Sentyabr ayı dünyanın əksər ölkələrində, o cümlədən ölkəmizdə yeni dərs ilinin başlanması ilə tarixə düşüb. Yay istirahətindən sonra iş yerinə qayıdan müəllimlər məktəblərə həvəs və yeni enerji ilə qayıdırlar, sevimli məktəb və tələbələri ilə görüşməyə tələsirlər. Sinif otaqları, fənn kabinetləri səbirsizliklə öz sakinlərini - müəllimlərin və şagirdlərin yolunu gözləyir.
Məktəblərdə canlanma hər gün artır. Məktəbin həyətində aparılan yeniliklər, təzə-tər çiçəklər sanki məktəbə ilk qədəm qoyacaq birinci sinif şagirdlərini qarşılamağa hazırlaşır.
Bir sözlə, 2019-2020 - dərs ili əvvəlki illərdən tam fərqli il kimi məktəblərin, müəllimlərin, şagirdlərin, valideynlərin həyatına özünəməxsus rəng qatacaq. Müəllimlər bu dərs ilini xüsusi sevinclə qarşılayır. Sentyabrın 1-dən müəllimlərin əmək haqqının 50 faiz artması onlar üçün ən böyük sürprizdir. Bu hadisənin ölkəmizdə müəllim peşəsinin prestijini yüksəldəcəyi və bu sahəyə müəllim axınını gücləndirəcəyi şübhə doğurmur. Bu, özünü builki tələbə qəbulunun nəticələrində də göstərdi. Əvvəllər çox çətinliklə doldurulan pedaqoji ixtisas yerləri bu il ixtisas seçən abituriyentlərin çoxluğu ilə fərqləndi.
Müəllimlərin əmək haqqının 50 faiz artması, ölkəmizdə mövcud təhsil sisteminin irəliyə doğru inkişafına səbəb olacağı ehtimalı çox yüksəkdir. Xüsusən orta məktəblərdə əmək haqqının azlığı üzündən kişi müəllimlərin qıtlığının yaranması təhsildə bəzi problemlərin yaranmasına səbəb göstərilirdi. Çox böyük ehtimalla deyə bilərik ki, bu və bununla bağlı digər problemlərin məktəblərdə aradan qalxmasına yaxşı zəmin yaranıb.
Ölkə təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası, dövlətimizin "Təhsil Konsepsiyasında" əsas yer tutması orta məktəbdə dərs deyən hər bir müəllimə yaxşı məlumdur. Təhsilin keyfiyyətini və səviyyəsini yüksəltmədən, qarşıya qoyulan belə şərəfli və çətin vəzifənin öhdəsindən gəlmək asan iş deyil.
Yeni dərs ilində hər kəsə bu çətin, şərəfli və eyni zamanda məsuliyyətli işdə uğurlar arzu edirəm.
Züleyxa Ələkbərqızı