Texnoloji yeniliklərlə dünyaya səs salan çinlilər bu dəfə məsafədən əməliyyat etməklə gündəmə gəliblər. Belə ki, çinli həkimlər 5G texnologiyasının köməyi ilə 136 kilometr məsafədən əməliyyat aparıblar. Uğurla başa çatan əməliyyatın detallarından bəhs etmək bizim yox, çinli həkimlərin üzərinə düşür, bu işi görən onlardır axı. Vəzifəmiz xəbər verməkdən ibarət olduğundan, yalnız onu qeyd edək ki, sözügedən texnologiya ötürülən foto və videonun dəqiqliyinə, əməliyyatın da etibarlığı və təhlükəsizliyinə zəmanət verir. Hər halda, bunu çinli baş həkimin söylədiklərinə istinadən deyirik. Baş həkim onu da deyib ki, həmkarlarıyla birlikdə şəbəkə vasitəsilə pasiyent və həkim arasındakı məsafədən asılı olmayaraq əməliyyat apara bilərlər.
36 yaşlı qadın üzərində aparılan və dörd saat davam edən ortopedik əməliyyat qeyd edildiyi kimi, 5G interneti vasitəsilə baş tutub. Yeri gəlmişkən, çinlilər bu şəbəkəni təkcə səhiyyə deyil, nəqliyyat, əyləncə sahəsində də tətbiq etmək niyyətində olduqlarından, həmin texnologiya üçün orada 8 minə yaxın baza stansiyası da quraşdırılıb.
Bəli, ən ağrılı yerimiz olan və məlhəmi tapılmayan səhiyyəmiz barədə çox, uzun-uzadı yazmaq olar. Hərçənd ki, bu mövzuda yazmayan yazar qalmayıb, fəqət səhiyyə sistemimiz bazar statusunda qalmaqdadır. Necə deyərlər, səhiyyəmiz bazar, bizlər daim ondan yazar, insanların həyatı da azar-bezar. Əhalini çarəsiz duruma salan səhiyyə sistemini deyəsən, tibbi sığorta və sayı barmaqla sayılacaq əsl mütəxəssislər, vicdanlı həkimlər də xilas edə bilməyəcək. Bıçaq çox dərinə işləyib, kriminalistlər demiş.
Çünki əhalinin bütövlükdə səhiyyə sisteminə, yerli həkimlərə inamını qıran elə sözügedən sistemin başında dayanan, eləcədə ölkədə yüksək post sahibi olanların müalicə üçün xaricə axını səbəb oldu. İnsanlar düşünürdü ki, öz həkimlərimizə inamsızlıq onların səriştəsizliyinə görə ola bilər. Bu mənada həddən çox imkanı olan uzaq ölkələrin, imkanı az olansa yaxın ökələrin həkimlərinə üz tuturdu. Yüksək çinli məmurların müalicə üçün getdikləri ölkələrdən başqa, yaxın keçmişdə sadə insanlar nicatı İranda, Gürcüstanda tapmaq üçün ora axın edirdi. Bu axnla öz həkimlərimizə olan inam da birdəfəlik məhv olmuşdu.
Zamanla bu məsələni həll etmək üçün ölkədə müxtəlif adda, təyinatda klinikalar, müalicə müəssisələri yaranmağa başladı. Dilimizdə bir məsəl var: “Sayı çox, sanbalı yox”. Bunu birbaşa səhiyyə qurumlarına aid etmək mümkündür. Azərbaycan bu gün silsilə müalicə obyektlərinin inhisarındadır desək, yalan olmaz. Mübaliğə olmasın, əhalinin hər nəfərinə düşən tibb mütəxəssislərinin sayına görə bu gün rekordlar kitabına da adımızı yazdıra bilərik. Lakin nəticə nədir? Xəstə, solğun, sağlamlığının keyfiyyəti üzündən bəlli millətimiz bütün klinikalardan əlini üzüb. Çünki bu müəssisələrin, obyektlərin girişindən başlayan vəsait gərəkli-gərəksiz müayinələrlə, çoxsaylı analizlərlə, müalicə kurslarıyla, reseptlərlə, dərmanlarla bahəm, azman bir büdcəni diqtə edir. Nə yazıq ki, həmin vəsaitin çıxarıldığı cibin müəllifi də çarəsiz, sağlamlığını cürbəcür klinikalarda axtaran sadə camaatdır. Alternativ yolu olmayan millət.
Çinli həkimlər məsafədən uğurlu əməliyyat etməklə tibb tarixinə şərəfli ad yazır. Bizimkilər də məsafə saxlayır öz pasiyentləriylə - soydaş, qardaş, bir azərbaycanlı olaraq onların dərd-sərinə, xəstəliyinə, ağrı-acısına biganə qalmaqla. Ona görə də həkimlərimizin əksəriyyətini təbib deyil, əksinə adda görmək, elə qarşı tərəfdən sərgilənən xoşagəlməz münasibətin nəticəsidir.
Sanıram, həkimlə xəstə arasındakı məsafə azalanda bizdə də “o əjdaha”dan ola bilər. İnsanı nəinki məsafədən əməliyyat etmək (o texnologiyanı qurub-yaratmaq nə zamansa mümkün) vacibdir, öncə adicə bir sözlə sağlamlığına qayıtmağa inandırmaq, buz səddi qırmaq zəruridir. Bu olsa, həkim özünü xəstənin yerinə qoymağı bacarsa, müalicəyə başlamaq olar. Daha keçib, səhiyyənin şəfası onun siması olan vicdanlı təbiblərə əmanət...
Nigar Orucova