“Su axar, çuxurunu tapar”...

 

Bəs tapmasa?

 

Çoxdan çağrılmış bayatıdır ki, bizə yağış yaraşmır. Halbuki, özlüyündə təbiətdə yağışdan gözəl başqa nə var?..

Onda ki, buludlar öz yükünü yerə atıb dincəlmədi, təbiətin bütün mövsüm ərzində yığılan çirk-pası təmizlənmədi, yaşamağın nə ləzzəti?..

Doğrudur, bizlər bu mənzərəni, yağan yağışın romantikcəsinə “yağmur” adlandırılmasını, onun damlalarının müşayiətilə çətirsiz gəzib-dolaşmağı, payızın əbədi möhürü olan yağıntıdan zövq almağı çoxdan unutmuşuq. Ondan bu səpkidə bəhs edənlərə, təbiətin sözügedən gözəl hadisəsinə sevinməyi məsləhət görənlərə də əlüstü əsəbləşirik: “Bizə iş-güc dalınca getməyə imkan verməyən, planlarımzı alt-üst edən yağışamı sevinməliyik?!”...

Bəli, vaxtında işimizi görüb qurtarmayanda, məsuliyyətimizi, vəzifəmizi bilməyəndə yağış hamıya təbiətin əsrarəngiz hadisəsi kimi deyil, problem kimi görünməliydi.

Maraqlıdır ki, bu söhbətlər hər il təkrar olunur, lakin yağışın törətdiyi fəsadlarla hallandırılan problemlərin mahiyyətinə varan, onun həllini tapan yoxdur. Sıravi vətəndaşlardan tutmuş birbaşa paytaxtın kommunikasiya sisteminə məsul olan şəxslərədək, payızda, qışda normal şəkildə üzə çıxan problemlər barədə deyinib-danışmaqdan özgə heç nə etmirlər. Guya, hər il yağış-qar mövsümündə baş qaldıran problemləri bu işə məsuliyyət daşıyanlar deyil, kənardan kimsə gəlib görməlidir. Yaxud da, problemlər yaşanmasın deyə, payızda, qışda nə göydən yerə bir damcı, nə də qar dənəsi düşməlidir.

İllərdir yağışdan dərhal sonra yaşanan çətinliklərdən, sel aparan küçələrdən, təyinatı üzrə işləməyən kanalizasiya quyularından, su yuyub paxırı üzə çıxan asfalt örtüyündən, suyun içində batıb qalan avtomobillərdən, hətta avtobusların içinə dolan yağış suyundan danışırıq, fəqət yorulmuruq. Bəlkə də qolumuzu çırmayıb bu problemləri həll etsəydik, fiziki cəhətdən o qədər əziyyət çəkməzdik. Lakin illərin bu istiqamətdəki mənəvi, xroniki yorğunluğu demək olar ki, müntəzəm şəkildə, elə hər il üzə çıxır və isti fəsillərə keçidlə mövsümi olaraq qapanır. Bu sahədə heç kim öz işini layiqli şəkildə yerinə yetirmir, nəticədə qış fəslinin fəsadları qar yağmamış qapını kəsdirir; ağ qarın bəyazlığı da hərilki problemlərdən qanı qaralan insanların ömrünə-gününə aydınlıq sala bilmir. Qardan zövq almaq, onun yağmasına sevinmək nədir, davam edən uzun qış aylarından salamat, qəza-qədərsiz çıxmaq kimi arzular həyatın ümdə mənasına çevrilir. Yeri gəlmişkən, vaxtilə dalandar kimi peşələrə indi daha çox ehtiyac var, problemlərin həll olunmaması nəticəsində “ölməyən” peşələrdən biri də budur...

