaşdırır. İnsanlar istədiyi yerə getmək üçün bir neçə marşrut dəyişməli olur ki, bu da onların büdcəsinə uyğun deyil.

Onu da qeyd edək ki, 77 saylı avtobus kart sistemiylə işləmir. Ona görə də bu avtobuslar dayanacaqdan kənarda da saxlayır, bu da, sakinlərin dediyi kimi, vaxt itkisinə səbəb olur.

Qeyd edilən əraziylə müqayisədə, Yeni Yasamalın “Qismət” şadlıq evi istiqamətdə çoxsaylı avtobuslar işləyir. Lakin həmin ərazidə Ə.Əhmədov küçəsinə nisbətən, əhali sayı azdır. Oraya kart sistemi olmadan çalışan avtobuslardan əlavə, “Bakıbus”un 7-A və 17 saylı avtobusları da işləyir. Ə.Əhmədov küçəsinin sakinləri isə heç olmasa, bu avtobusların birinin yaşadıqları ərazi üzrə xəttə buraxılmasını istəyirlər.

Qeyd edək ki, bir müddət öncə həmin ərazidə yol düzəldilib, genişləndirilib və sakinlər də bundan sonra oraya yeni marşrut xəttinin açılmasını gözləyiblər. Dayanacaqda “Bakubus”un marşrutlarının açılacağıyla bağlı elanların vurulması insanlarda bir ümid yaratmışdı da. Onlar düşünürdü ki, bir neçə yerdə elanın olması və yolun düzəldilməsiylə bəlli problemdən azad olacaqlar və əraziyə yeni marşrutlar açılacaq. Onlar həmçinin, soyuq ayların başlamasıyla, qışın gəlməsiylə daha çətin vəziyyətə qalacaqlarından narahatdırlar. Narahatlıq isə artıq narazılıq həddinə keçib.

...Göründüyü kimi, bu problem bəlkə də istənilən şəxsə adi görünə bilər, lakin sözügedən problemlə gündəlik qarşılaşan və həyat tərzinə mənfi təsir göstərən insanlar üçün bu, sıradan bir məsələ deyil. Sözügedən problemin həll edilməməsi itirilən və bərpa edilməyən sinir sistemi, qızıldan qiymətli vaxt, hamıya qarşı aqressiya, bir neçə avtobusun dəyişdirilməsinə xərclənən pul və s. deməkdir. Hansı ki bütün bunların olmaması üçün məhdud bir əraziyə təyin edilən çoxsaylı avtobusların tək birini marşrut qıtlığı yaşanan əraziyə istiqamətləndirmək mümkündür. Necə deyərlər, tək ölümə çarə yoxsa, adi bir problemi “ölüm-qalım” məsələsinə çevirmək də əlacı, həlli olmayanların sırasını artırmaq deməkdir.

 

Nigar Vaqifqızı

0.14546799659729