DÜNYA VƏ AXİRƏT: METAFİZİK DÜŞÜNCƏLƏR

 

Dünya yolçunun qonaq evi - bir mehmanxana, onu Allaha aparan yol, müsafirlərin azuqələrini hazırlaması üçün bəzəkli bir marketdir. Dünya və axirət. Biri hikmət aləmi, digəri qüdrət. Biri ölümdən əvvəl və ölümə çox yaxın, digəri ölümdən sonrakı son, axır mənzil.

Dünyadan məqsəd axirət üçün azuqə toplamaqdır. Sadə və qüsursuz yaradılan  insanın son və əsas səadəti onu yaradana - Allaha layiq  qul olmasıdır. Onun əsl cənnəti budur və o, buna  görə də yaradılıb. Su və torpaqdan xəlq edilən və  bədəni ilə vidalaşan insana “ axirətə getdi” deyirlər. Verilən əza və hisslər fəaliyyət göstərdiyi müddətdə isə ona “dünyadadır” deyirlər.

 

“Dünya sənin, dünya

mənim, dünya

heç kimin” (M.Araz)

 

Hikmət aləmindən xəbər verən və lüğəti mənası “ən yaxın, ən aşağı” olan dünyanın üç tərəfi var:

1) İlahi isimlərin təcəllilərinin sərgiləndiyi yer;

2) Axirət üçün əkin yeri;

3) əhli-həvasatın oyun və əyləncə yeri. Günah və haramlara əli uzun olan insan  dünyanın məhz üçüncü tərəfinə meyl edər.

Dünya və axirəti müqayisə edən  Rəbbimiz buyurub: “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil.  Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz” (Ənam 32).

Peyğəmbər (ə) isə buyurub: “Allaha and olsun ki, axirətə görə, dünya ancaq  sizdən birinin dəryadan barmağı ilə su götürməsinə bənzər”.

Kəlama görə, əbədi səadət bir dərya, dünya və onun ləzzətləri isə barmaqdakı  bir damla  su kimidir. Bu bir damla  suda boğulmayanlar dəryada da boğulmazlar. Deməli, önənli olan “ölmədən ölməklə” Yaradana qovuşmaqdır.

İnanclı insana iki şey vacibdir: biri qəlbini, nəfsini (ruhunu) zəhərləyici səbəblərdən qorumaq  və onun qidasını tədarük etmək, digəri isə bədənini məhv edən şeylərdən qorumaqla onun qidasını təmin etməkdir. “Ərşi-səmaya sığmaram, fəqət mömin bəndəmin qəlbində məskən salaram” Rəbb kəlamına görə, qəlbin qidası Allahu-Təaləni tanıyıb sevməkdir. Çünki hər şeyin qidası təbii xüsusiyyətlərinə uyğun olur. Qəlb də onu Yaradanı özündə məskən etmək istəyir. Həmin səbəbdən daşlaşan  qəlbin həlakının səbəbi  Xaliqdən başqa şeylərin sevgisinə dalmaqdır.

Deməli, bədəni qəlb  (ruh)  üçün qorumaq lazımdır. Zira bədən fani (keçici), ruh isə baqidir (əbədidir). Hacını həccə aparan dəvə kimi bədən də ruhun nəqliyyat vasitəsidir. Dəvə hacıya lazımdır, hacı dəvəyə yox. Sözsüz ki, həccə dəvə ilə gedən zəvvarın  yol boyu dəvəni qida ilə təmin etməsi məcburidir. Lakin bu, əndazəni aşmamalıdır. Əks halda, o bütün vaxtını dəvəyə sərf etməklə karvandan geri qalıb Kəbəni vaxtında ziyarət edə bilməz.

Bunun kimi, əgər insan bütün vaxtını mədəsinin yüklənməsinə sərf etsə, yəni nəfsinin girovuna çevrilsə, kütləşən beyin fitratdan yaradıldığı təyinatını işlədə bilməz.