Keçək günümüzün problemlərinə. Əhalinin fərdi kombi sistemindən istifadə etməyən, ümumi qızdırıcılardan yararlanan kəsiminin birbaşa şikayəti istiliyin verilmə vaxtının ənənəvi forma daşımasıdır. İnsanlar noyabrın 15-də sistemə verilən istiliyin hazırda vaxtının dəyişdirilməsində israrlıdır. Bu vaxtın ayın əvvəlinə keçirilməsi onların təbirincə, ən ideal variantdır - "təbiətdə, dünyada hər şey dəyişirsə, aylar, günlər fərqi əvvəlkinə nisbətən, indi başqadırsa, niyə “otopleniyalar”a da noyabrın əvvəlində istilik verilməsin?” formasında.

Bundan başqa, problem təkcə binalarda, mənzillərdə yaşanmır. Bu mövsüm orta məktəblərin sinif otaqlarında da şagirdlər soyuqdan əməlli-başlı əziyyət çəkdilər. Özü də bugünlərdə verilən istilikdən heç də məktəblərin hamısı qızına bilməyib, bir məktəbin yarı korpusunda istilik sistemi işə salınıb, digərində isə bu məsələni nədənsə unudublar. Soyuqdan əziyyət çəkən də yuxarı siniflərin deyil, azyaşlılar, ibtidai siniflərin şagirdləri olub. Müəllimlər isə vəziyyətdən çıxış yolu kimi elektrik peçlərindən istifadə etməyə məcbur qalıb. Bəzi valideynlərə məsləhət görülüb ki, mövcud vəziyyətlə bağlı hansısa “qaynar xətt”ə müraciət etsinlər. Valideynlər də “qaynar xətt”in mahiyyətinin operativlikdən deyil, passivlikdən qaynaqlandığını bildiyindən, məktəb rəhbərliyinin problemi onların üzərinə atmasına reaksiya verməyib. Amma dediklərinə görə, reaksiya olmasa da, atılacaq addımlar var - həftənin ilk dərs gününə qədər problem həll olunmasa...

Zənn edirik, təkcə bu problem deyil, qışa keçidin bütün problemləri həll olunmalıdır. Özü də yay aylarından başlayaraq. Çünki bizdə əhali təkcə bircə mövsümə keçidlə bağlı problemlərdən əziyyət çəkir. Onu da həll etmək çox asandır, sayı azdır axı. Beləliklə, adına “qışa keçid” deyilən bəlli mövsümün problemini həll etmək üçün təbiət də köməyimizə çatır, bizdə adətən, çovğunlu, şaxtalı, boranlı, fırtınalı, tufanlı hava şəraiti olmur axı. Bu məqama diqqət edəndə, hətta sevinmək də mümkündür - yaxşı ki, ekstremal vəziyyətlərdən çox-çox uzağıq. Bizimki yağış yağanda çuxurunu tapmaması, hava dəyişən kimi çörək sexlərinin tələbata uyğun çalışmaması, hava soyuyan kimi də mavi yanacağın, elektrik enerjisinin fəaliyyət baxımından onunla ayaqlaşmasıdır ki, bilmirəm, belə bir duruma ekstremal vəziyyət demək olar, yoxsa, yox?

... Bayırda hələ yağış dayanmayıb, pəncərələrin pərdələrinin tərpənməsindən bilinir ki, hamı gözləməkdədir. Kimisi yağışdan keçmək üçün vaxtında sukeçirməyən rezin çəkmə almadığının peşmançılığını çəkməkdə, kimisi avtomobilinə, yaxud, metroya, avtobusa çatmaq üçün sualtı qayıq kirayələmədiyinə heyfsilənməkdə, kimisi də şəhərlə kənd arasında nə zamansa fərq qoymasına təəssüf etməkdədir. Optimistlər də var ki, sayı çox az olan bu kəsim də “hər şey yaxşı olacaq, bizim xalq dözümlü xalqdır, bunun da öhdəsindən gələcək” - deyə, üzərinə düşən məsuliyyəti problemin həllinə deyil, soyuqdan səsi batıb hənirtisi qalan millətin boynuna yükləməkdədir...

 

Nigar Orucova 

0.13820004463196