Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ

 

(I Yazı)

 Azərbaycanın Şəbüstər şəhərində dünyaya gəlib, 16 il Türkiyədə-İstanbulda yaşamış Mirzə Möcüz Şəbüstəri (1873-1934) gənc yaşlarından dünyəvi və dini elmlərlə yaxından tanış olmuşdur. Təxminən 1904-1905-ci illərdə İstanbuldan Cənubi Azərbaycana-Şəbüstərə dönən Möcüz vətənindəki cəhalətə, nadanlığa, milli ruhsuzluğa dözməyərək, bu dövrdən etibarən yalançı ruhanilərə, zülmkar məmurlara və irqçi aryançılara qarşı mübarizə aparmış, öz təbirincə desək, ana dilində milli maarifçi ruhlu “növhəxanlığ”a başlamışdır. O,1933-cü ildə Şəbüstərdən Şahrud şəhərinə sürgün edilmiş və bir il sonra da burada vəfat etmişdir.

Şəbüstəri milli-maarifçi ruhlu “növhəxanlığ”ında türklüyün və azərbaycançılığın şovinist irançılar tərəfindən aşağılanmasına etiraz edərək yalnız müdafiə olunmaqla kifayətlənməyib, eyni zamanda Azərbaycan türklərinin milli haqlarının bərpasını kəskin bir dillə Qacarlar və Pəhləvilər hakimiyyətlərindən tələb etmişdir. Şübhəsiz, onun Qacarlarla Pəhləvilərdən tələbləri arasında xeyli dərəcə fərq var. Çünki onlardan biri, yəni Qacarlar türklüyünü unutdurub farslaşmağa üz qoyduğu halda, Pəhləvilər Türklərin bütün varlığını inkar edərək onu assimilyasiyaya can atan ifrat irqçi bir rejim idi.

O, hər şeydən əvvəl anlayırdı ki, Qacarlar dövlətini Türk sülaləsi idarə etsə də, faktiki olaraq burada daha çox əzilənlər və cəhalətin qurbanı olanlar da türklərdir. Üstəlik, Qacarlar dövlətinin başında dayananların çoxu türklüyü gerilik, vəhşilik kimi başa düşüb, türk dilində danışmağı belə, özlərinə eyib hesab edirlər. O, yazırdı:

Dünən şer ilə bir namə apardım şahi-İranə,
Dedi: “Torki nə midanəm, məra to beççə pəndari?”
Özü Türk oğlu Türk, amma deyir Türki cəhalətdir,
Xudaya, müzməhil qıl təxtidən bu ali-Qacari!
Ümidin kəsmə, Möcüz, yaz anan təlim edən dildə,
Gəzər bir ərmağantək dəftərin, bil, Çinü Tatari!

Bu cür milli maarifçi ruhlu şeirləri ilə Möcüz Qacarların başında duranlara sərt bir formada türklüklərini xatırladır, onları qəflət yuxusundan oyadaraq türklüyə-türk kimliyinə, türk dilinə, türk mədəniyyətinə arxa çevirməkdənsə, ona dayaq olmağa, ölkəni, o cümlədən hər vaxt Türklüyün məbədgahı olmuş Azərbaycanı bərbad haldan abad hala gətirməyə çağırırdı. O, yazırdı:

O zaman xalq şadiman olacaq
Ki, vətən madəri-zəban olacaq.
Onda tehranlı nagiran olacaq
Əhli-Azərbaycanə, inşallah!

O, şeirlərində daha çox Məhəmməd Əli şah Qacarla Əhməd şah Qacarı tənqid etmişdir. Məsələn, Şəbüstərinin Məhəmməd Əli şaha olan nifrəti Məşrutiyyəti ləğv edib Məclisi-Millini topa tutdurması idi:

Bağladı Məclisi-Şuranı topa Məmmədəli,
Düşdü öz canına axır şərəri, mən neyləyim!

Məhəmməd Əli şahın yerinə taxta oturdulan Əhməd şah Qacarı isə o, səriştəsizlikdə, mənasız və düşüncəsiz həyat sürməkdə, Vətən və millət qayğısından uzaq olmaqda ittiham etmişdir. Şəbüstərə görə, millət qan ağlarkən sultanın ancaq yeməklərdən, musiqidən zövq alması və Avropa mehmanxanalarında kef-damaqla yaşaması qəbuledilməz bir haldır:

Əhli-xibrə qoydular qantarə, şahi çəkdilər,
Əlli batman istixanı gəldi, yüz batman əti...
Millət ağlarkən, o sazü-suz ilə məşğul idi,
Qarnı şişməzdi o qədri gər olaydı qeyrəti.
Qoydu şapqa başına, etdi Firəngistanə əzm,
Səhni-mehmanxanədə tüğyanə gəldi şəhvəti.

