“Doğma” problemlərlə Yaşamalıyıq

 

Həll variantı tapana kimi..

 Dünyanın qlobal mövzuları olduğu kimi, hər ölkənin də özünəməxsus, problem həddinə çatan məsələləri mövcuddur. Bizim də dünyadan təcrid olunmayacaq qədər ümumi, fəqət ondan fərqli anlamda olan müəyyən problemlərimiz var. Misal üçün, bəlkə də dünya təcrübəsində cütlüklərin toy, yaxud, kiminsə yas mərasimi qədər sadə məsələ yoxdur. Bizdə isə bu məsələ az qala qlobal səviyyəyə qaldırılır. Şadlıq və yas mərasimi mərhələli həllinə görə, ən çətin, həyəcan dolu, həlli müşkül, ölüm-qalım məsələsinə çevrilir. Toy edən, yası düşən bu mərasimdən sonra özünü yenidən suya atılmış balıq kimi hiss edir. Nədən, toyu borcsuz-filansız, yası da hamını razı salacaq səviyyədə həyata keçirə bilib. Toyu olan, dünyası dəyişən qalıb bir kənarda, onun ətrafı, doğma həlqəsi saat əqrəbi kimi fırlanaraq sözügedən mərasimləri problemsiz yola verdiyinə sevinir.

Bax belə, yalan olmasın, min il danışsaq da, təbliğat aparsaq da, dəyişmək müm-kün olmayacaq heç nəyi. Çünki bəzən düzgün, yerinə düşən, çox vaxt isə yalnız öz işinə yarayan, istifadə alətinə çevrilən mental qaydaları əsas gətirəcəklər. Və yenə də bu mərasimləri özləri istədikləri istiqamətdə həyata keçirəcəklər. Deyəcəklər ki, toyda-yasda sonradan əlavə edilmiş, ümumi adət-ənənəyə dəxli olmayan qayda-qanunlar tətbiq edilməsəydi, onu milli mərasim adlandırmaq olmaz. İddia edəcəklər ki, milli adət-ənənə ilə keçirilən toy, yaxud, yas mərasimini kimsə etsə, ora bir adam da ayaq basmaz.

Neyləməli, təmtəraq, yerli-yersiz təntənə bizə məxsusdur axı, onsuz belə mərasimlərin nə dadı, nə ləzzəti.

...Xəbərlərə göz gəzdirəndə gözümə sataşır ki, Ekologiya Nazirliyi ictimai-iaşə obyektlərində monitorinqlər keçirir. Məqsəd də həmin obyektlərin havaya atdığı tullantıların azaldılması və normalara cavab verməsi, təmizləyici qurğuların quraşdırılması istiqamətində vəziyyətlə bağlıdır. Məlumatda deyilir ki, bu yöndə görülən kompleks tədbirlər nəticəsində restoran və şadlıq saraylarının 95 faizində sözügedən qurğular quraşdırılıb. Amma bəzi restoranların havaya tüstü və müvafiq iy-qoxu yayması halları yenə də müşahidə olunur. Ona görə də növbəti monitorinqlər də keçirilib və təmizləyici qurğularla bağlı problemlər aşkar edilib. Bununla bağlı obyekt sahiblərinə xəbərdarlıqlar, icrası məcburi olan göstərişlər verilib. Deyilənə görə, monitorinqlər hələ davam edəcək...

Ekologiya və ətraf aləmdə baş verən, dəyişən və ya, yerində sayan problemlərlə bağlı müvafiq nazirlik öz işini görməkdədir. Baxaq görək, həlli tələb edilən digər problemlərə məsul qurumlar nə iş-güc görməkdədir.

İş ondadır ki, öncə həmin qurumların təyinatı müəyyən edilməli, sonra isə problem dilə gətirilməlidir. Bir neçə məsələylə bağlı vaxt olub ki, onun həllini nazirlik və idarə-müəssisələrin heç birinin boynuna qoya bilməmişik. Hamı yaxasını kənara çəkib və “o məsələ bizim tabeliyimizdə deyil” kimi can qurtaran cavabla özünü sığortalayıb. Adicə bir misal, müsabiqə keçirən tanınmış bir idarənin heç bir şöbəsi, hətta mətbuat xidmətinin əməkdaşı o barədə hansısa məlumatdan xəbəri olmadığını deməklə, müsabiqəylə bağlı nəsə öyrənmək üçün ən asan yol kimi internetdə axtarış aparmağı həmkarıma “məsləhət” görmüşdü. Həmin müsabiqənin elanı, başlanma və bitmə vaxtı bir neçə saytda yayımlansa, ora neçə-neçə yazar material yazıb göndərsə də, il keçsə də, zaman dolansa da, müsabiqənin nəticəsi və qalibləri elan edilmədi. Bu barədə məlumat almaq üçün müsabiqəni keçirən idarənin əməkdaşlarının münasibəti də yuxarda qeyd etdiyim kimi oldu. İşin ən acınacaqlı tərəfi odur ki, həmkarlarım öz yazılarını başqa yerdə də çap etdirə bilmədilər. Çünki müsabiqədə şərtlərdən biri o idi ki, müəlliflər yazıları yalnız o müsabiqə üçün, təyinatına uyğun qələmə almalıdır. Müsabiqənin də, dediyim kimi, başa çatıb-çatmadığı bilinmədiyi üçün yazarların əziyyətlə işlədiyi materiallar “göz dağı”na çevrildi...

Beləcə, problemlərimiz barədə uzun-uzadı danşmaq, yazmaq mümkündür; eləsi var, həll edilir, eləsi də var, həllinə cəhd edilir. Bu mənada, heç olmasa, müəyyən istiqamətdə yaradılan, fəaliyyət göstərən qurum, idarə, təşkilat, müəssisə nə işlə məşğul olduğunun fərqinə varsın. Heç olmasa, vicdan xatirinə öhdəsinə düşən vəzifəni yerinə yetirsin. Sadəcə, az-çox, işini görsün. Özündən “Amerika kəşf edib” başqa işlə məşğul olmasın, ondan gözləniləni etsin. Belə olsa, problemlər də azalar, toy yiyəsi bu şadlıq mərasimini həyəcansız, şad-xürrəm ötürər, yası düşən də ağlayıb ürəyini boşaltmaqla bir azacıq yüngülləşər.

Qaldı ki, müxtəlif adlı digər problemlərə, adlarını sadalamasaq da, onları gündəlik yaşayırıq. Onlarla “bir ailə kimi” dolanırıq, həll variantını tapana qədər...

 

Nigar Orucova 

0.15082788467407