Ən azı bu məqama görə məsuliyyət yaransın
İstənilən sahədə əhalini bilgiləndirmək, yeniliklərlə tanış etmək müxtəlif qurumların vəzifəsidir. Bu istiqamətdə daimi olmasa da, ara-sıra, müəyyən məlumatlara rast gəlirik. Bu mənada, Qida Təhlükəsizliyi Agentliyi və Trend.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası diqqətimizi çəkdi. Məlumata görə, sağlam qidalanma və digər məqamlarla bağlı tövsiyə və məsləhətlər rubrika vasitəsilə oxucuların diqqətinə çatdırılır. Növbəti maarifləndirici mövzu da “Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli” istqamətində hazırlanıb.
Maarifləndirici yöndə olan materialda öncə qeyd edilir ki, iki növ - birinci və ikinci növ buğda unundan hazırlanan çörəklərin içi tam bişməli və o, xəmir halında olmamalıdır. Sitat: “Əgər üzərinə barmaqla basdıqda nəm və ələ yapışqanlıq hiss edilirsə, demək məhsulun keyfiyyətində problem var. Çörəyin üzərinə yüngül toxunub buraxdıqda o öz əvvəlki formasına qayıtmalı, yumşaq olmalı və öz-özünə ovxalanmamalıdır... İstər satış şəbəkələrində, istərsə də evdə çörəyin saxlanıldığı yer daim təmiz olmalıdır. Əks halda nəmlik çörəyin kiflənməsinə səbəb ola bilər. Çörək sellofan torbada saxlanılırsa və buxarlanmadan qaynaqlanan damcılar yaranırsa, mütləq oradan çıxarılmalıdır.Bu qida məhsulu yalnız normativ-texniki sənədlərdə öz əksini tapan müddətədək satışa çıxarıla bilər. Buğda unundan hazırlanan çörəyin istifadə müddəti 24, çovdar unundan hazırlananların yararlıq müddəti isə 36 saatdan çox olmamalıdır.
Çörəyin istifadə müddəti sobadan çıxarıldığı vaxtdan etibarən hesablanır. Ticarət şəbəkələri və evlərdə rütubətli yerlərdə, kəskin iyli məhsullarla birgə saxlanılmamalıdır. Buna misal olaraq ətriyyatları, balıq və balıq məhsullarını, tütün məmulatlarını, sabunu qeyd etmək olar. Mütəxəssislər bildirir ki, çörək çox saxlanıldıqda tərkibində mikroorqanizmlərin inkişafı başlayır. Bakteriyalar vasitəsilə çörəkdə kartof xəstəliyi və kartof çöpləri yaranır. Belə olduqda həmin çörəklər yararsız hesab olunur və ondan istifadə etmək olmaz. Ticarət şəbəkələrində çörək havalandırma sistemi olan otaqlarda, təmiz, quru yerdə 20-25 dərəcədən yuxarı olmayan temperaturda saxlanılmalıdır. İstifadə müddəti bitdikdə, saxlama qaydalarına əməl olunmadıqda çörəkdə çəhrayı, qara, yaşıl, ağ və boz kif göbələkləri əmələ gəlir. Hansı ki, bu da insan orqanizmi üçün çox təhlükəlidir”.
Beləliklə, məlumatın diqqətçəkən hissəsini olduğu kimi vermək bizim borcumuzdur. Ümumiyyətlə, istənilən sahənin mütəxəssislərinin, eləcə də, həm sıravi, sıradan olan şəxslərin, həm də müxtəlif qurumların yüksək çinli əməkdaşlarının öz vəzifə və borcu var. Onların yerinə yetirilməsi də bir məsuliyyət məsələsidir.
Lakin məsuliyyət anlayışı deyəsən, bütövlükdə hamının marağında olan məsələ deyil. Misal üçün, elə bu mövzunun hazırlanmasına olan ehtiyacdan, daha doğrusu zərurətdən danışaq. Zənn edirik ki, AQTA istənilən qida məmulatının istehsal edilmə və saxlanma şəraitinə nəzarət etmək və keyfiyyətsizlik, ondan doğan təhlükə məqamında müvafiq tədbir görmək səlahiyyətinə malikdir. Bu sahədə qurumun vaxtaşırı yayımladığı məlumatlar da gündəmə gəlir. Deməli, sağlamlığa ziyan olan və qida təhlükəsizliyinə cavab verməyən məhsullar satışdan yığışdırlır və istehsalçı şirkətin əməkdaşları haqqında lazım olan addım atılır.
