Ona tamaşaçı olmaq
Belə bir məşhur deyim var: “Zövqlər barədə mübahisə etməzlər”. Lakin elə bir zaman yetişir ki, nəinki zövqlər barədə, onu diqtə edən insana aid hər məsələ barədə danışmaq, yazmaq, kütləvi təbliğat aparmaq lazım gəlir. Nəinki lazım, hətta deyərdim, vacib də olur.
Bu vacibiyyətdən çıxış edib kütlənin ümumi maraqlarının kəsişdiyi bir nöqtədə qərar tutan televiziyadan bəhs edirəm. Doğrudur, bu sahədə nə ilk, nə də sonuncu şəxs olacağam ki, televiziya kanallarındakı mənfiliklərdən, çatışmazlıqlardan danışım. Yəni hazırkı reallıq elədir. Sanıram, qeyd etdiyim kimi, kütləvi şəkildə iş aparılmasa, təbliğat işi qurulmasa, vəziyyət heç də müsbətə doğru dəyişməyəcək.
Görəsən, bizim millətin obyektiv və subyektiv səbəblərdən qaramat sarmış həyatını daha da qaraltmaq, onun daimi təbəssümə həsrət qalmış simasını bu duyğulardan uzaqlaşdırmaq üçün mövcud olan proqramlara tamaşaçılar nə vaxtadək davam gətirməlidir?! Sözsüz ki, problem barədə çox uzun zamandır müzakirələr aparılır, hətta haqqında danışılan məsələlər televiziya kanallarında dar çərçivədə də olsa, polemika mövzusuna çevrilib. Amma nə faydası? “Köhnə hamam”da yenə də “köhnə tas”lardan istifadə olunmaqdadır, nə polemika mövzusuna diqqət edən, nə də tamaşaçıların korlanan zövqünün qeydinə qalan var. Tamaşaçı üçün yaradıldıqlarını, fəaliyyət göstərdiklərini, ona xidmət etdiklərini ağızdolusu car çəkən telekanallar vahid bir kanal üzərində yayımlanmaqdadır - istər dünya dağılsın, istərsə də var olsun, nə olursa-olsun, tamaşaçının çoxdan korlanmış zövqünü birmənalı şəkildə məhv etmək, onda zövqdən əsər-əlamət qoymamaq.
Doğru deyilsə, televiziya yetkililəri, bu sahəyə məsul olan şəxslərin də mövqeyini dinləməyə hazırıq, təki nəticə tamaşaçının xeyrinə həll olunsun. Sonda bizlər də problemin həllindən nicat tapanlardan olarıq, hər birimiz ən azı, tamaşaçıyıq axı.
Deyirlər, bizim telekanalların bəzisi azyaşlı olduğu üçün hələ də efir məkanında özünəməxsus bir yer tuta bilməyib, bu “bazar”da məhsulunu istədiyi kimi “sata”, özünü tamaşaçıya sevdirə bilməyib. Bu kimi səbəblər bəlkə də başa düşülərdi; az sayda olsa da, yerinə düşən, vacibiyyatdan doğan, xalqın həyatından bəhs edən proqramlarla təqdimatını gerçəkləşdirə bilsəydi. Lakin, göründüyü kimi, gerçəklik heç də görmək istədiyimiz televiziya barədəki arzuları əks etdirmir və vəziyyət olduğu kimi davam etsə, onun reallığa çevrilməsi də həlli müşkül məsələyə dönəcək.
Televiziya kanallarındakı proqramların monotonluğu, hamısının şou üstündə köklənməsi, sosial problemlərin də şouya istiqamətləndirilməsi günümüzün və telekanallarımızın acı gerçəkliyidir. Bir neçə kanalda guya ki, sosial həyatdan bəhs edən çətinliklərin, probemlərin həlli müzakirə predmeti kimi qoyulur. Lakin onun nəinki həlli, təqdimatın özü belə, professionallıqdan çox uzaqda dayanır. Müzakirə olunası məsələ mahiyyətindən kənarlaşdırılaraq hansısa şəxsin və ya şəxslərin dramatik, bəzən də tragikomik həyatının səhnələşdirilməsinə çevrilir. Problemlə üzbəüz qalan şəxs onun efir vasitəsilə həllinə olan ümidini də elə ilk saniyələrdən, süjetdən “kayb edir”. Binəva, biçarə insan əziyyət çəkdiyi problemin çarəsini televiziyada axtarırsa, bu axtarışın nəticəsini elə ilk efirdəcə görür.
