“Zərifdən-zərif”...

 

O, kimin anasıdır?

Sosial həyatda hər cür məşğuliyyət və münasibətlər mövcuddur. Eləcə də, insanların bir-birinə, ailədə onun üzvlərinə, iş yerlərindən tutmuş xidmət sahələrinədək, məişət zəminindən daha geniş çevrəyədək müxtəlif davranış münasibətləri var.

İnsanlar xarakter olaraq bir-birini təkrarlamır. Amma ümumi və birmənalı şəkildə riayət olunası qaydalar məcmusu var ki, onu hamı yerinə yetirməyə borcludur. Bu qaydalardan kənaraçıxmalarda isə vəziyyət bir az qəlizləşir. Bu barədə başqa vaxtda və ovqatda danışarıq.

İndilikdə isə bəlkə də az adamın diqqət etdiyi bir məsələdən, irad tutmaqdan bəhs edim. Bu, özlüyündə bir az çətin və qəliz məsələdir. Gərək adamın özünün irad tutulası heç nəyi olmaya. O mənada kiməsə irad tutanda əvvəlcə dön, özünə bax, gör irad tutduğundan nə qədər irəlidəsən, ya əksinə...

Haşiyə: Əcnəbilər dillərdə dastan olan qonaqpərvərliyimizi, yeməklərimizi ağızdolusu tərifləyirlər.Tərifləməlidirlər də. Çünki ağız dadının nə olduğunu bilmək üçün məhz Azərbaycana gəlmək vacibdir. Yoxsa eyni ərzaqdır, onlar bir cür, bizsə hər cür xörək, müxtəlif ağız dadı yaradırıq. Bir sözlə, yemək yaradıcılığımız hər nə isə, işimizə çox yarayıb indiyəcən. Mətbəxlə bağlı festivallar, kulinariya külliyyatları səviyyəsində tanınmaqla bağlı problemimiz yoxdur. Problem tamam başqa, qadınların indi estafeti əks cinsə verməsindədir. Aşbaz kişilər erasının başladığı bir dönəmdə yaşayırıqsa, belə incəlik tələb edən işləri onlara etibar ediriksə, bəzi çətin işləri nədən onların öhdəsinə buraxmayaq?

Bəli, söhbət daim təhlükələrlə dolu olan küçələr, onları təmizləyən qadınlar və bu işi onlara gördürənlərə, yəni bizlərə irad tutanlar barədədir. İrad tutanlar da yalnız qonaqpərvərliyimizi təqdir, bəzi xüsusiyyətlərimizi tənqid edənlərdir, yəni turistlər.

Bax belə, əcnəbi bir qonaq biz azərbaycanlıların özəl xüsusiyyətlərini yüksək qiymətləndirəndən sonra gəldi əsas məsələyə. Bu məsələ də mənfi tərəfimizlə bağlıdır. Qonağın fikrincə, bizlər qadını dünyanın ən zərif məxluqu adlandırsaq da, ona heç də incə işləri yaraşdırmırıq. Onda belə fikrin yaranmasına səbəb də, küçəni təmizləyənlərin məhz qadınlardan ibarət olmasıdır. Burda gördükləri onda belə bir təəssürat yaradıb ki, bizlər qadınları öncə ən təhlükəli işə, yəni avtomobillərlə dolu küçələri təmizləməyə məcbur edirik. Daha sonra, tibb müəssisələrində xadimələrin hamısı qadın işçilərdən ibarətdir, bir nəfər də təmizlikçi kişi yoxdur. Qonağın fikrincə, dünyanın ən ağır, çətin peşəsi də bir yolları, bir də xəstəxanaları təmizləməkdir ki, onu da qadınlara rəva bilmişik...

Doğrudur, bu qənaətin yaranmasına səbəb olan faktorlar həqiqəti əks etdirsə də, ondan necə sığortalanmağa da əsas tapmaq mümkün deyil. Əlahəzrət fakt olanı diqtə edir axı. O mənada, həmin şəxsin söylədikləriylə razılaşmalıyıq. Lakin qadınları nədən belə ağır işlərlə yüklədiyimizin heç vaxt fərqinə varmadığımız barədə də, yəqin ki, düşünməliyik.

İndi də gələk təmizlikçi qadınlara sərgilənən ümummilli münasibətə. Öncə deyim ki, bu yöndə hamını eyni səviyyədə tutmaq olmaz. Belə ki, istər orta və ali təhsil müəssisələrində, istərsə də iş yerlərində, ofis və rəsmi dövlət orqanlarında və s. təmizlikçi qadınlara münasibət məkanına görə dəyişir. Misal üçün, onlara qarşı ögey münasibəti daha çox orta məktəblərdə hiss etmişəm. Direktordan tutmuş müəllimələrədək, nədənsə hamı xadimələrə qarşı doğma münasibət bəsləmir. Direktor xadimələrə ən az əməkhaqqı verir, müəllimələr isə bütün sinfi təmizlətdirəndən, onlara əlavə, təyinatından kənar işlər gördürəndən sonra əməyinin haqqını verməyi valideynlərdən tələb edir. Binəva xadimə də gözü valideynlərin üzündə, onların insafa gəlməsini gözləmə mövqeyi tutmaqdadır. Nə edə bilər, onsuz da dərs ili boyu belə ağır, şagirdlərin bütün tör-töküntüsünü yığışdırmaq kimi xoşagəlməz iş onun boyuna biçilib. Bu əməyin qarşılığında aldığı məvacib də qəpik-quruş. Bunu xadimələrlə söhbətdən bilirəm, peşəmin xarakterindən dolayı, onlarla mütəmadi ünsiyyətdə oluram axı...

