(KƏVSƏR SURƏSI VƏ ONUN TƏFSIRI)
Kainat bir ağac kimidir. Maddi aləm onun budaqları, bitkilər yarpaqları, heyvanlar çiçəkləri, insanlar isə meyvələridir. Meyvələr içində ən işıqlı, nurlu, üstün, gözəl və xeyirlisi isə bəşərin iftixar tablosu Məhəmməd (ə)-dir. Rəbbin qulu, seçdiyi peyğəmbəri, mülkünün gözəlliyi, sənətinin təməl daşı, hidayətinin günəşi, məhəbbətinin izharı, rəhmətinin misalı, yaratdıqlarının nuru, meracının sahibi olan Məhəmməd (ə), həm də heç bir peyğəmbərə verilməyən əbədi bir nemətin - Kəvsərin sahibidir.
Xülasəsi
Əksər mənbələrə görə, bu surə Məkkədə nazil olub. O, Quranın ən qısa surələrindəndir və 3 ayədən ibarətdir. Surənin mövzusu Allahu-Təalənin seçdiyi Rəsuluna lütf etdiyi məxsusi feyz və bərəkət, bu nemətlərə görə isə Peyğəmbər(ə)nin Rəbb üçün namaz qılıb, qurban kəsməsi barədə Allahın əmridir.
Anlamı
"1.Həqiqətən Biz sənə Kəvsər bəxş etdik! 2.Ona görə də, Rəbbin üçün namaz qıl və qurban kəs! 3.Düşməninin özü əbtərdir".
Nazil olunma səbəbi
Müfəssirlərin hamısı qəbul ediblər ki, surə Peyğəmbər (ə)-yə düşmənçilik edənlərin onu "əbtər" (quyruqsuz, sonsuz) adlandırdıqları üçün nazil edilib. Konkret olaraq bu sözün kim tərəfindən deyilməsi barədə isə müxtəlif rəvayətlər var. Bəzilərinə görə, həmin şəxs: "Mənim Məhəmmədə nifrətim var. Nifrət edilən adam da əbtərdir" sözünü deyən As ibn-Vaildir. Digərləri hesab edirlər ki, o şəxs: "Məhəmmədin oğlu yoxdur. O əbtərdir" ifadəsini işlədən Uqbə ibn-Əbu Muayt olub. Məlumdur ki, Məhəmməd (ə)-nin həzrəti Xədicədən iki oğlu (Qasım və Abdulla), 4 qızı (Zeynəb, Ruqiyə, Gülsüm, Fətimə) və həzrəti Mariyadan İbrahim adlı oğlu olub. Surənin Məkkədə nazil olmasını iddia edənlər Peyğəmbər (ə)-nin oğlanlarının (Qasım və Abdulla) Məkkə dövründə vəfatını əsas götürüblər. İbrahimin vəfatını nəzərdə tutanlar isə yalnız bir mənbəyə istinad edirlər. Tarixi mənbələrə görə, bu söz Qasim vəfat edərkən As ibn-Vail tərəfindən Uonun nəsli kəsildi. O, əbtərdir şəklində deyilib. Bu həmin kafir As ibn-Vaildir ki, camaata Peyğəmbər (ə)-yə küfr etməyi təbliğ edərdi. Belə ki, səhabələrdən Həbbabın Asdan alacağı var idi. Həbbab alacağını istədiyi zaman, Allah və axirətə inanmayan As onu lağa qoyaraq, "Peyğəmbərə küfr etməyənə qədər sənin pulunu verməyəcəyəm",- dedi.
Həbbabın "Mən heç vaxt küfr etmərəm",- cavabına As: "Elə isə, dirildiyim zaman qiyamətdə yanıma gələrsən və o zaman da borcunu qaytararam",- dedi.
Yeri gəlmişkən, bu kafirin cəzası barədə Quran iki dəfə xəbardarlıq edib. "Ayələrimizi inkar edib, (əgər qiyamət qoparsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir deyəni (As ibn-Vaili) gördünmü? Xeyr, onun əzabını artırdıqca, artıracağıq" (Məryəm, 77-80). Və Rəbb vədi özünü çox gözlətmədi. Az sonra As uzunqulağının ayağını dişləməsindən əmələ gələn infeksiyadan öldü. Üqbə ibn-Muayt isə Bədr vuruşunda (623-cü il) öldürüldü. Üçüncü mənbəyə görə, surə Rəsululləhin oğlu İbrahim vəfat etdikdən sonra müşriklərin: "Məhəmməd bu gecə əbtər oldu" deməsinə rəğmən nazil olub. Göründüyü kimi, bu ifadənin kim tərəfindən deyilməsindən asılı olmayaraq, surə, həmin sözə görə Məhəmməd (ə)-nin mənəvi sarsıntı keçirməsi səbəbindən nazil olub.