Axtarış demişkən, bizim itkinlərlə bağlı sosial verilişlər artıq öz kontekstindən çıxaraq az qala məhkəmə salonunu xatırladır. Ailə üzvlərindən, qohumlarından kimlərisə axtaran insanlar onları tapacağı anda olacaq sevinci yaşamaq üçün öncə kədərdən, qüssədən, intizardan ölməli, göz yaşını sel kimi axıtmalı, bir sözlə, “min dəfə ölüb-diriləndən sonra” ona itkinlərlə bağlı hansısa bir söz deyilməlidir. Bu söz də məhkəmədə deyilən ittiham aktına bənzəyir ki, onu həzm etmək istənilən insan üçün asan deyil. İtkinin harda, necə vəziyyətdə olmasının bəyan edilməsi də az qala ölüm hökmünün doğurduğu nəticəyə bənzəyir. Belə ağır təqdimatdan sonra nə faydası, axtarılan şəxs sağdır, ya, əksinə...
Televiziya kanallarına pənah gətirənlər öz problemlərinin orada qarşı tərəfin istədiyi tərzdə sərgilənməsindən, ailə-məişət söhbətlərinin el-obada hallanmasından, kənar rəyə tuş gəlməsindən də sığortalana bilmirlər. Zatən tamaşaçı hələ də anlamayıb ki, telekanallara hansısa mövzudan asılı olmayaraq, məhz şou lazımdır və onu da kimlərinsə dərdi-ələmi, problemi üzərində qurmaqda israrlıdırlar. Belə olmasaydı, reallığın acı gerçəkliyi ilə uzun zamandır üz-üzə qalmazdıq.
Bu yazıda telekanalların adlarını çəkmədik, konkret hansı verilişləri nəzərdə tutduğumuzu da demədik. Bəlli olan məsələ odur ki, televiziyalar da özlərinə yaxşı tamaşaçıdır, kimin, nəyin nəzərdə tutulduğunu sözsüz və efirlərinə nəzərən, yaxşı bilirlər.
Bu gün televiziya kanalları kəmiyyət baxımından az deyil, fəqət say məsələsini heç də keyfiyyətə aid etmək istəməzdik. Keyfiyyətli verilişlər hazırlamaq, ortaya məzmunlu bir proqram qoymaq üçün öncə personalı yeniləmək, işə professionalları cəlb etmək lazımdır. Sözsüz ki, efirlərinə böyük tamaşaçı kütləsi toplamaq, öz məhsullarına alıcı qismində baxmaq istəyirlərsə. Yox, bundan kənar fəaliyyət istəyirlərsə, o zaman tamaşaçı itkisinə qatlaşmalıdırlar. Fəqət o “itkin”lər itirdiyini tapmaq üçün öz həmdərdləri kimi sözügedən şouvari “sosial” verilişlərin kandarına ayaq basmayacaq. Onların itkisi daim reytinq güdən, onun arxasınca qaçan telekanalların sonuna hesablanacaq. Vaxt varkən, bu məqamı nəzərdən qaçırmasınlar, tamaşaçı zövqünü korlamağın, onun ağrı-acılarının, çətinliklərinin, üzləşdiyi problemlərin şou predmetinə çevrilməsinin bədəli ağır olur. Qarışıq, dolaşıq təqdimatlar, qeyri-professional verilişlər və s. kiminsə marağında olsa da, onu satmaq istədiyiniz tamaşaçıya maraqlı deyil. İstənilən məhsulun zövqləri korlamaması baxımından.
Nigar Orucova