Bəlkə də, Şəbüstəri bir həqiqəti unudurdu ki, doğrudan da Əhməd şah özü siyasətdə bacarıqsız, səriştəsiz olsa da, ancaq Qacarlar dövlətində hakimiyyət böyük ölçüdə faktiki olaraq ingilislərin və onun maşası olan irançıların əlində idi. Bu anlamda Şəbüstərinin böyük sevinclə qarşıladığı Xiyabani hərəkatı da Qacarlar dövlətindən çox ingilis ağalığına və irançı qılıqlı fars şovinizminə etiraz idi. Başqa sözlə, demokratik hərəkatın başlıca məqsədi Qacarları devirməkdən çox, onu formal hala gətirərək ölkədə ağalıq edən irançılara və onun havadarları ingilislərə öz yerini göstərmək olmuşdur. Bizcə, bir çox mütəfəkkirlərimiz kimi Şəbüstəri bu məqama çox da diqqət yetirməmiş, ölkənin acınacaqlı bir durumda olmasına görə əsasən Qacarları və onun hökmdarlarını görmüşdür. O, yazırdı:

O tacü təxtə oldu namizəd ali-Qəcər axir,
Yüz il qan ağladı millət, vəli, ahəstə-ahəstə,
Tükəndi qəlb evində səbr, ucaldı nalələr axir.
Vətəndə qalmadı bir yer ki, viran etməsin Qacar,
Fərar etdi vətəndən milləti-xunincigər axir.
Min üç yüz qırx iki il keçdi çün tarixi-hicrətdən,
Qəza səsləndi: zalim, dur görək, bəsdir yetər axir!...
Xilas oldu vətən, əhli-vətən, Möcüz, bihəmdüllah,
O taxtı badə verdi padişahi-bihünər axir!

Hətta, bu cür yanlış düşüncənin təsiri altında da Şəbüstəri Böyük Britaniyanın birbaşa dəstəyi ilə 1925-ci ildə Əhməd şahın formal hakimiyyətinə də son verilərək onun yerinə gətirilən Rza Mirpəncə, onun “Cümhuriyyət” quruluşu vədinə böyük ümidlər bəsləmişdir. O, “Cümhuriyyətə” şeirində yazırdı:

Saqiya! Bir badə ver əbnayı-cümhuriyyətə,
Təşnədir əhli-vətən səhbayi-cümhuriyyətə,
Sakit ol, ahəstə gəl, tünd əsmə, ey badi-səba,
Qorxuram toz əyləşə simayi-cümhuriyyətə!
Bir para nadan kişi “Başsız bədən olmaz” deyər,
Bəs, demək vaqif  deyil mənayi-cümhuriyyətə.
Qurda verdi kəlləni çün kəlləsiz çobanımız,
Ol cəhətdən düşmüşük sövdayi-cümhuriyyətə.
Yaxud da o, yazırdı:
Sənə qurban olum, ey dəftəri-cümhuriyyət,
Bu gözəl toxum bizim yerdə çocuqlar, ya yox?
Ali-Qacar fələk salsa ayaqdan, cana,
Görəsən milləti-İran genə yuxlar, ya yox?

O, hesab etsə də ki, “zülmkar” Qacarların ağalığına son verilib onun yerinə “mütərəqqi”, “cümhuriyyətçi” Rza Mirpəncin gəlməsi ilə ölkədə qayda-qanun, ədalət bərqərar olacaq, ancaq çox keçmədən hər şey öz çılpaqlığı ilə ortaya çıxdı. Belə ki, “mütərəqqi” Rza Mirpənc Qacarların son dövründəki haqsızlığa, ədalətslziyə aryançı irqçiliyi də əlavə etməklə daha böyük fəlakətlərin əsasını qoymuşdur. Belə ki, ölkədə “tək İran milləti” yaratmaq istəyən Rza Mirpəncin özünü fars-“Pəhləvi” adlandıraraq türklərə qarşı apardığı irqçilik siyasəti Əhməd şahın dövründəki haqsızlığı, özbaşınalığı belə kölgədə qoymuşdur. Şübhəsiz, bunun daha ağrılı olduğunu dərindən anlayan Şəbüstəri üçün bunu, dilə gətirməmək mümkün deyildi:

Pəhləvizadə çıxıb taxta deyirlər, deyəsən
O qoyub başına taci-Qəcəri, mən neyləyim?!...
Gözü, qaşı, bədəni, hər bir yeri bənzər şahə,
Az imiş mədrəki, yoxmuş hünəri, mən neyləyim?!