Tam mümkündür ki, məktəblərdə xadimə işləyən insanlar kənar saatlarda hansısa bir peşənin də sahibidir. Ümumiyyətlə, insana vəzifəsinə, peşəsinə, sənətinə görə qiymət verilməsinin, münasibət göstərilməsinin həmişə əleyhinə olmuşam. Kim bilir, xadimənin övladı sabah o məktəbə müəllimə, ya da direktor gələ bilməzmi? Yaxud, bu gün xadiməyə aşağılayıcı baxışla baxan valideyn sabah özünü hansı aqibətin gözləyəcəyini düşünmürmü?

Nə isə, suallar çoxdur, fəqət onların yekdil bir cavabı var ki, o da heç bir insanın digərindən yaranış etibarilə üstün olmamasıdır. Üstünlük insanlıqda, ləyaqətdə, vicdanda, humanizm prinsiplərində ola bilər ki, belə keyfiyyətlərə malik şəxslər də yeri gəlmişkən, heç vaxt xadimələrə aşağı nəzər yetirmir. Onlara yuxarıdan aşağı deyil, öz bərabərində baxır.

Belə insanlardan biriylə də bu yaxınlarda rastlaşdım. Mağazada təmizlikçi formasında, göy xalatda olan bir qadın əlindəki manatı uzadıb aldığı balaca kətənin qalığını qaytarmasını söylədi. Satıcı isə “ tək bunu istəyirsən, yoxsa...” deyə, sual etdi. Qadın cavab tapanadək isə, o, “götür, götür, deyirəm, bəlkə başqa nəsə də lazımdır” dedikdə, qadın inkar mənasında başını buladı. Satıcı da “halal xoşun olsun” deyə qadının əlindəki manatlığı ona qaytardı. Qadın pulu ona məcbur vermək istəyəndə, satıcı zarafatla dedi ki, bax, pul versən, sənə heç nə satmayacağam.

O anda qadının gözündəki minnətdarlıq əlamətini indi sözə çevirmək mümkünsüzdür. O qadın mağazadan çıxandan sonra satıcı digər alıcılara xitabən, insanları insanlığa çağırırmış kimi dedi: “Bu xala hər gün sübh tezdən küçəni süpürür, səhərdən-axşama qədər tökdüyümüzü yığışdırır, onun hamımızdan əvvəl gəlib buraları təmizlədiyini görəndə xəcalət çəkirəm, biz kişi, o qadın. Ona necə minnətdar olmayaq?”.

Nə vaxtsa bu mənzərənin təsviriylə bağlı bədii yazı yazacağımı düşünürdüm. İş elə gətirdi ki, düşündüyüm kənarda qaldı, turist qismində ölkəmizə gələn bir nəfərin qadınlarımıza ağır işləri rəva görməyimizlə bağlı irad tutması tamam başqa səpkili yazıya səbəb oldu...

Bəlli deyil, bizdə niyə məhz qadınları süpürgəçi qismində küçələrə göndərir, xəstəxanalarda, ofislərdə və qeyri iş yerlərində onların əməyindən istifadə edirik. Bəlli olan odur ki, bəzi müasir iş yerlərində təmizlikçi qadınlara sivil münasibət, hörmət sərgilənir. Elə məkanlarda çalışan qadınlar da özünü digər işçilərlə bərabər, hüquqlarının qorunduğu səviyyədə hiss edir. Lakin təəssüf ki, insana insan kimi münasibət göstərilən elə iş yerləri çox azdır və birbaşa, eləcə də məcazi mənada bütün ağırlığı həm çiynində, həm də qəlbində daşımağa məcburdur “zərifdən-zərif” dediklərimiz.

Bəlkə də qadınların küçələrdə, təhlükəli məkanlarda işləməsi nə vaxtsa tarixə dönər, onlar da kürəyində “Yasamal”, “Nəsimi”, “Səbail”, “Abşeron” yazılmış geyimdən çıxar, şütüyən maşınlardan qorunmaz, uzun ömür yaşayarlar.

O tarix hələ gəlib çatmayıb, onun da vaxtı gələcək yəqin. Cəmi qadınlara isə sanıram, tək bircə - ANA adına görə ömür boyu hörmət-izzət göstərməyə borcluyuq. Borclu olanlar da sanıram, o böyük hərflərlə yazdığıma təhlükələri, çirkabları yumağı, toz-torpağa bulaşmağı yaraşdırmaz. Heç bir vəchlə.

Nigar Orucova 

0.13430595397949