İnsanlar bələdiyyələri torpaq satan dəllallar
qismində görür və tanıyır
Dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Lakin ölkəmizdə ümumiyyətlə, seçki əhval-ruhiyyəsi hiss olunmur. Vətəndaşlarımızın bələdiyyə seçkilərinə soyuq, biganə münasibət bəsləməsinin əsas səbəbi, bu strukturun icra hakimiyyətlərinin əlaltılarına çevrilərək, formal xarakter daşımasıdır. Nəticədə, Azərbaycan bələdiyyələrinin torpaq biznesi və bələdiyyə sədrlərinin bu biznesdən qazandıqları külli miqdarda var-dövlət haqqında ölkə mətbuatında yetərincə ciddi məqalələr dərc olunub. Hər bir bələdiyyə orqanında və ümumiyyətlə, bələdiyyə sistemində baş verən özbaşınalıqlardan bəhs edən bu məqalələrdə vətəndaşların şikayətləri, onların haqqının qəsb edilməsi, torpaqların böyük bir qisminin hərraçdan kənar, fərdi maraqlar müstəvisində satılması və s. neqativ hallar mətbuatda vaxtaşırı işiqlandırılır. Əslində isə bələdiyyə vətəndaşların özünü idarəetməsi ücün yaradılan vacib sistemdir. Əlbəttə, onu da qeyd etmək lazımdır ki, ölkəmizdə bələdiyyələr barədə qanunun özü natamamdır və məhz, belə natamamlıq bələiyyələri hakimiyyət strukturlarından asılı duruma salıb. Bu hakim strukturlarda bələdiyyələrə bir növ özünün iş icraçıları kimi baxırlar. Bu gün bələdiyyələrin cəmiyyətdə nüfuzu sıfıra bərəbərdir. İnsanlar bələdiyyələri torpaq satan dəllallar qismində görür və tanıyır. Bələdiyyələr isə hec vaxt öz fəaliyyətləri barədə seçicilərə hesabat vermir. Seçkilərdən hələ çox əvvəl kimin bələdiyyə sədri, kimin üzvü olacağı və hansı vəzifələrdə təmsil olunacağı artıq hamıya bəlli olur, seçkidən, kollegiyalıqdan söhbət gedə bilməz, hər şey "yuxarıdan" gələn tapşırıq əsasında həll olunur.
Əslində isə hakimiyyət bələdiyyələrin ədalətli seckilərlə təşkil olunmasında maraqlı olmalıdır. Belə ki, özünüidarəetmə sistemi hakimiyyətin gündəlik idarəetmə yükünü xeyli azaldar və nöqsanları aradan qaldırması məsulliyyətini, həm də ölkə vətəndaşları öz üzərinə götürər. Necə deyirlər, özləri seçib, özləri də nəzarəti təşkil edə bilərlər.
Müxtəlif təşklatların da bələdiyyə seçkilərinə biganə münasibəti anlaşılan deyil. Təbii ki, əsas arqument seçkilərin saxtalaşdırılacağının öncədən bəlli olmasıdır. Qeyd edən ki, mövcud reallq belədir. Ancaq vətəndaşların susqunluğu və məmurların özbaşınalığı da, son nəticədə yaxşı heç nə vəd etmir.
Belə bir situasiyada yaxşı olardı ki, seçki marafonundan maarifləndirmə üçün istifadə olunsun, bələdiyyələrin vəzifə və səlahiyyətləri barədə ölkə vətəndaşları məlumatlandırılsın ki, onlar da özlərinin bu seçkilərdə vəzifə və hüquqlarını bilsinlər. Zənnimcə, Prezident İlham Əliyevin son zamanlar ölkədə başlatdığı kadr islahatları bələdiyyə sisteminin yenidən qurulmasına və qarşıdan gələn seçkilərin şəffaf və ədalətli keçirilməsinə stimul verməlidir. Bu həm də müxtəlif təşkilatların bütün ölkə boyu fəaliyətlərinə kifayət qədər stimul verə bilər. Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri öncəsi təbliğat marafonunda ölkəmizdə bələdiyyə idarəçiliyi mexanizminin dəyişdirilməsi, qardaş Türkiyə Cümhuriyyətinin təcrübəsindən istifadənin zəruriliyi önə cəkilməlidir. Əgər müəyyən qrup məmurlar buna qarşı çıxmağa cəhdlər etsələr, bu, arzuolunmaz nəticələrə səbəb ola bilər. Buna görə də onlar seçiciləri seçkiləri baykot etməyə sövq etməkdən cəkinməlidir. Bunun üçün isə seçkilərin şəffaf keçirilməsinə şərait yaradılmalı, seçkilərdə məmur müdaxiləsinə yol verilməməlidir. Çünki baykot digər seçkilərdən fərqli olaraq, bələdiyyə seçkilərində daha effektli ola bilər. Düşünməyə dəyər.
Bələdiyyələrin perspektivləri barədə isə onu demək mümkündür ki, bu gün bələdiyyələrin işlək mexanizmə çevrilməsi üçün hələ xeyli işlər görülməlidir. Bu prosesin texniki xırdalıqlarına varmadan vurğulamaq istərdik ki, hal-hazırda yerli icra hakimiyyəti orqanlarının həyata keçirdiyi bütün vəzifələr bələdiyyələrə verilməlidir. Vətəndaşlar öz yerli problemlərini həll etmək üçün mərkəzi icra hakimiyyətinə deyil, özünün seçdiyi, seçici qarşısında məsuliyyət daşıyan yerli idarəetmə orqanına - bələdiyyəyə müraciət etməlidir. Bələdiyyə isə öz səlahiyyətləri çərçivəsində əhalinin problemlərini həll etməlidir. Belədə həm operativlik baxımından səmərəlilik yüksəlir, həm də yerli idarəetmə orqanları əhaliyə daha yaxın olduğundan problemin mahiyyətini və həlli yollarını mərkəzi icra hakimiyyəti orqanlarından daha yaxşı bilirlər. Bütün bu məsələləri diqqətə alaraq bələdiyyələrin fəaliyyətində də müsbət nəticələrə gətirib çıxaran islahatlar həyata keçirilərsə, həm bələdiyyələrə, həm də bələdiyyə seçkilərinə də cəmiyyətdə ciddi maraq yaranar. Bələdiyyələrin fəaliyyətində ciddi dəyişiklik olmadan isə seçicilərin bələdiyyə seçkilərinə cəlb edilməsi mümkün olmayacaq.
Sonda bir məsələni də qeyd edim ki, yuxarıda qeyd etdiyimiz təkliflər heç də bizim kəşfimiz deyil. Dünyanın bütün inkişaf etmiş ölkələrində - Avropada, Amerikada, Kanadada və s. hətta bizə ən yaxın ölkə sayılan qardaş Türkiyədə də bu sistem çalışır, əhalinin bütün yerli problemləri ilə yerli idarəetmə orqanları məşğul olur. Ona görə də həmin ölkələrdə bələdiyyə seçkiləri nəinki ölkədə, bəzən hətta bütün dünyada səs-sədaya səbəb olur. Bir neçə ay əvvəl Türkiyənin İstanbul bələdiyyəsinə keçirilən seçkiləri beynəlxalq aləmin necə izlədiyinin şahidi olduq. Azərbaycanda da seçkiləri həmin səviyyədə keçirmək olar, təki istək və siyasi iradə olsun. Dövlətimizin başçısı son çıxışları ilə sübut etdi ki, ölkəmizdə kordinal dəyişikliklərin həyata keçirilməsi üçün siyasi iradə var. Qalır bir istək məsələsi...
Əlizadə
Nəhmədağaoğlu