Başqa bir şeirində isə Şəbüstəri yazırdı ki, dünənə qədər Cümhuriyyətdən danışan Rza da şahlıq həvəsinə düşərək taxta oturmaqla Əhməd şahdan da betər şəkildə zorakılıq üsullarına əl atmaqdadır. Əhməd şahın “qalın qafalığı” üzündən Qacarların hakimiyyətinə son qoyulduğuna, onun yerinə keçən Pəhləvilərin də ingilislərin aryançılıq ideologiyası ilə bir tərəfdən din-imandan uzaqlaşıb, o biri tərəfdən də türklərə divan tutmasını Şəbüstəri həzm edə bilmirdi:

Bəs ki, qalındı qafası, şikəmi misli kötük,
Eyləməz hərgiz ona qüssə əsər, Məmmədəli.
İnqraz aləminə qoydu qədəm ali-Qəcər,
Yerinə keçdi onun pəhləvilər, Məmmədəli.
Dinü iman gedər əldən, olusan əhli-səqər,
Dedim axir sənə mən etmə səfər, Məmmədəli.
Börkü Allah yaradıb, şapqanı şeytani-rəcm,
Başuva qoyma onu, eylə həzər, Məmmədəli.
Özün oxşatma firəngə, urusa, gəl vətənə,
Düyəni bas başına misli-düsər, Məmmədəli.

İngiltərə tərəfindən Pəhləvilərin qeyri-qanuni şəkildə hakimiyyətə gətirilərək türklərə qarşı başlanan assimilyasiya siyasətini artıq dərindən anlayan Şəbüstəri üçün, əsas vacib olan bu məsələnin əsil mahiyyətini xalqa çatdırmaq idi. Bu anlamda o, bir tərəfdən “mütərəqqi”, “demokrat” Rza Pəhləvinin üzündəki maskasını çıxarmaq idi isə, digər tərəfdən də onun arxasında dayanıb aryançılığı təşviq edən İngiltərəni ifşa etmək idi. O, yazırdı:

Aman, ingilisin əlindən, aman!
Yeridir su altından hər gün saman,
Onun öhdəsindən gələmməz cahan,
Xuda, ingilisi özün vur yerə!

Deməli, Şəbüstəri Qacarlarla müqayisədə irqçi Pəhləvilərin İngiltərəyə arxalanaraq apardığı siyasəti daha qorxunc hesab etmişdir. Onun fikrincə, Pəhləvilərin hakimiyyətə gəlməsilə xüsusilə də türklər, o cümlədən Azərbaycan türkləri üçün bəla bir idisə, artıq ikiqat olmuşdur. Belə ki, ingilispərəst Vüsuqiddövlə və Qəvamüsəltənə ilə bir yerdə Rza Mirpənc türklərə divan tutur, onları zorla assimilyasiya edərək farslaşdırmağa çalışırdılar. O, yazırdı:

Gəhi bihəya qəsdi-İran edir,
Yığır Dari-Şurani viran edir,
Vüsuqi, Qəvami yenə xan edir,
Olur düşməni-can maliklərə.

Şəbüstəri artıq şübhə etmirdi ki, vaxtlə ərəbləri Vəhabilik adı altında Osmanlıya qarşı qaldıran ingilislər indi Pəhləvilərin arxasında dayanaraq farslar istisna olmaqla “İran” xalqlarına, xüsusilə də Azərbaycan türklərinə divan tutmaqdadır.

Şəbüstəri hesab edirdi ki, bu kimi bəlalardan qurtulmağın tək yolu Azərbaycan türklərinin yenidən oyanışı və öz xəttini müəyyənləşdirməsi ilə bağlıdır. Ona görə də M.Ə.Sabir kimi, millətin oyanması və tərəqqi etməsi məsələsinə daha çox diqqət yetirib, “mən xalqımı Sabir kimi oyadacağam” deyən Möcüz, Qərb millətlərinin oyandığı bir zamanda müsəlman xalqlarının hələ də, xabi-qəflətdən oyanmamasını, üstəlik çoxdan oyanmış millətləri müstəmləkəsi halına düşməsini, ya da onların oyuncağına çevrilməsini qəbul edə bilmirdi:

Quruldu tazə aləm, aç gözün, eylə nəzər, millət!
O hansı elmdir – elmi ki, icad etdi telfuni,
Soruş hər yerdən istərsən, sənə versin xəbər, millət,
O elmin qüvvəsilə xəlq olundu çap maşini,
Basar səatdə öfraq üstünə min cür əsər, millət.

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent,
fəlsəfə üzrə fəlsəfə doktoru
Faiq Ələkbərli
(Qəzənfəroğlu)

0.14158296585083