Sığortalı həyat ...

 

 

Ondan niyə sığortalanmamışıq?

 Ölkə əhalisinin sığorta ilə bağlı məsələlərə kifayət qədər maraqlı olmaması istənilən fövqəladə-təbii, kütləvi-fərdi yanğın və müxtəlif tipli qəzalarda özünü göstərir. Onu da qeyd edək ki, son illərədək sığortayla bağlı məsələlər demək olar, kiminsə maraq dairəsində deyildi. Avtomobillərin sığortasını istisna etsək, əhali bütün sahələrdə özünü, əmlakını və s. sığortalamağı lazım bilmirdi. Baxmayaraq ki, dünya təcrübəsində sığorta məsələsi həyatın ən vacib məqamlarından biri hesab edilir, insanlar təkcə ev, maşın və digər daşınar-daşınmaz əmlakını deyil, hətta vücudunu, müxtəlif orqanlarını da sığorta etdirirdi. Əhalimizin əksəriyyəti isə bu və digər məqamlarla bağlı xarici ölkələrdən gələn xəbərləri oxumaqla, onu sadəcə, oxuyaraq keçməklə məşğul idi ...

Zamanla bu sahədə bəzi korrektələr baş verdi. Hazırda ölkənin sığorta bazarındakı vəziyyətlə bağlı məlumatlar gündəmə gəlir, sözügedən şirkətlərin reklamı ilə, sığorta işinin hadisələrə bağlı məramını anlayan vətəndaşlarımızda bu sahəyə qismən maraq yaranır. Lakin bu marağı heç də tam geniş, hərtərəfli hesab etmək olmaz. Təbii ki, sığorta şirkətlərinin də bu marağın yaradılmasında kifayət qədər istəyi, arzusu olmalıdır.

Arzu-istək demişkən, əlbəttə, heç kim özündən başlayaraq, əmlakına, avtomobilinə və s. zərər dəyməsini istəməz. Lakin bu həyatda nədən sığortalanmışıq ki?! O mənada, hər bir insanın həyati məsələlərdə sığorta işini görməzdən gəlməsi, ona ötəri diqqət yetirməsi yolverilməzdir. Eləcə də, sığorta şirkətlərinin bu istiqamətdə insanlara hansı problemlər yaratması, nəyi düz, nəyi əyri etmələri, baş verən hadisələrdə tutduğu mövqe və s. barədə ayrıca material hazırlamaq niyyətindəyik. Hələlik isə, iki tərəfdən birincisi, sığortaya ehtiyacı olan insanlardan danışaq.

Təəccüblü deyil, rəyini soruşduğumuz bir neçə nəfərin fikirləri demək olar ki, üst-üstə düşür. O mənada ki, sığorta şirkətinin missiyası əhalinin nəzərində “xəstələnəndə, maşın qəzası olanda, ev yananda” köməyə çatmalı olan bir qurum timsalındadır. İnsanların fikrincə, sığorta şirkətinə yatırılan pul müqabilində lazım olan anda kömək, yardım da gözləniləndir; təcili-tibbi yardım qədər.

Lakin insanları narahat edən budur ki, sığorta şirkəti şəffaf işləməyəcəksə, düzgün, operativ mövqe tutmazsa, sığortalanmaq da ziyanadır – qəza, yanğın, xəstəlik kimi. Bununla belə, imkan daxilində (!) sığortalanmaq, öncə də, həyat sığortası çox vacibdir – qiyməti heç nəylə müqayisə edilməyən həyat üçün.

