PREZIDENTIN SONUNCU XƏBƏRDARLIĞINI EŞITMƏK ISTƏMƏYƏN DEPARTAMENT RƏHBƏRI KIMDIR?

 

Prezidentin sonuncu xəbərdarlığını eşitmək istəməyən departament rəhbəri kimdir?

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov sahibkarlarlara qarşı adət etdiyi üslubdan əl çəkə bilmir

Cəmi bir ay öncə Azərbaycan Prezidenti İlham Əliyev yeni təyinat alan İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən qeyd etmişdi ki, bəzi dövlət məmurları, yerli icra orqanları sahibkarlara maneələr yaradırlar. Prezident ciddi şəkildə bildirmişdi ki, sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilməlidir.

"Xüsusilə bölgələrdə sahibkar bir balaca iş qurursa gəlirlər zəli kimi yapışırlar onun bədənindən, sorurlar onun qanını. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək”. Azərbaycan prezidenti İlham Əliyevin bu fikirləri sahibkarlarda böyük inam yaratsa da bəzi məmurlar görünür ki, prezidentin bu xəbərdarlıqlarından dərs almaq istəmirlər. Redaksiyamıza müraciət edən sahibkarlar bildirir ki, iş adamlarına qarşı amansız olan qurumlar sadəcə bölgələrdə deyil, elə Bakı şəhərində də mövcuddur və onlar hər keçən gün daha çox "iştahlanıblar".

Hər zaman olduğu kimi, belə qurumların başında yenə də təəssüf ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti dayanır. İki ay əvvəl bu qurumdan və şəxsən onun direktoru İntiqam Məmmədovun sahibkarlardan tələb etdiyi qanunsuz vəsaitlərdən bəhs etmişdik. Ümid edirdik ki, bu qurumun rəsmiləri ölkədə gedən islahatlardan, ölkə başçısı cənab Prezident İlham Əliyevin sonuncu xəbərdarlığından sonra bir az da olsa nəticə çıxararlar.

Lakin sahibkarların söylədikləri bunun tam əksini göstərir. Belə ki, sahibkarlar deyir ki, ölkə rəhbərinin islahatlarına departamentin direktoru İntiqam Məmmədov fərqli bir yanaşma edib, o da departament daxilində "islahatlar" aparıb və yeni, sahibkarlardan daha peşəkar, daha amansız bir üslubda pul tələb edən əməkdaşları işə cəlb edib. Qeyd olunur bi, bir müddət sakit dayanan departament işçiləri yenidən kiçik sahibkarlıq subyektlərinə əsl "hücuma" keçiblər. Bizdə olan məlumata görə, kiçik sahibkarlar departamentin bu qanunsuz əməllərindən ölkə başçısına müraciət hazırlayırlar.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin adı uzun illərdir ki, sahibkarlara mane törədən əsas qurumlardan biridir. 2018-ci ilin oktyabr ayından bu qurumun rəhbərliyinə gətirilən İntiqam Məmmədovun gəlişindən sonra isə bu qurumda sahibkarlardan əsassız haqq almalar daha da artıb, sahibkarların incidilməsi hadisəsi adi hala çevrilib.

Sahibkarlar qeyd edir ki, vaxtilə Miqrasiya xidmətində çalışan polkovnik İntiqam Məmmədovun özü həm də biznesmen olsa da, vəzifə səlahiyyətlərini sadəcə olaraq öz biznesini genişləndirmək və sahibkarlardan əsassız gəlir tələb etmək üzərində qurub.
Qeyd edək ki, İntiqam Məmmədov Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi olduğu vaxtdan Miqrasiya idarəsinin rəisi Firudin Nəbiyevin biznesini (onlar həm də kirvədir) idarə edib və onun şəriki olub. Onların əsas biznesi isə Binəqədi rayonunda üçmərtəbəli «Ata» supermarketi, «Elay» şadlıq evi (Bayılda), «Ata» market (Montində), Novxanıda restoran və Nabranda «Orxan» İstirahət Mərkəzi, «Fashion Club» gözəllik salonu və Otel (Teymur Əliyev küçəsində), Xudatda fermer təsərrüfatı (500 ha) və çoxsaylı kafelər, dayanacaqlar, yeni tikilən binalar (Masazırda) və yanacaqdoldurma məntəqəsinə sahib olduğu da bildirilirdi.
Göründüyü kimi, İntiqam Məmmədov bir ildir ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktorudur. Amma bu bir il ərzində o rəhbərlik etdiyi qurumda islahatlar aparmaq əvəzinə, görünür dövlət qurumundan öz şəxsi biznesi kimi idarə etməyə və sahibkarları incitməyə davam edir.
Prezidentin sonuncu xəbərdarlığını eşitmək istəməyən departament rəhbəri görünür ədət etdiyi üslubdan əl çəkə bilməyəcək. Ümid edirik ki, aidiyyatı qurumlar onun bu üslubuna günün tələbləri çərçivəsində cavab verəcəklər.

0.38101601600647