(Əvvəli ötən sayımızda)
Bir kimsə dünyaya gəlməmişdən əvvəlki əzəli (ölçüsüz zamanı) və içində olmayacağı gələcəkdəki (qiyamətə qədərki) illərin fərqini, yəni əzəl ilə əbədi arasındakı mikro zamanı (öz ömrünü) hesablasa, dünyanın bir səfər yolu-birinci mənzilin beşik, son evinin məzar və bunların arasında neçə mehmanxana olduğunu anlayar. Çox vaxt o, daim dünyada qalacaqmış kimi qəmsiz, düşünmədən, əlli il sonra belə özünə lazım olmayacaq şeylər haqqında fikirləşir. Halbuki, bəlkə də, bir saatdan sonra torpaq altında olacaq.
Haşiyə: Həz.Əli Kufə məzarlığında olarkən buyurdu: “Ey torpağa döşənmiş, qaranlıq qəbirlərin sakinləri, qürbətə düşmüş, kimsəsizliyə qovuşmuş, qorxunc və tənha yerlərə sığınmış şəxslər! Siz bizdən əvvəl yaşadınız və getdiniz; biz isə sizin dalınıza düşdük, sizə yetişmək istəyirik. Qoyub getdiyiniz evlərdə oturanlar var, mallarınızı bölüşdürdülər. Bu, bizim sizə verdiyimiz xəbər, sizdən nə xəbər?”
Dünyaya bağlanıb ondan aldıqları ləzzətlərlə axirətdə peşiman olanlar yaxşı yeməklərlə şərab içib mədəsini pozan, səhərisi mədəsində, başında, qəlbində yaranan diskomfortdan əziyyət çəkən və “dünənki ləzzətlər keçdi, indi ağrısını çəkirəm” deyənlər kimidir. Dünənki ləzzətlərin bu gün ağrısı çox olduğu kimi, dünya ləzzətlərinin çoxluğu, ifratı da, sonda bir o qədər ağrılı olar. Bunun belə olması daha çox can verərkən baş verir. Çünki çoxlu var-dövlət, bağ-bostan, qulluqçu və nələr-nələr sahibləri ölərkən ayrıldıqlarından hiss etdikləri ağrı, mal-mülki az olanınkından da çox olar. Bu ağrı heç ölümlə də yekunlaşmır. O, ölməyən ruhla davam edir. Həz.İsa buyurub: “Dünyaya aludə olanlar dəniz suyu içənə bənzəyir. Nə qədər çox içərsə, daha çox susayar, içə-içə nəhayət, ölər. Lakin susuzluğunun hərarəti azalmaz”.
Dünya hikmət yurdudur
“Ey dünyanı pisləyən, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan: Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarıylamı tovlatdı səni?..
Gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə. Doğrudan da dünya onun sözünü həqiqət bilənə həqiqət yurdudur, anlayana səlamət yurdu. Dünya Allah dostlarının səcdə etdiyi, Allah vəhyinin endiyi, Allah dostlarının ruzi qazandığı yerdi. Orada rəhmət qazanarlar, cənnət əldə edərlər. Onu qınayanlar sabah peşiman olanlardır...” (həz.Əli)
Göründüyü kimi nə dünya, nə də dünyadakı şeylərin hamısı pisdir. Əslində dünyada elə dəyərlər var ki, onlar heç dünyadan deyil. Məsələn, elm və əməl dünyadan olsa da, fəqət dünyadan sayılmazlar. Çünki bunlar insanla birlikdə qəbir evinə, axirətə gedirlər: “İnsan ölərkən onu üç şey müşayət edir: qohum-əqrəba və dostları, malı-dövləti, elm və əməli. Dəfndən sonra mal-dövlət, qohum-əqrəba geri dönərlər. Elm və əməl isə sahibiylə (ölənlə) birlikdə qəbrə gedib ona şahidlik edərlər” (həz.Məhəmməd).