Müxtəlif əhali qrupuyla olan söhbətdən bəlli olur ki, əsas gözlənti sığorta şirkətlərinin yüksək keyfiyyətlə, düzgünlüklə, ədalət prinsipinin qorunmasıyla fəaliyyəti, operativ xidmət göstərməsidir. Sözsüz ki, insanlar bütün sığorta xidmətlərindən istifadə etməklə, sığorta hadisələri vaxtı operativ xidmətin göstərilməsini nəzərdə tuturlar. Bəziləri isə, fərdi qəza, mini kasko sığortasının, əmlak sığortasının ölkədə bütövlükdə tətbiqini zəruri hesab edirlər. Bundan başqa, rəyini bildirənlər peşə xəstəlikləri və bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsi zamanı icbari sığortanın əhəmiyyətini xüsusi qeyd edirlər. Bir qismin fikrincə, ölkədə sığorta bazarı zəif inkişaf etdiyindən, nəticədə əhalinin sığorta şirkətlərinin fəaliyyətindən məlumat dərəcəsinin azlığı başadüşü-ləndir.

Bir sözlə, insanlar sığorta məsələsini qismən və hərtərəfli şəkildə izah etməyə, onun vacib olduğunu söyləməyə çalışdılar. Sözsüz ki, bu istiqamətdə geniş bilgisi olanlar faiz etibarilə daha az idi. Yeri gəlmişkən, gələk adı və mahiyyəti o qədər də xoş, müsbət olmayan faiz məsələsinə.

Mövzuyla əlaqədar bir məqam diqqətçəkəndir. Belə ki, aparılan bir sorğuda (bu mövzuda sorğular mütəmadi aparılmır) insanlar sığortalanmaq məsələsinə müxtəlif səpkidə cavablar verib. Onların niyə sığortalanmadıqları da cavablardan aydın görünüb. Misal üçün, 38 faiz pulu olmadığını, 36 faiz sığorta şirkətinə inanmadığını, 14 faiz sığortaya ehtiyac duymadığını deməklə məsələyə münasibət bildirib.

Hansı şığorta şirkətinə etibar edilməsi məsələsinə gəlincə, bu məqama bağlı insanların münasibəti də birmənalı deyil. Nəyi sığortalamaq istəyinin qarşısında dayanan da rəqəmlərdir. Sevindirici haldır ki, ən yüksək göstərici sağlamlığını sığortalamaq istəyənlərdir, ailə üzvlərinin qeydinə qalanlar ondan bir qədər az həddə, həyatını sığortalamaq arzusunda olanlar cəmi 15 faiz, evini və avtomobilini düşünənlər 6 faizdən azacıq çox, heç nəyi sığortalamaq istəyənlər isə 16 faizdən bir qədər artıqdır.

Hansı sığorta şirkətini tanımağa gəlincə, rəyi soruşanlar deyir ki, ölkədə çoxsaylı sığorta şirkəti mövcuddur.

Yəni necə fəaliyyət göstərməsindən asılı olmayaraq, əhali sığorta şirkətlərinin adından məlumatlıdır. Məsələn, “Günay sığorta”, “Atəşgah sığorta”, “Xalq sığorta”, “Qala sığorta”, “Paşa sığorta”...

Ümumiyyətlə, söhbətdən bəlli olur ki, ölkənin sığorta sahəsində həllini gözləyəsi çoxsaylı məsələlər var. Onların içində vacib hesab edilən, insanları düşündürən, misal üçün, kənd təsərrüfatı sektorunda sığortaya ehtiyacı olan məsələlər barədə gələcəkdə bəhs etmək fikrindəyik.

Haqqında “n” qədər danışdığımız, daha çox müzakirələr aparılan və illərdir söz-söhbəti səngiməyən icbari tibbi sığortaya gəlincə, nəhayət ki, həmin sistem gələn ilin yanvarından başlayaraq ölkə üzrə tətbiq edilməlidir. …Güman edirik əhalinin ehtiyacı olan əsas məqamlarda ədalətli və operativcəsinə sığortalanmasının zamanı, tətbiqi illərdir yubanan tibbi sığorta kimi uzanmaz. Bu fani dünyada istənilən hadisədən sığortalanmamışıq axı ...

 Nigar Orucova 

0.23325109481812