Müəllimələr həm də psixoloq olmalı!
Cəmi üç aydan ibarət olsa da, həm valideynlərə, həm də şagirdlərə çox qısa görünən yay tətilinin bitməsinə az qalıb. Deyirlər, uşaqlar bir tətilə çıxanda, bir də tətil bitəndə sevinir. Ağır dərs yükünü “daşıyan” çantaları yerə qoyub yay boyunca istirahət edən şagirdlər yeni dərs ilinin başlanmasına da hərtərəfli hazırlşır. Yeni məktəbli forması, dərs ləvazimatları alış-verişi, sinif yoldaşlarıyla görüş, yay istirahəti paylaşımları, təəssüratları hər halda, maraqlı məsələdir.
Yeni dərs ilində ilk dəfə məktəbə ayaq qoyan birincilər üçün isə bütün qeyd edilənlər ikiqat maraq kəsb edir. Təbii ki, onlar üçün məktəb sözünün mənası öncə müəlliminin münasibətindən başlayacaq, formalaşacaq. Bu mənada, müəllimlərin üzərinə daha bir vəzifə, psixoloq olmaq kimi ciddi bir məsuliyyət düşür.
Məlumat üçün qeyd edək ki, yeni tədris ilində paytaxtın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün avqustun 26-dan ixtisasartırma təlimləri başlayıb. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlərdə məqsəd uşaqların intellektual, psixoloji və fiziki inkişafı, sağlamlığının qorunması, istedad və qabiliyyətinin üzə çıxarılması, estetik tərbiyəsi, həmçinin, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.
Məktəbəhazırlıq qruplarında məşğələ aparacaq müəllimlərdə sanırıq ki, qeyd etdiyimiz bacarıqların formalaşdırılması artıq günümüzün zərurətinə çevrilib. Söylədiyimiz kimi, məktəbə ilk dəfə ayaq basan şagirdin təhsilə ilk münasibəti kitablardan öncə, onu qarşılayan, həyatı, ətraf aləmi, dünyanı tanıdacaq insandan başlayır. Həmin şəxsin yüksək şəxsi keyfiyyətləri, təhsilin vaciv kriteriyalarına cavab verməsi hər bir valideynin ümdə arzusudur. O da sirr deyil ki, artıq elektron formada qeydiyyatı keçirilsə də, valideyn övladına seçəcəyi müəllim haqda məlumatları müxtəlif yollarla da öyrənir. Reputasiyası yüksək olan müəllimi seçən valideyn özünü sanki övladını əmin əllərə tapşırmış kimi hiss edir. Beləliklə, bu gün artıq məktəb həyatı övlad üçün birinci sinifdən deyil, artıq məktəbəhazırlıq qrupundan başlayır. Bu həyatda isə “mənim ilk müəllimim” kimi şərəfli ada layiq olmaq üçün ibtidai sinif müəllimlərinin üzərinə çox böyük məsuliyyət düşür. Hər biri müxtəlif xarakter və təbiətdə olan azyaşlılarla işləyəcək ibtidai sinif müəllimlərini bu çətin yolda böyük sınaqlar gözləyir. Şagird, valideyn-müəllim münasibətlərinin son həlqəsinin necə bağlanması da məhz sonuncu adın məsuliyyətinə daxildir.
Lakin bugünümüzdə elə ibtidai sinif müəllimləri var ki, onların hazırsızlığı üzündən bəzən valideynlər dörd il boyunca övladlarını sinifdən-sinfə keçirməklə məşğul olur. Bu isə uşaqların hər dəfə yeni sinif yoldaşlarına, yeni müəllimə adaptasiya olunmasında problemlər yaşadır. Məsələn, söhbətləşdiyim valideynlər birmənalı olaraq müəllimlərin uşaqlarına yanaşmasına daha çox önəm verdiklərini söylədilər. Yəni, savad, bacarıq, səriştə, təcrübə və digər keyfiyyətlərin mərkəzində müəllimin uşağa ana, dost, doğma bir insan kimi yanaşmasını daha çox arzuladıqlarını dilə gətirdilər. Aydın oldu ki, övladını məktəbə yazdıran valideyn ondan nigaran qalmaq istəmir.
Bir sözlə, bu gün müəllimdən ən azı psixoloq olmaq tələb edilir.
İbtidai sinif müəlliminin şagirdinin psixoloqu olması daha vacibdir. Çünki məktəb, təhsil sözünün əzəmətindən həyəcan keçirən, müəyyən kompleksi olan azyaşlı üçün onunla evindən, ailəsindən kənarda dost olacaq müəllimin şəxsi siması çox önəmlidir.
Valideynlərdən birinin danışdığı hadisədən nəticə çıxarmağı isə oxucuların ixtiyarına buraxırıq. Hər halda, ibtidai sinif müəllimləri üçün təlimin nəticəsinə ümid edərək belə mənzərələrin bir daha təkrar olunmamasını istərik. Deməli, valideyn məktəbin həyətində dayanaraq övladının dərsdən çıxmasını gözləyir. Bir az tez gəldiyindən, o, birinci mərtəbənin açıq pəncərəsindən görünən başqa bir sinifdə dərs prosesinə şahid olur. Müəllimə bağıraraq dərs keçir, elə səslər çıxarır ki, valideyn otaqda nə isə vahiməli, əcaib bir hadisənin baş verdiyini düşünür. Pəncərəyə yaxnlaşanda isə şagirdlərin qorxmuş vəziyyətdə sinif otağında büzüşdüklərini görür. Elə bu vaxt zəng çalınır və uşaqlar nəhəng ilan ağzından qurtaran kimi sinifdən qaçaraq, özlərini bayıra ataraq çıxırlar. Valideyn deyir ki, öz gözləriylə görməsəydi, məktəbdə belə hirsli-hikkəli, aqressiv, əsəbi müəllimənin olmasına heç vaxt inanmazdı. Həmin müəlliməni başqa vaxt adi tərzdə, həmkarlarıyla rahat, sakit şəkildə söhbət etdiyini görüncə, yenə də gözlərinə inanmır...
Arzu, ümid etmək bəlkə də yersiz görünər bu məqamda. Çünki söhbət azyaşlılardan, onların təhsilə marağından, gələcəyindən, hərtərəfli şəxsiyyət kimi yetişməsindən gedirsə, öncə müəllimin hərtərəfli şəxsiyyət kimi formalaşmasına ciddi bir tələb olmalıdır. Məktəbəhazırlıq qrupunda dərs deyəcək ibtidai sinif müəllimlərindən gözlənti isə daha çoxdur. Çünki işin müsbət nəticəsi hər iki tərəfin ömrünə-gününə yazılır. Kim istəyər ki, “mənim ilk müəllimim” kimi şərəfli ad, xatırlama heçə-neçə nəslin hafizəsində, həyatında, dilində, bütöv ömründə yaşamasın?!
Nigar Vaqifqızı