Xeyirli elm və saleh əməl ölmüş sahibini “diri” edib, onu həm Xaliq yanında, həm də xalqın yaddaşında izzətli edər. Bu zaman elm və əməliylə halal çalışıb yaşayan ölənlərin qoyub getdiklərindən dirilər istifadə etdiyi kimi, ölən şəxs də axirətdə həmin işlərə görə mükafatını alar.
Dünyada hər şey pis olsaydı, insan vətən, din uğrunda cihad, həcc, namaz, ədalət, kəbin, dostluq və s. kimi şeylərdə mükəlləf sayılmazdı. Dünyada pis olanlar Allah kəlamlarının ziddinə olan söz və əməllərdir: “Sizi Bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır” (Səba 37);
“Mal-dövlət, oğul-uşaq bu dünyanın bəzəyidir. Əbədi qalan isə Rəbbin yanındakı əməllərdir” (Kəhf 46).
İnsanlar dünyanın
övladlarıdır. İnsan anasını
sevərsə qınanmaz
“İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə elə bu dünyada ver!” - deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Digərləri isə: “Ey Rəbbimiz, bizə bu dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” - deyirlər. Belə şəxsləri (qazandıqları) əməllərinə görə (axirətdə) mükafat gözləyir...” (Bəqara 200-202) .
Ayələrdən göründüyü kimi, Rəbbimiz nə sırf dünyaya aludəçiliyi, nə də tərkidünyalığı təqdir edir. İslam hər sahədə olduğu kimi burada da orta yolu - hidayəti (doğru yolu) bəyənir. Dünya və axirətə zamana görə qiymət verən Peyğəmbər (ə) isə buyurub: “Dünyaya dünyada qalacağınız müddətə görə, axirətə də axirətdə olacağınız müddətə görə qiymət verin”. İradəmizdən asılı olmayaraq dünyaya gəliş-gedişimiz maksimum 90-100 ildirsə, axirətdə qalacağımız müddət isə əbədidir. 90-100 il ilə əbədi zamanı müqaisə edib, dünya və axirətə qiymət verməliyik. Və bilməliyik ki, dünya səhnəsinə bir imtahan, sınaq üçün gətirilmişik. Burada əldə etdiklərimiz orada əlimizdən alınar və hamısının da hesabı sorular.
Dünya əkin yeri olduğu üçün biz burada yaşamağa, çalışmağa, ruzi axtarmağa, nəsil artırmağa və s. işləri görməyə məhkumuq. Biz dünya adlanan bu səhnəyə öz istəyimizlə yox, Rəbbin iradəsi ilə gəlmişik. Gəlmişiksə, deməli dünya və onun nemətlırini də sevməliyik . “Çalışmaq ibadətdəndir” (burada ibadət geniş mənadadır) Peyğəmbər (ə) kəlamının hikmətinə görə, insan sanki hər an öləcəkmiş kimi axirəti üçün, sanki heç ölməyəcəkmiş kimi dünyası üçün çalışmalıdır.
Həqiqi möminin bütün davranışı xeyirlidir. O, hər hansı müsübətə məruz qalsa, səbir edər; bu onun üçün xeyirli olar. Hər hansı nemətə yetişsə, şükür edər; bu da onun üçün xeyirli olar. Çünki hədəfi axirətdir, lakin dünyasını - kiçik cənnətini də unutmaz. Onda nə ifrat dünya sevgisi, nə də axirət əndişəsi var: Cənnət sevdasına tutulmadığı kimi, cəhənnəm qorxusuyla da tərkidünya olmaz. O, söz və əməllərində yalnız və yalnız bir şey istər: Rəbbin rizasını. Belə xoşbəxtlər sinələrində iki aləmi daşıyanlardır: Dünya və Axirəti. Məncə unudulmaz İ.Nəsimi: “Məndə sığar iki cahan, Mən bu cahana sığmazam...” məhşur kəlamını deyərkən buna işarə etmişdi.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru