(Yazı VI)
Ancaq bütün bunlara baxmayaraq Seyid Cəfər Pişəvəri əsasən hesab edirdi ki, 2500 illik dövrdə Azərbaycan “İran”ın istilası, əsarəti altında olmuşdur. Üstəlik də, bu 2500 ilik “İran şahlığı” istilası, əsarəti dövrünə baxmayaraq Azərbaycan xalqı heç bir məntiq olmadan guya “irançılığı”, “iranlılığı” qəbul etdiyi halda, sadəcə, fars dilini və fars kimliyini özündən uzaq tutur. Şübhəsiz, birincisi, 2500 illik “İran şahlığı”nın özü başdan-ayağa uydurma idi və onun böyük bir dövrü “Turan/Türk xaqanlığı” ilə bağlıdır. İkincisi, Azərbaycan xalqı istər fars imperiyaları (Əhəmənilər, Sasanilər), istərsə də Türk imperiyaları (Midiya, Hunlar, Parfiya, Qəznəvilər, Səlcuqlar, Oğuzlar, Çingizxanlar, Teymurlar, Səfəvilər, Əfşarlaq, Qacarlar və b.) dövründə əsasən türklüklə bağlı olmuşlar. Həmin Türk dövlətlərinin (Midiya, Parfiya, Səlcuqlar, Səfəvilər və b.) çoxunu Azərbaycan türkləri yaratdıqları halda, indi onu “İran şahlığı” adına bağlayıb, sonra da demək ki, “İran” dövləti azərbaycanlılar tərəfindən yaradılıb, ancaq biz öz yaratdığımız dövlətlərin əsarəti altında olmuşuq, bunun heç bir məntiqi izahı ola bilməz.
Burada bizim milli kimliyimizi, milli dilimizi, milli dövlətçilik ənənələrimizi, milli mədəniyyətimizi “Qordion düyü-nü”nə salan ən azı son iki əsrdə aparılan uydurma “irançılıq” ideyasıdır. Xüsusilə də, ingilislərin (qismın də yəhudilərin) başını çəkdiyi “irançılıq” ideyası elə bir formada ortaya atılmış və təbliğ edilmişdir ki, burada fars kimliyi, fars dili, fars mədəniyyəti, fars dövlətçiliyi şişirdilərək türk kimliyi, türk dili, türk mədəniyyəti, türk dövlətçiliyini kölgədə qoymuşdur. Bununla da, dünənə qdər (1925) bu ölkənin, bu coğrafiyanın hakimi və yerli əhaliisi olan Türk xalqı Fars xalqının qarşısında xüsusilə də, milli şüur baxımından məğlub duruma gətirilmişdir. Üstəlik, bu bölgədə, coğrafiyada Türk kimliyinin, Türk dilinin, Türk mədəniyyətinin, Türk dövlətçiliyinin saxtalaşdırılması və unutdurulması fonunda, ən böyük zərbə böyük Turan/Türk dövlətlərinin daima mərkəzi olmuş Azərbaycana, Azərbaycan türklərinə vurulmuşdur. Bu məsələdə aktiv rol oynayan Böyük Britaniya və Rusiyanın türkləri, xüsusilə də Azərbaycan türklərini sıradan çıxarıb (Azərbaycan Türk mərkəzli hakimiyyəti çökdürmək yolu ilə), onun yerinə farsları hakimiyyətə gətirməkdə (İran Fars mərkəzli hakimiyyəti təsis etməklə) əsas məqsədləri indi “İran” adlanan ölkəni nəzarəti altında saxlamaq, dünya ağalıqlarını gücləndirmək olmuşdur.
Bu, bir gerçəklikdir ki, Böyük Britaniya və Rusiya imperiyalarının ən azı son iki əsrdə bu bölgədə oynadıqları oyunların ən böyük qurbanı da Azərbaycan türkləri olmuş, bu xalq yalnız hərb meydanlarında deyil, milli şüur baxımından da böyük yaralar almışdır. Hər halda son dövrlərdə Azərbaycan xalqının ziyalılarının milli təfəkkürlərində yaranmış yarımçıqlıqlar onların dünyagörüşlərinə, ictimai-siyasi fəaliyyətlərinə, fəlsəfi-dini dünyagörüşlərinə də ciddi şəkildə təsir göstərmişdir. Bizcə, 20-ci əsrdə yaşayıb yaratmış Rəsulzadənin, Hüseynzadənin, Ağaoğlunun, Nərimanovun, Xiyabaninin, Pişəvərinin və başqa aydınlarımızın dünyagörüşlərində ortaya çıxan çatışmazlıqlar ümumililkdə, Azərbaycan türk təfəkküründə yaranmış yarımçıqlıqlarla bağlıdır.
