Nigar Orucova
Onun gözəlliyinə dırnaqarası baxmaq da günah!
Bakının ən gözəl şəhərlər sırasında olmasını çoxları deyir. Sıravi vətəndaşlardan tutmuş, ölkənin rəsmi şəxslərinədək, hamı paytaxtımızın gözəlliyindən ağızdolusu danışır. Hətta deyilənə görə, bu gözəllik azmış kimi, yeni baş plan hazırlanıb tətbiq ediləndən sonra, şəhərimiz daha da gözəlləşəcək, necə deyərlər, dünyaya işıq saçacaq.Nə deyirik, istəyənlər var, istəməyənə ar olsun.
Onu da yada salaq ki, “Bakının şəhərsalma inkişafı” mövzusunda bir müddət əvvəl baş tutan plenumda şəhər meri də paytaxtın gözəlliyi barədə danışıb. Deyib ki, Bakı yalnız inkişaf etməyib, keyfiyyətcə də yeni səviyyəyə yüksəlib. Bütün bunları qoruyub saxlamaq üçün isə yeni inkişaf strategiyası müəyyən edilib. Bakı ŞİH rəhbərinin sözlərindən belə aydın olub ki, sürətli və ciddi inkişaf bəzi problemlərin yaranmasına da səbəb olur… Öz növbəsində Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı, alternativ mərkəzlərin formalaşdırılmasının, ərazilərdən səmərəli istifadənin, əhalinin rahat yaşayışının təmin edilməsinin, şəhərin memarlıq görkəminin qorunmasının, mədəni həyatın zənginləşdirilməsinin, şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidin əsas prioritet olacağından bəhs edib.
Diqqət etsək, əsas prioritetlərə indiyədək narahatlıq yaradan bəzi məqamlar daxildir. Yəni paytaxtın demək olar ki, əsas hissəsində tarazlı zonalaşdırma prioritetləri gözlənməyib. Heç ərazilərdən də səmərəli istifadə edilməyib. Əhalinin rahat yaşamasından isə söhbət gedə bilməz. Memarlıq görkəminin qorunmasını alt-üst edən faktları balaca uşaqdan soruşsaq da, deyə bilər. Mədəni həyatın zənginləşdirilməsi barədə söhbətlər isə hələ də arzu formasındadır.…
Söylənilən məsələlərin hər biri barədə ayrıca olaraq yazılar yazmışıq, şablon səslənsə də, həyəcan təbili çalmışıq, Bu təbilin səsini şəhərin rəhbərliyindən savayı, hamı eşidib. Danışıb-yazıb yorulmamışıq, çünki yenə də yazırıq, yazılanların birini elə hazırda oxuyursunuz. Bir sözlə, biz yazmaqdan, əhali şikayət etməkdən, əlaqədar qurum və təşkilatların məsul şəxsləri isə səssizlikdən, işsizlikdən yorulmadı.
Görəsən, nə vaxta qədər şəhərin gözəlliyi barədə dırnaqarası danışacaq, gələn qonaqlara, turistlərə qədimiliyi əl içi boyda qalan tarixi ərazilərimizi göstərəcəyik?! Şəhərin memarlıq ənənəsindən danışmaq üçün əvvəllər turbələdçilərə bir neçə saat danışmaq, tanışlıq çıxışı lazım idisə, indi onların da işi asanlaşıb. Paytaxtın mərkəzi hissəsində söküntüdən canını qurtaran bir neçə tikilidən başqa, tarixi abidələr adına nə qalıb ki, haqqında da danışılsın, məlumat verilsin?!
İllər əvvəl, elə mərkəzi hissədə inşa edilən bir otel kompleksinin tikintisində qırmızı xətti keçdiyi üçün tikinti şirkətinə rəsmi, qeyri-rəsmi, eləcə də ictimaiyyətin təpkisi oldu və həmin ərazidə bir də elə qanunsuzluğa yol verilmədi. Lakin mərkəzi hissə göz qabağında, mərkəzdən kənarlaşdıqca isə ərazilər “gözdən uzaq” olduğu üçün, elə “könüldən də iraq” qalıb. Yəni paytaxtın mərkəzi hissələrində qanunsuz bir tikinti işi aparılanda gözə tez sataşır və məsələ hansısa formada ictimailəşdirilir. Bəzən problem az da olsa həllini tapır, bəzən də ona qanuni don geyindirib məsələni “həll edirlər”. İstənilən halda, mərkəz doğma övlad rolunda olur. Kənarlarda isə...
Elə adından görünür ki, kənarlarda inşa edilən binalar memarlıq qayda-qanunlarından kənardadır. Özü də çox. Bakının kənar ərazilərinə səmadan baxsaq, sanki anormal bir qurama evin maketinə tamaşa etmiş olarıq. Binalar, göydələnlər necə gəldi tikilib. Ara məsafə memarların diliylə desək, heç gözlənməyib. Binalara səmadan deyil, üzbəüz baxsaq, hava keçirməzliyi bir tərəfə, elə pəncərədən qonşunun mənzilinin içərisini açıq-aydın görmək mümkündür. Necə deyərlər, gecə-gündüz pəncərələrin pərdəsini açmaq, mənzilin havasını dəyişmək sakinlər üçün həllolunmaz, çətin bir məsələyə dönüb. Yəni ən adi, elementar qayda-qanunlar belə, gözlənməyib.
Hündürmərtəbəli binaların birinci mərtəbəsinin uşaq bağçası kimi fəaliyyət göstərəcəyi barədə göstərişlər də kağız üzərində qalıb. Çünki istənilən kvartalda tikilən binaların heç birində uşaq bağçası fəaliyyət göstərmir. Bina sakinləri övladlarını yenə də müxtəlif ərazilərdə yerləşən sözügedən təyinatlı müəssisələrə aparmalı olur.
Qeyd etdiyimiz kimi, şəhərin memarlıq görünüşün qorunmasından danışmaq hazırda mənasız işdir. Mənasız işlərdən biri də şəhərin mədəni həyatının zənginləşdirilməsidir. Görəsən, mədəni həyatın zənginləşdirilməsi deyəndə, şəhərin gözəlliyinə məsul şəxslər nəyi nəzərdə tuturmuşlar? Çünki mənəvi həyatın zənginləşdirilməsi deyəndə, ağla ilk gələn kitabxanalar, kitab evləri, incəsənət müəssisələri və s. olur. Lakin cüzi istisnadan savayı, yeni tikilən hündürmərtəbələrin heç birində adına and içməyə hansısa belə müəssisə yoxdur. Köhnələrin əksəriyyətinin adı tarixə qovuşub, yenilərin yaradılması isə kiminsə umurunda deyil.
Narahat qaldığımız məsələlər barədə, güman ki, yenə də yazacağıq. Necə deyərlər, problemlər, kəm-kəsirlər həllini tapana kimi yazıb-yaradacağıq. Bu, bizim işimiz, vəzifəmiz, missiyamız, öhdəliyimiz və s. Amma bir məsələ də var, bəs görəsən, yeni baş planın tətbiqi zamanı əsas prioritetlər hansı ərazilərdə yerinə yetiriləcək? Ümumilikdə memarlıq görünüşü və s. məqamları prioritetlərə cavab verməyən paytaxtı ya gərək söküb yerə qoyasan, ya da uyğunluq olsun deyə, prioritetlərə başqa ad qoyasan...