Çarə...

 

 Nigar Orucova 

Problemə açar olsa, yaxşıdır

 

Harda ikiqat, sual işarəsinə dönmüş, boğazını irəli uzatmış, yolu tək-tənha gedən bir varlıq görsəniz, bilin ki, o, şagirddir. Orta məktəb şagirdi.

Harda kürəyi əyilmiş, çiyni həyatın məşəqqətlərindən, zamanın gərdişindən deyil, öz ciyərparasını təhsilin inzibati “qayda-qanun”larından qorumaq üçün vaxtsız-vədəsiz deformasiyaya uğramış bir şəxs görsəniz, bilin ki, o da valideyndir. “Orta məktəb valideyni”.

Bəli, bu gün təhsilimizdən bir sektor olaraq bataqlıq misalında bəhs ediriksə, deməli, o elə həmin adda, həmin mahiyyətdədir. Adı mahiyyətinə, mahiyyəti də adına uyğun olan təhsil sektorumuzun illərdir çözülməyən problemlərindən o qədər danışıb, yazıb, çəkib-göstərmişik ki, bu gün istənilən yazar tam əminliklə təhsil eksperti qismində çıxış edə bilər. Eyni zamanda, istənilən ailənin istəsə də, istəməsə də, bu gün təhsillə əlaqəsi mütləqdir. Axı hər birimizin ailəsində ya şagird, ya da tələbə var. O mənada, təhsil sahəsinin problemləri təkcə dar bir çevrənin deyil, daha geniş mənada, hər birimizin problemidir.

Böyük problemləri bir kənara qoyaq, təhsil sahəsinin ən xırda məsələsi, ona aid ən kiçik məqam da hazırda günümüzün aktual məsələsinə çevrilib. Əslində, elə belə də olmalıydı. Problemi həll etməsən, o, keçən hər gün bir buğda boyu “böyüyəcək”, inkişaf edəcək, zamanla həllolunmaz məsələyə çevriləcək. Siçanın “fil” olma ehtimalını kim dana bilər ki?”...

Elə məktəblilərin çanta problemi də həmçinin. Vaxtilə kitablarla bağlı, həqiqi mənada daşıya bilmədiyimiz bu ağırlıqla əlaqədar danışdıq, yazdıq, şikayət etdik və susduq. Susmaq da könüllü olmadı, yorulmuşduq əslində. Təhsilin Boloniyadan tutmuş istənilən sisteminin təcrübəsini qazanan bizlər, nə vaxtsa dayanıb-durmalıydıq. İnsan nə daş, nə dəmir, nə motor, nə də robotdur, o, sadəcə, canlı bir varlıqdır və çəkisinə uyğun olaraq, müəyyən yük götürməyə hesablanıb. Fəqət müasir təhsil sistemi şagirdləri və valideynləri az qala bir yük konteyneri hesab edir. Lazımlı-lazımsız kitablar, iş dəftərləri (adı dəftər olsa da, o da eynən bir dərslik kitabıdır), əlavə vəsaitlər və daha nələr bugünün şagirdinin “stolüstü kitabı”dır. Onlarsız hansısa məktəbli nümunəvi şagird adı daşıya bilməz. Hər şagirdin çantasında bütün fənnlərə aid dərslik ktabının, dəftərin, əlavə vəsaitin olması mütləqdir. Hələ müxtəlif rəngli karandaş, flomaster, yapışqan, qayçı, qələm, marker, xətkeş, silgəc, yonan, pozan, kitabtutan və s. adda məktəb ləvazimatından danışmırıq. Onların hamısının adını sadalasaq, biçarə valideynin bir çantaya yığdığı bu əşyaların adını bir yazıya sığdıra bilmərik.

Bu gün hansı şagirdin çantasına gözəyarı nəzər yetirsək, ordan mütləq sadaladıqlarımız çıxar. Lakin dərs kitablarına əlavə olaraq pərçim edilən həmin əşyalardan şagirdə hansı xeyrin dəydiyini deməkdə acizik.

Ziyandan isə hərtərəfli danışmaq, o istiqamətdə az qala kitab da bağlamaq olar. Öncə məktəbli çantasının boş halda ağırlığı azyaşlı şagirdin, ibtidai sinif şagirdinin real çəkisinə uyğun olmalıdır. Çantanın dolu halda çəkisini isə nəinki şagird, heç valideyn də daşıya bilmir artıq. O halda, illərlə çiynində maksimum iki övladının cüt məktəbli çantasını daşımağa məcbur olan valideynin sagamlığını tam yəqinliklə şübhə altına ala bilərik. Valideynin bu yükü daşımağa nədən məcbur edildiyinin cavabını onun özündən soruşmaq isə, gərək deyil. Bu vacib sualın cavabı sözügedən sektorun illərdir çözülməyən problemin həllinə məsul şəxslərdədir. Onlar isə hər təhsil ilinin əvvəlində çanta problemini qaldıran mütəxəssislərin, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin haqlı suallarına balıq kimi səssiz mövqe tutmaqdadır. Suallar hər yeni tədris ilinin əvvəlində əlaqədar nazirliyə, struktur və ekspertlərə ünvanlanır. Yazılı, şifahi şəkildə, süjet, təqdimat şəklində olan müraciətlərə isə, əfsus, baxmaq əziyyətinə də qatlanan qoxdur. Amma səssiz mövqedə qalanlarla müqayisədə, tədris ili davam etdikcə, problemdən “çıxış yolu” da tapılır.

“Dərd varsa, dərmanı da var” deyiminə uyğun, valideynlər hərilki vəziyyətdən çıxış yolu, problemə bir növ, çarə tapıblar. Məktəbli çantasındakı ləvazimatları azaldan, onların mənasızlığını deyən, şagirdə dəyərli nəsə verəcəyini rəsmi şəkildə etiraf edən olmayacaq. Elə bu ağırlıqdan onurğa sütunu vaxtsız-vədəsiz əyilən, kövrək sümükləri deformasiyaya uğrayan, bu yükdən hər cür xəstəlik tapmağa real namizəd olan övladlarının yükünü öz üzərinə götürür çarəsiz valideyn. Çünki sabah bu ağır yükün fəsadıyla rastlaşacaq övladının dərdinə məktəb direktoru, təhsil naziri çarə etməyəcək. Onlar heç xəstə şagirdi tanımaq da istəməyəcək. O zaman çarə tapmaq missiyası yenə də biçarə valideyndədir.

Mənasız yüklə dolu məktəbli çantasını illərlə daşımaqdan xəstəlik tapan valideynin övladını yarı yolda qoyması da başqa bir problemə yol açır. Nə fərqi, övladın ağır çanta daşımasın deyə, yükünü öz çiyninə götür, övladını bu çəkidən azad et, yaxud, məsuliyyətsizlərin günahı üzündən xəstəlik tap və ciyərparanı da bu əzabı daşımağa məhkum et...

Sözümü sənə deyirəm, realist oxucu. Kitabların, dərsliklərin, əlavə vəsaitlərin netboklara, noutbuklara, planşetlərə köçürüləcəyini illərdir gözləyən valideynlər onların sağlamlığına qənim kəsilən qurumlardan, təhsil adına olan nazirlikdən, kitab-dərslik nəşriyyatlarından əlini üzsə yaxşıdır. Mahnıda deyildiyi kimi, “bu məktub” - məqamına uyğun , bu yazı onlara çatmasa, elə “yolda-izdə itsə yaxşıdır”. Ümidin sonda olsa da, itməməsi, çarənin nə vaxtsa tapılması üçün...

0.16121792793274