Deportasiyaya səbəb nə?

 

Didərgin düşənlərin, qarda-şaxtada donanların, “şəhid” olanların haqqına girənin cavabı...

İlahi ədalət deyilən anlayış əvvəl-axır öz təsdiqini tapır. Buna həmişə inanmışam. Necə ki, külli mövcudatdan yalnız ağlına görə fərqlənən bəzi canlılar fəqət şüursuz şəkildə, düşünmədən, düşməncəsinə atdığı addımın məntiqi nəticəsini ömrünün hansısa mərhələsində mütləq görür. Elə günah əməllər var ki, onun adekvat cavabını bəzən elə bu fani dünyada da almaq olur...

Az qala “yüzillik müharibə”lər kimi tarixə düşən, hələ də bitməyən savaş, imzalanan atəşkəslə bahəm, “dinc-yanaşı” yaşamaq missiyasını yerinə yetirməkdədir. Açıq savaşlardan keçərək masaətrafı danışıqlar müstəvisində qalan, nə məğlub, nə də qalib statusuna malik bu davanın davamını da kimsə ehtimal edə bilmir. Sülhü qəbul etmək az qala məğlubiyyətin, təslimçiliyin sübutu, müharibəyə başlamaq isə yeni qurbanlar, yarası köz tutmayan acılar, ailələrin olmayan gələcəyi, bütöv nəsillərin süqutudur. O zaman, “hərb, yoxsa, sülh” sualının cavabı da əbədi, daşlaşmış sükutu poza bilmir.

Tarixdən, ədəbiyyatdan, bədii, ya qeyri müstəvidən qopararaq, bu sualı cəmiyyətə ünvanlamaq istəyinin qarşısında da daim qırmızı işıq yanır. Zatən cəmiyyət özü də tarixən aktual olan bu sualın sükut adlı cavabının müəllifidir...

Öz torpağından çıxmağa, çıxarılmağa məruz qalan soydaşlarımın tərk edilmək ağrısını qarşı tərəfin yaşaması da əbədi dünyaya, axirətə qalmadı. Erməni azərbaycanlını evindən-eşiyindən didərgin salanda, bu aqibəti özünün də yaşayacağını bilməzdi. Özünəməxsus dini, məzhəbi, müqəddəs kitabı olmayan bir toplumun bu aqibətdən bilgisinin olmaması təbii ki, məlum. O zaman, ilahi ədaləti yada salmaq, ondan danışmaq, heç olmasa, indən sonra belə aqibətlə üzləşməmək üçün düşməndən cavabı tələb olunanlar var. Sükutu pozanın hər halda, atəş səsi olmasını kimsə - öz övladını təkcə Vətən üçün deyil, bir nəslin davamı üçün böyüdənlər də istəməz...

İndi ermənilər Avropadan kütləvi şəkildə deportasiya olunur. Gələn xəbərlərdə də deyilir ki, Ermənistan vətəndaşları kütləvi şəkildə Avropa İttifaqına üzv ölkələrdən deportasiya edilirlər. Sentyabrın 5-də təkcə Almaniyadan 40-dan çox erməni deportasiya olunub. Bunun da cari ildə ikinci çarter reysi olduğu deyilir. Bu kütləvi deportasiyaya da ötən il Ermənistanda baş verən hakimiyyət dəyişikliyi səbəb kimi göstərilir...

Bəlkə də bu səbəb ermənilərin özünü “süddən çıxan ağ qaşıq” kimi göstərmək iddiasıdır. Günahı yaxın zamanda baş verən, əksəriyyətin qəbul etmədiyi bir sistemin üzərinə yıxmaq çox asandır. Bu mövzuda erməni əhalisinin dünya lobbisindən dəstək alacağına da ümidi çoxdur. Yaxın, həm də uzaq keçmişdəki hadisələrin, olayların, qırğınların, baş verənlərin hamısından qalib kimi çıxdığını düşünənlərin bircə arxayınçılığı vardı. İnsanları, konkret adda azərbaycanlıları öz evindən didərgin salıb, onların qurub-yaratdığına həyasızcasına yiyələnməklə, haqq-ədalət adlı anlayışı torpağa gömdüklərini düşünürdülər.

Şüurlu olsa da, yaranışdakı mövcudatdan fərqlənməyən canlıları yuxarıda misal gətirdim. Onun adı ermənidir. Müqəddəs heç nəyi tanımayan, haqqı batil hesab edən bu canlılar heyhat, ilahi ədaləti öldürdüklərini zənn edirdilər.

İlahi ədalət isə haqq-hesabı müvəqqəti dondursa, ehtiyacı zamana buraxsa da, heç bir sualı cavabsız qoymur. Ötən il baş verənlər də artıq deportasiya olunmağa əsaslı səbəb deyil.

Yaxın, həm də uzaq keçmişdə didərgin düşənlərin, qarda donanların, şaxta vuranların, dərisi soyulanların, gözü çıxarılanların, qulağı, əl-qolu, ayağı, dili kəsilənlərin, silos quyusunda diri-diri basdırılanların, süngüyə keçirilənlərin, ən nəhayət, “şəhid” olanların hər adda haqqına girənlərin cavabıdır o səbəb.

Onlar unutsalar da, Unutmayan şükür ki həmişəyaşar, əbədiyaşayandır. Ki, cavabı gec deyil, elə əvvəli bəlli olmayanların sonunun da əbədi bitəcəyi tək ünvanda - bu dünyada verir...

0.13050007820129