Bədənin dünyada əsasən üç şeyə ehtiyacı var: qida, geyim və mənzil. Bunların heç birində ifrata yol verilməməlidir. Elə mömin bəndə üçün dünyanın əsası da budur. Zira o bilir ki, yemək naminə yaşamaq yox, yaşamaq üçün yemək  lazımdır. 

Qəlbin qidası mərifətlə (ağıl, elm) olur; nə qədər çox olsa, o qədər yaxşıdır. Bədənin qidası da yeməkdir. Həddi aşsa, partlamaqdır - ölümə səbəb olar. Ağıl əsasən  şəhvət, hərislik və s. hissləri - nəfsi ram etmək üçün yaradılıb. Şəhvət (arzu, istək) əvvəldən insan bədənində  yer almış və əmrə itaət etməyi istəməz olmuşdur. Ağıl və qanun (şəriət) ondan sonradır. Qəlbi dünya sevgisi ilə məşğul etmək onda məhvə aparan  ehtiras, paxıllıq, həsəd, düşmənçilik və digər  neqativ sifətləri meydana gətirir.

Nəticədə öz əslini, təyinatını unudan qəlb daşlaşaraq tamamilə dünya işlərinə aludə olur. Bu məqama toxunan həz.Məhəmməd buyurub: “Dünya Harut və Marutdan daha böyük cadugərdir”.

Dünyanın cadugərliyi

haqqında misallar

 

Dünyanın birinci cadugərliyi budur: Özünü bizə daim qalacaq məkan kimi göstərir. Dünya ona baxılan anda hərəkətsiz görünən, fəqət daim hərəkət edən kölgəyə bənzəyir. Ömür isə daim gedir və tədricən hər an bir az da azalır; bizdən qaçır, ayrılır. İnsan isə bunun fərqinə varmayıb, dünyada qalacağını zənn edir.

 

Həqiqətdə isə:

“Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya.

Əbədiyə qəh-qəh çəkər əbədi dünya,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin”. (M.Araz)

 

Dünyanın növbəti cadugərliyi özünü insana məftun etməsidir. Bu zaman o özünü başqasına meyli olmayan dost kimi təqdim edir. Lakin qəflətən bizə düşmən kəsilir. Bu, kişiləri aldadıb özünə aşiq edən, sonra evinə aparıb  öldürən, zəhərləyən, soyan zalım bir dul qadına bənzər.

İsa (ə) kəşf aləmində olarkən dünyanı qoca bir qadın  şəklində görüb soruşdu: “Neçə ərin var?” Dünya: “O qədər çoxdur ki, saya bilmərəm” - dedi. Həz.İsa: “Öldülərmi, səni boşadılarmı?- buyurduqda, o: “Xeyr, əslində hamısını mən öldürdüm” - dedi. İsa (ə): “Bu axmaqlara heyrət edirəm ki, digərlərinə nə etdiyini görüb, yenə də səni istəyirlər, heç ibrət almırlar” - buyurdu.

Dünyanın cadularından biri də xaricini bəzəyib, bəla və sıxıntılarını gizlətməsi, görünən tərəfinə  baxan cahilləri aldatmasıdır. O, çirkin  üzünü pardaxlayıb bəzəkli və cəlbedici  paltar geyən qoca bir qadına bənzər. Uzaqdan görən ona aşiq olar. Amma yaxına gələndə peşiman olar, kədərlənər.

“Qiyamət günü dünyanı yaşıl gözlü , dişləri tökülmüş qoca, çirkin bir qadın şəklində gətirəcəklər. İnsanlar ona baxdıqda: “Allah qorusun, bu alçaq, çirkin şey nədir?” - soruşacaqlar. Onlara deyiləcək: “Bu, uğrunda  bir-birinizi qısqandığınız, bir-birinizə düşmən kəsildiyiniz, qan tökdüyünüz, ona aldandığınız dünyadır”.

Sonra onu Cəhənnəmə atacaqlar. Dünya deyəcək: “Ya Rəbb, məni sevənlər haradadır?” Allahu-Təalə onların  da gətirilib Cəhənnəmə atılmasını əmr edəcək” (həz.Məhəmməd).

(Ardı var) 

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.1427891254425