“Anadır arzulara”...

 

Onları tanımaqla insanlığı tapmaq

 

Qarabağlı olmaq yay aylarında istirahət üçün özgə yer aramamaq demək...

Qarabağlı olmaq adı qızmaq yay da olsa, soyuducuya sərinləmək üçün su qoymamaq, suaxarda bitən lilpar yarpağıyla bulağın gözündən su içmək demək...

Qarabağlı olmaq çoxillik meşələrin yaşıllığından müqəddəs bir rəng alaraq dostuna-dost, düşməninə də elə dost nəzəriylə baxmaq...

Qarabağlı olmaq yolda qalana öz evində yer vermək qədər ürəkli olmaq, onun xasiyyətnaməsini çözməmək, ona sadəcə, Allah qonağı kimi nəzər yetirmək...

Qarabağlı olmaq bir tikəsini yüz tikə bilərək dördevli qonşularla bölmək, ətrafındakı insanları öz evinin ailə üzvləri bilmək, onlar ac olanda özünü də onlar kimi hiss etmək...

Qarabağlı olmaq bağçasının mey-meyvəsini bir həyətin deyil, bir kəndin məhsulu hesab etmək, əl-ayağı bel, kürək tutmayanlara da ondan sovqat ayırmaq, bu nemətlərin Yuxarıdan təkcə bir evə göndərilmədiyinə əmin olmaq...

Qarabağlı olmaq uzun-uzadı davam edən soyuq aylarda, qar-boranda hər yerdən əl üzülərkən, dükan-bazara yetmək çətinləşərkən, yayda əziyyətini çəkdiyi qış hazırlıqlarının tək istehlakçısı olmamaq, onu bir kəndin ümumi malı bilmək, süfrəyə elliklə yığışmaq...

Qarabağlı olmaq tut ağaclarının qurudulmuş meyvəsindən Aranda yaşayanlara da sovqat göndərmək, qurudulan kəklikotunun, solmazçiçəyinin, boyçiçəyinin, qantəpərin, qırxbuğumun, əvəliyin solmayan dadının onlara da çatmasına, qulançarı, yemliyi,quzuqulağını, turşəngi tək özlərinin deyil, hamının dadmasına sevinmək...

Qarabağlı olmaq hamıya cəmi bircə dəfə verilən ömür payında nəhəng bir villa, saray kimi malikanə qurmağın əvəzində, ürəklərdə insanlıqdan yoğrulmuş bir abidə yaratmaq...

... Mən onları belə tanıdım. Və ya, tanıdıqlarım elə söylədiyim kimidir.

Onlar qarabağlı olaraq, köçkün adlanaraq tək-tək evlərə, həyətlərə, məhəllələrə, kəndlərə, rayonlara, şəhərlərə paylanıb. Və yaşadıqları yerlərdə doğma məkandan özləriylə “gətirdikləri” hal-xasiyyətlə yenə də paylaşmaqda, bu ənənəni yaşatmaqdadırlar.

Onlar, qarabağlılar genetik olaraq söylədiyim kimi qalacaqlar. Fəqət qədərinə müvəqqəti yazılan “köçkün” sözü vaxt gələndə öz-özünə düşüb-itəcək, o zaman itirdiyimizi hər yerdə gözümüz axtarmayacaq, o itiyi məhz tapmadığımız üçün ürəkdolusu sevinəcəyik.

... Bayırda qaranlıqdır, adının əvvəlinə Qara yazılmış məkan kimi. O qaranlıqda məsafəcə qısa olan, lakin ona birdəfəlik çatmaq, yetişmək üçün uzun gələn yolları görmək çox çətin... Amma bəllidir, təbiətin qanunuyla orda ağaclar yenə də çiçək açır, sonrasa meyvələrə çevrilir. Bəllidir ki, torpaqları yağmalayanlar onların məhsulunu da paylaşmır. Dağdan arana təbiətin hər nemətindən sovqat da göndərilmir artıq. Bu və qeyri nəsnələr, haqqında bircə kəlmə də yazmaq istəmədiyim mənfur bir qövmə, düşmənə məxsus təbii, onların öz erməni xislətindən gələn bir məsələdir. Və onun adı hələ ki hər hansı bir yazılı və şifahi dilin predmetinə aid deyil. O qövmün bütün mənalarda özüldən məhrumluğu kimi.

... Hər fəsildə bizi çəkən yerləri, dörd fəslin heç birində sıxılmadığımız o məkanları müvəqqəti icarəyə götürüblər. İcarədar isə heç zaman sahibkar olmur. Bu artıq bir aksiomdur, mahiyyətinə varsaq isə - qanunauyğunluq.

 

Nigar Orucova 

0.13673901557922