Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır

 
Oktyabrın 9-dan Türkiyə Ordusu Suriyanın milli ordusu ilə birlikdə Suriyanın şimalında "Barış pınarı" adlı antiterror əməliyyatlarına başlayıb. Türkiyənin Suriyada "Zeytun dalı" və "Fırat kalkanı" əməliyyatlarının davamı olan bu əməliyyatların da əsas məqsədi uzun illərdir ki, bir çox xarici dövlətlərin bölgədə bəsləmiş olduğu və zaman-zaman Türkiyəyə qarşı istifadə etdiyi terror qruplaşmalarından təmizləmək, Türkiyəyə qarşı olan təhdidlərə birdəfəlik son qoymaqdır.

Qardaş ölkənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarına diqqət çəkən Azəbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov deyib ki, Türkiyə Silahlı Qüvvələri Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləməklə həm də Suriyada uzun illərdən bəri davam edən sabitsizliyi aradan qaldırmaq, bölgəni təhlükəsiz bir hala gətirmək niyyəti güdür: "Təəssüflər olsun ki, NATO üzvü olan dövlətlər bu antiterror əməliyyatlarına dəstək vermək əvəzinə, bölgədə Türkiyəni yalnız qoymaq, onun apardığı antiterror əməliyyatlarına kölgə salmaq niyyəti güdürlər. Lakin Türk Ordusunun hər gün qazandığı zəfər düşmən cəbhəni daha da təlaşlandırır, media vasitəsilə beynəlxalq ictimayyətə yalan məlumatlar ötürürlər. Ötən bir həftəyə yaxın zaman ərzində biz həm də Türkiyənin dost və düşmənlərini bir daha görmüş olduq. Ermənilərin bu antiterror əməliyyatına ciddi-cəhdlə qarşı çıxmalarının səbəbi təbii ki, onların da bir gün belə bir antiterror əməliyyatına məruz qalacaqlarını hiss etmələridir. Çünki onlar öz dövlətlərini məhz Azərbaycan torpaqlarında terror üzərində qurublar və bu terroru hələ də davam etdirirlər".

İlham İsmayılov təəssüf hissi ilə qeyd edib ki, erməni lobbisi ilə yanaşı Ərəb Liqasından da Türkiyənin bu haqq işini qınayanlar oldu: "Türkiyə uzun illərdir ki, islam dünyasının inkişafına, birliyinə çalışan bir dövlətdir. Görürük ki, Türkiyəni bu antiterror əməliyyatlarında yalnız qoymayan sadəcə qardaş Türkdilli dövlətlərdir. İnanırıq ki, bu son əməliyyatlar hər birimizdə eyni düşüncəni formalaşdırıb. Biz bütün Türkdilli dövlətlər birlik və bərabərliyimizi daim qorumalıyıq, söz sahibinə çevrilmək üçün gücümüzü birlikdə istifadə etməliyik. Nicatımız Türk Birliyinin var oluşunda daha aydın şəkildə görünür".

Süleyman İsmayılbəyli

Olaylar.az

0.15286993980408