Təfsiri
- "Həqiqətən Biz sənə Kəvsər bəxş etdik!" (İnnə ətaynəkəl-Kəfsər).
Ayə Peyğəmbər (ə)-yə ünvanlanıb. "Biz bəxş etdik" ifadəsi həm verənin, həm də verilən ənamın - Kəvsərin böyüklüyünə işarədir. Belə ki, Rəbb "Sənə bəxş edəcəyik" yox, "Sənə bəxş etdik"- deyib. Yəni Rəbb ayəni gələcək zamanda yox, keçmiş zaman şəklində ifadə etməklə sanki deyir: "Mənim vədim mütləq yerinə yetiriləcək və o Kəvsər sənindir". "Kəvsər"in lüğəti mənası "bol olan, çox şey" yəni, hər şeyin bolluğu deməkdir. Bəzilərinə görə, bu, Cənnətdəki çayın adıdır. Digərləri bu sözü "Çox xeyirli" anlamında işlədilən Quran, şəfaət məqamı, Peyğəmbərlik statusu kimi qəbul edirlər. Ümumiyyətlə, Kəvsər sözünün 26 təfsiri var ki, bunların ən mötəbərləri aşağıdakılardır:
- Kəvsərin Cənnətdə bir çayın adı olması. Zira Peyğəmbər (ə) buyurub: "Kəvsər Rəbbimin Cənnətdə mənə verdiyi nəhrdir" və ya "O bir hovuzdur ki, xeyirlərin hamısı ondadır. Ümmətim Qiyamət günü həmin bulaqdan içəcək. Lakin bəzi insanlar Kəvsərin kənarından uzaqlaşdırılacaq. Mən Rəbbimə deyəcəyəm ki, axı onlar mənim ümmətimdəndir. Rəbb isə buyuracaq: "Ya Peyğəmbərim, sən bilməzsən onlar səndən sonra hansı işləri görüblər".
Əhməd Həmbəli, Buxari, Muslim, İbn Macə və başqa islam alimləri isə həzrət Aişə və İbn Abbasa istinadən Kəvsərin özəlliklərini belə təfsir ediblər: "Onun kənarları inci qübbələrdən ibarətdir. İçindən müşki - əmbərdən də ətirli, süddən də ağ, baldan da şirin maye axır. Onun eni və uzunu gündoğandan günbatana kimi, dərinliyi isə 70 min illik məsafə qədərdir. Ondan içən bir daha susamaz. Mənim əhdimi pozanlar, əhli-beytimi öldürənlər ondan içə bilməzlər".
- İqrimə və digərlərindən gələn mənbələrə görə, "Kəvsər" peyğəmbərliyin şərəfi anlamını verir. Çünki peyğəmbərlik bütün xeyirləri ehtiva edən ilahi statusdur.
- "Kəvsər"də məqsəd ümmətin alimləridir. Çünki alimlər peyğəmbərlərin varisləri olduqları üçün çox xeyirlidirlər.
- Peyğəmbər (ə)-nin ümmətinin çoxluğudur. Bu mənbəyə görə, "Allah həzrət Məhəmmədə o qədər çox və xeyirli ümmət verib ki, cənnət əhlinin yarısından çoxu müsəlmanlardan olacaq".
Müəllif hesab edir ki, bu fikir Quran hikmətinə tam cavab vermir. Belə ki, Allah axirətdə insanların üç qrupa bölünəcəyindən xəbər verir:
- a) Öndə olanlar - Nəim Cənnətinin sahibləri;
- b) Sağ tərəf sahibləri - Cənnət əhli;
- c) Sol tərəf sahibləri - Cəhənnəm əhli.
Rəbb buyurub ki, "Öndə olanların çoxu keçmiş ümmətlərdən, az qismi isə Məhəmməd (ə) ümmətindəndir: "Zira əvvəlki peyğəmbərlər və onlara iman gətirənlər sayca çoxluq təşkil edir" (Vaqiə, 7-14). "Sağ tərəf sahiblərinin bir qismi əvvəlkilərdən, bir qismi də Məhəmməd (ə) ümmətindəndir" (Vaqiə, 38-40). Göründüyü kimi, Quran ayələri heç də Cənnət sahiblərinin əksəriyətinin Məhəmməd (ə) ümmətindən olacağını təsdiq etmir.
- Peyğəmbər (ə)-nin nəslinin çoxluğudur. Yəni ilahi hikmət səbəbindən həzrət Məhəmmədin üç oğlunun vaxtsız vəfat etməsinə baxmayaraq, onun nəvələri (həzrət Həsən və Hüseyn) və onlardan törənənlər kifayət qədər çoxdur. Və onlar xeyirli insanlardır.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru