Böyüyənə qədər...
Həyatın özəllikləri barədə çox zaman böyüklər qədər, uşaqlar da məlumatlı olur. Fəqət bu məlumatlılıq dərəcəsi onların oxuyub-öyrəndikləri sayəsində deyil, daha çox fitrətən, bəzən ürəklərindən gəlmiş kimi, qeyd-şərtsiz baş verir. Ona görə də uşaqların dediklərində olan həqiqət bəzək-düzəksiz, korrektəsiz, tərtəmiz həqiqətdir. Onların həyata keçməsində də uzan-uzadı mücadilələrə, dü-şünüb-daşınmağa, götür-qoy etməyə ehtiyac qalmır. Dəfələrlə fikirləşənlərdən, “yüz ölçüb-bir biç”ənlərdən fərqli, uşaqların qəfil dediklərində, düşünmədən söylədiklərində ən böyük həqiqətlər var. Özü də gizli deyil, açıq-aşkar. Bizim, yəni böyüklərin görmədiyi həqiqətlər.
Bizim uşaq hesab edib keçdiklərimizdən, guya onlardan ağıl-düşüncə mənasında üstün bildiyimiz böyüklərin elə də fərqi yoxdur. Fərq yaş həddində ola bilər, təbii ki. Lakin ətraf aləmdə baş verənlərə, irili-xırdalı olub-keçənlərə münasibətdə, müşahidədə uşaqlar daha dəqiq və birmənalı, düzgün fikir söyləyə bilirlər. O mənada, çox da özümüzü öyməyək, bəzən orijinal ideyalar məhz uşaqların beynində yaranır, ən humanist hərəkətlər onların xırda addımlarından başlayır, ən xeyirli məsləhətlər onların dilində səslənir.
Bugünlərdə ana-bala arasında təsadüfən (bəlkə də təsadüf deyil, zərurət-N.O) eşitdiyim bir dialoq, sanıram, çox insanların həyatına təsir edəcək qüvvəyə malik ola bilər. Belə ki, özünüqəsd barədə ictimai nəqliyyatda gedən radiosöhbətə “qulaq kəsilən” azyaşlı uşaq intiharın nə demək olduğunu ona izah edən anasından axırda həyəcanla soruşur: “Bəs bir adam özünü öldürsə, bilmir ki, cənnətdə babasını, nənəsini daha görə bilməyəcək” sualı bu mövzuda uzan-uzadı deyilənləri, qalaq-qalaq kitabların öyrətdiyini, geniş təbliğatı necə də asanlıqla əvəz edir. Çünki azyaşlı uşaqlar, hələ bəzən böyüklər üçün də ən həssas məsələlərdən biri, hamımızın uşaqlığının ən böyük xoşbəxtlik çəki-dərəcəsi olan nənə-babalardır, onlarla birgə yaşanan sevinc dolu məqamların taleyin yenidən bizə qismət etməsidir.
... Yay aylarında ölkəiçi səyahət zamanı azyaşlı uşaqların ətraf aləmə, insanlara, təbiətə və s. necə münasibət bəsləməsini, onları necə anlamasını müşahidə etmək imkanı yarandı. Yabanı çiçəkləri kökü qarışıq dartıb-çıxaran, ağaclardakı, saplağından qopmayan kal meyvələri yoluşduran böyüklərə onların təəssüf qarışıq baxışlarını kaş görəydiniz. Böyüklərin təbiətə bu münasibəti hətta meşədə yetişmiş meyvələri dərməyə olan məqamlara da sirayət edirdi: “Bu meyvələr yetişib dibinə tökülür, ay ana, onları yemək olarmı?”.
Olar-olmazlara böyüklərdən çox uşaqların əməl etdiyini birmənalı şəkildə deyə bilərik. Bəzən onlardan çox əliyanıqlı oluruq, azyaşlılara deyinir, onların ətrafı dağıtdığına, qarışıqlıq yaratdığına, götürdüyü əşyaları yerinə qaytarmamasına, sözə, nəsihətə qulaq asmamasına əsəbləşirik və... hirsimizi-acığımızı özümüzə deyil, onların üstünə yönəldirik. Görəsən, niyə?
Bəlkə ona görə ki, böyük, taleyüklü bəzi məsələlərə münasibətdə hələ də çox şeyləri bilmədiyimiz, əməl etmədiyimiz, onları yerinə yetirmədiyimiz üçün özümüzə deyil, onlara gücümüz çatır? Ona görə də ən adi məsələlər üçün onları danlayır, bəzi hallarda isə şiddətdən də çəkinmirik.
Lakin uşaqlar öz balaca qəlbləri ilə bağlandığına, istər valideyninə, istərsə də ətrafda olan insanlara heç vaxt kin saxlamır. Bizə qarşı ən böyük unutqanlığı məhz azyaşlılar nümayiş etdirir, əsəbimizin, deyingənliyimizin, güc nümayişimizin birbaşa istiqaməti o balaca varlıqlar, sevgidən qaynaqlanan yaddaşsızlıqla bizə ən böyük həyat dərsi verirlər.
...Məktəbyaşlı bir uşaq dərsarası tənəffüsdə yemək üçün aldığı balaca bir kökəni, şirniyyatı, meyvəni sinifdə öz yoldaşı ilə paylaşırsa, daha böyük paylaşımlar üçün onlardan öyrənək.
O şagird bu gün bir tikəsini sabah öz həmyaşıdlarıyla bölmək təcrübəsi keçirsə, gələcəyimizin narahatlığını az da olsa azaltdığı üçün onlara minnətdar olmalıyıq. Ən böyük məktəb də sanıram, elə budur - insanlığı, böyüklüyü, xeyirxahlığı, humanizmi az yaşında əxz etmək və o ali dəyərlərlə yaşamaq.
... Deyirlər, ailədə qızlar atalarını, oğlanlar da analarını sevər, onunla fəxr edər, öyünər. Ən ali dəyərlər elə adi sandığımız məsələlərdən başlayır, boy atır, böyüyür. Cəmiyyətin müsbət istiqamətli, amal və əqidəli insanlardan yaranması da ilkin olaraq az yaşdan başlayır. O yaşda ən böyük dəyərlərin bünövrəsi qoyulur. Və o bünövrənin möhkəm qalması, illərlə, zaman-zaman yaşaması üçün azyaşlılara xırda varlıqlar kimi baxmayaq. Onlar boyumuzdan aşağıda olsalar da, balaca köksünə sığmayan böyük qəlbləriylə bizdən daha ucada dayanırlar. O ucalıqda ki, bir elə danlağın, fasiləsiz nəsihətlərin, çoxlarına xas pis vərdiş və adətin rəmzi olan şiddətin qarşılığında yenə də böyüklərə qarşı kin-küdurətsiz, xəbislikdən xəbərsiz bir jesti - öz məsum baxışlarını əsirgəmirlər.
Onlardan ilk olaraq öyrənməli budursa, sonrasını görmək üçün mütləq böyüməliyik. Onlara çatana qədər.
Nigar Orucova