Bu baxımdan Pişəvərinin milliyyət məsələsində farsla heç bir əlaqəsi olmayan “Azərbaycan milləti”, “azərbaycanlı”, “Azərbaycan dili” anlayışlarını müdafiə etməklə yanaşı, yanlış olaraq ümumi hesab etdiyi “iranlı” kimliyini, “İran dövlət”çiliyini də qəbul etməsi, bəhs etdiyimiz Azərbaycan türk təfəkküründə otaya çıxmış naqisliklərlə bağlıdır. Özü də, burada diqqət yetirsək görərik ki, bəzi mütəfəkkirlərimiz kimi Pişəvəri də, “iranlı” kimliyini, “İran mədəniyyətini” fars kimliyi, fars mədəniyyəti, fars dili kimi aşağı-yuxarı qəbul etdiyi halda, ancaq “Azərbaycan milləti”, “azərbaycanlı”, “Azərbaycan dili” anlayışlarınının sinonimi olaraq türk milləti, türk dili, türk mədəniyyəti məfhumlarına müraciət etmir. Üstəlik, “azərbaycanlılığ”ın, “azərbaycan dili”nin fars dili, fars kimliyi ilə heç bir bağlılığının olmadığını irəli sürsə də, ancaq ümumilikdə “iranlı” kimliyinin içində qəbul edir. Başqa sözlə, o, bir tərəfdən dəfələrlə xatırlatsa da ki, azərbaycanlı özünü “iranlı” adlandırdığı halda, heç vaxt fars adlandırmaz, ancaq bizcə, azərbaycanlının, Azərbaycan türkünün “iranlı” olmaqla razılaşması heç də fars adlandırmaqdan az təhlükəli deyildi.
Bu baxımdan, araşdırdığımız dövrlə və həmin dövrün mütəfəkkirlərinin, o cümlədən də Pişəvərinin dünyagörüşündəki ziddiyyətləri anlamaq üçün burada əsas diqqət edəcəyimiz məsələlərdən biri də onların bir tərəfdən Azərbaycan türkü olaraq “İran”ın ərazi bütövlüyünü, “İran” dövlətçiliyinin təhlükəsizliyini düşünməsi, digər tərəfdən bunu edərkən də “iranlı” olmaq məsələsidir. Birincisi, “İran” adı altında coğrafiyanın, dövlətin bütövlüyü “iranlı” olmaqla səsləşsə də, bu, Pəhləvilərin hakimiyyətindən sonra (1925) və “İran” adının rəsmiləşməsi ilə bağlıdır (1935). Hər halda, 1925-ci ilə qədər (ən azı son minillikdə) bu ölkəni bütövləşdürən də, onun təhlükəsizliyini təmin edən də Türk dövlətləri olmuşdur. Yəni “iranlı” olmaq və “İran” dövləti olmaq yeni dövrün məhsulu olduğu halda, türkün şüurundakı dövlətçilik, ərazi bütövlüyü məsələsi daim olmuşdur. Ona görə də, yeni dövrdə türklərin əksəriyyəti əski dövlətçilik şüuru baxımından “İran” və “iranlı” anlayışlarını mənimsəməkdə çətinlik çəkmədikləri halda, sadəcə olaraq bu “irançılığı”n mahiyyətindən irəli gələn farslığı, aryançılığı əsla qəbul etməmişlər. Halbuki fars millətçiləri üçün türklərin “İran”, “iranlı” anlayışlarını qəbul etməyin özü, aryançılıq anlamında fars dilinə və fars kimliyinə assimilyasiya olunmaq üçün ciddi ideoloji bir addım idi. Başqa sözlə, türklər “İran”, “iranlı” anlayışlarına dövlətçilik və ərazi bütövlüyü çərçivəsində yanaşdıqları halda (bunun əsl mahiyyətini dərk edib, ya da etməmələrindən asılı olmayaraq), farslar üçün bu, türklərin aryançılığı (fars dilinə, fars kimliyinə, fars mədəniyyətinə) qəbul etdirib, farslaşdırmaq yolunda lazım idi.