Fəqət bu qədər cəzalandırma tədbirlərinə, xəbərdarlıqlara və s. baxmayaraq, belə çıxır ki, qida təhlükəsizliyimiz hələ də sual altındadır. Və sözügedən mövzunun bir neçə abzasına diqqət etməklə sağlamlığımızın tək adiyyəti qurumların əməkdaşlarının deyil, elə hər birimizin məsuliyyəti olduğu aydınlaşır. Belə olmasaydı, mövzuda çörəyi yalnız alarkən və saxlayarkən nəyə diqqət etməli olduğumuz açıqlanardı.
Daha çörəyin harda, necə şəraitdə, hansı otaqda və hansı məhsulların yanında saxlanması barədə məlumatlara ehtiyac qalmazdı. Amma, göründüyü kimi, təqdim edilən, maarifləndirici mövzu az halda əhalinin diqqətinə, daha çox isə istehsalçı şirkətə və satış şəbəkələrinə tuşlanıb. Yəni maarifləndirmənin məqsədi əhaliyə bilgi verməkdir, çörəyin ticarət və satış şəbəkələrində necə, hansı şəraitdə saxlanması isə birbaşa nəzarətedici qurumun diqqətində olmalıdır. Yoxsa istehlakçının, əhalinin nə haqqı var çörəyin ətriyyatın, balıq və balıq məhsullarının, tütün məmulatlarının, sabun və s. məhsulların yanında saxlanmamasını tələb etsin? Ya da, kimə o ixtiyar verilib ki, ticarət şəbəkələrində çörəyin havalandırma sistemi olan otaqlarda, təmiz, quru yerdə, 20-25 dərəcədən yuxarı olmayan temperaturda saxlanmasını onlara diqtə eləsin?
Qaldı ki, çörəyin yalnız normativ-texniki sənədlərdə öz əksini tapan müddətədək satışa çıxarıla bilməsinə, ona da vətəndaşın müdaxilə etmək hüququ yoxdur. O qədər köhnə çörəklərin təzələrə qarışdırılaraq alıcıya təqdim edilməsi halları olub ki. Biçarə alıcının nəinki çörəyin istehsal tarixini tələb etmək (Bu, daha çox sexdə istehsal edilən, açıq halda olan məhsullara aiddir), heç onun təzəliyini-köhnəliyini yoxlamaq imkanı da yoxdur. Çünki zavod çörəkləri kağız qablaşdırmada olduğu üçün onu əllə yoxlamaq mümkündür. Lakin əksər istehlakçı qablaşdırmasız satışa buraxılan çörəklərin üzərinə sözügedən materialda qeyd edildiyi kimi, barmaqla basmaqla nəmliyini, yapışqanlığını hiss edə, bununla da məhsulun hansı keyfiyyətdə olduğunu bilmir. Ən azından, özünə hörmət edən alıcı qablaşdırmasız çörəyə əllə toxunmağı və onu yoxlamağı şəxsinə sığışdırmaz.
Bir sözlə, çörəyin növləri və s. məqamlar barədə maarifləndirmələr əhaliyə lazımdır, bəlkə heç çörəklə necə rəftar etməyi bilməyənlər var. Lakin ticarət şəbəkələrində çörəyin saxlanma şəraiti və hansı məhsullarla bir yerdə olub-olmaması məsələsinə nəzarət etmək əhalinin, vətəndaşın və istehlakçının deyil, elə sözügedən qurumin birbaşa məsuliyyətidir. Həm də təkcə çörəyin deyil, istənilən qida məhsulunun təhlükəsizliyi məsələsi həmin agentliyin nəzarətindədir. O halda, həmin qurumun vəzifəsi və məsuliyyəti sadə vətəndaşa ötürülməməlidir. Onsuz da əhali qrupunun, istehlakçının ticarət şəbəkələrindən və ona nəzarət edən qurumdan heç bir umacağı yoxdur - keyfiyyətli və təhlükəsiz məhsuldan savayı. Bir də ki, ölkə vətəndaşı istehsalçı şirkətin və nəzarətedici qurumun əvəzinə, özündən tələb edilməyəni araşdırmayacaq. Necə deyərlər, o, heç kimin “çörəyinə bais olmayacaq”. Ən azı, buna görə, hər kəs öz işinin, vəzifəsinin məsuliyyətini çəkməlidir.
Çörəklə bağlı məsələyə isə daha ciddi münasibət sərgilənməlidir. Gündəlik yeyilsə də, insanı çiyrindirməyən bu məhsula elə bu izaholunmaz mənasına görə dəyər verilməlidir. Yəni istehlakçı, istehsalçı və nəzarətedici qurumları birləşdirən ortaq nöqtə bu olmalıdır. Qalan məsələlərdə isə hər kəs öz işinə cavabdehlik daşımalıdır - çörəyin çörəkçiyə verilməsi hikmətindən çıxış edərək.
Nigar Vaqifqızı