Bizcə, məsələnin əsl mahiyyətini çılpaqlığı ilə dərk etməyən, “iranlılığı farslığa qarışdıran cahillər”lə razılaşmayan Pişəvəri də, bu anlamda “iranlı” kimlyinə yad baxmır, daha çox fars dili, fars kimliyi üzərindən farslaşdırmanın aparılmasının əleyhinə çıxırdı. Ona görə də, tez-tez xatırladırdı ki, “İran” dövləti azərbaycanlılar vasitəsilə təsis olunmuşdur və Azərbaycan xalqı ümumiyyətdə, iranlı olsa da, xüsusiyyətdə azərbaycanlıdır. Halbuki Azərbaycan xalqı üçün əsas təhlükə məhz “ümumiyyətdə iranlı” kimi qalmağa davam etməsi, Türk dövlətlərini “İran dövlətçiliyi” adı altında, özü də “iranlı” kimi qəbul etməsi idi.
Beləliklə, bizcə, Pişəvərinin düşüncələrində, siyasi fəaliyyətində xeyli dərəcədə sosial-demokratiya (xüsusilə də marksizm-leninizm) ideyasının, həmin ideyanın aparıcı qüvvəsi olan Sovet Rusiyasının ciddi təsiri olmuşdur. Müəyyən mənada o, siyasi fəaliyyətdə və dünyagörüş məsələlərində N.Nərimanovun, Xiyabaninin yolunu təkrar etmişdir. Hər halda Pişəvəri də, Xiyabani və Nərimanov kimi, sosial-demokrat ideyasına, o cümlədən həmin ideyanın aparıcı qüvvəsi hesab etdiyi Sovet Rusiyasına böyük ümidlər bəsləmişdir. Ancaq bu ümidlər özünü doğrultmayanda daha çox milli-demokrat mövqeyinə yaxınlaşsa da, tamamilə ondan qopa da bilməyib (N.Nərimanovla Xiyabani də eyni aqibəti yaşayıb). Yəni inandığı əsas məsələ o olub ki, Azərbaycan, Azərbaycan xalqı tarixən “İran şahlığı”nın istilası altında olmuş, hazırkı dövrdə sosial-demokratiya ideyasının (Kominterin) və Sovet Rusiyasının yardımı ilə tamamilə olmasa da, ən azı muxtar formada milli azadlıqlarına qovuşa bilərlər. Bizcə, Sovet ideoloqları Pişəvərini də inandırıblar ki, Azərbaycan xalqı üçün Milli İstiqlala qovuşmaq şəraiti yetişmədiyi üçün, öncə, milli muxtariyyəti əldə etmək vacibdir. Milli istiqlal şəraiti yetişənə qədər də, Azərbaycan və Azərbaycan xalqı “İran istiqlaliyyəti” və “iranlı” kimliyindən imtina etməməli idi.
Üstəlik, o da, Sovet Rusiyasının ideoloqlarının tarix, mədəniyyət, fəlsəfə kimi mühüm sahələrdə təsiri altına düşərək milli-dini (türklük, islamlıq) məsələlərdə yanlışlığa yol verib. O, Quzey Azərbaycanda sosial-demokrat əqidəsinə bağlı soydaşları kimi (N.Nərimanov, S.M.Əfəndiyev, H.Hüseynov və b.), milli kimliyinin və ana dilinin türk olduğunu bildiyi halda, marksizm-leninizm təliminin təsiri altında bunu arxa plana keçirərək, sadəcə, milli azadlıq idealını ön plana çıxarıb. Bu baxımdan, Pişəvərinin yazılarında və çıxışlarında “Türk dili”, “Türk milləti”, “Azərbaycan türk milləti” deyil, əsasən “Azərbaycan dili”, “Azərbaycan milləti”, “Azərbaycan xalqı”, “azərbaycanlılar” kimi ifadələrdən istifadə etməsi təsadüfi olmamışdı. Sovet Rusiyasının ideoloqları Azərbaycan milli hərəkatını mümkün olduğu qədər türklük ruhundan uzaq tutmağa çalışırdılar. Buna əsas səbəb də Sovet Rusiyasının ikinci Dünya müharibəsi ərəfəsində Türkiyəylə münasibətlərinin kəskinləşməsi, buna uyğun olaraq da bütün imperiya ərazisində, o cümlədən Şimali Azərbaycanda antitürk siyasət yürütməsi idi. Ona görə də, Sovet Rusiyası Azərbaycan milli hərəkatının türklük üzərində qurulmasının tamamilə əleyhdarı olub, əsas diqqəti sosial-demokratizmə və türklük ruhundan uzaq azərbaycançılığa kökləməyə çalışırdılar. Bütün bunlar Pişəvərinin dünyagörüşünə təsirsiz ötüşməmişdir.
Son.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent,
fəlsəfə üzrə fəlsəfə doktoru
Faiq Ələkbərli
(Qəzənfəroğlu)