Qurbanlıq heyvanlar
(Əvvəli ötən sayımızda)
"Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (Bismilləh desinlər, Həcc 28)".
Ayədən göründüyü kimi, qurbanlıq heyvanların yalnız qoyun, keçi, qaramal və dəvə olması vacibdir. Bu zaman bir qoyun və ya bir keçi bir nəfərin (və ya bir ailənin) adından kəsilə bilər. Qaramal cinsindən olan heyvanları və dəvəni isə 7 nəfərə qədər şəxs şərik olub kəsə bilər. Fəqət, o zaman bunların hamısı niyyət etməlidirlər ki, kəsdikləri heyvan Allah rizası üçündür. Qurbanda əsas olan Rəbbin Cənnətdən göndərdiyi qoç timsalında heyvan qanının axıdılmasıdır. Qurbanlıq qoyun alıb onu kiməsə hədiyyə etməklə qurban borcunu yerinə yetirmək olmaz. O heyvan yalnız kəsildiyi təqdirdə qurban hesab edilir.
İslamda qurban kəsmək kimlərə vacibdir?
Qurban kəsmək azad müsəlman olan, həddi-buluğa çatan, ruhi xəstə olmayan, zəkat və fitrə-sədəqəsini verən imkanlı adamlar və səfərdə olmayan şəxslərə vacibdir. Qurban kəsmənin səhiholma şərtləri bunlardır: qurbanlır heyvan bayramın birinci günü günəş doğandan, üçüncü günü günəş batana kimi kəsilməlidir. Qurbanı gecə kəsmək məkruhdur. Kəsilən heyvan qüsurlu olmamalıdır. Buradakı hikmət ondan ibarətdir ki, əgər İbrahim (ə) yeganə sevimli oğlunu Allaha sədaqət rəmzi kimi kəsməyə razı olubsa, qurban kəsən şəxs də sözsüz ki, ən yaxşı və gözəgəlimli heyvanı kəsməlidir.
Qurban kəsəcək şəxs (qadın və ya kişiliyindən asılı olmayaraq) aşağıdakı lazımi şərtlərə əməl etməlidir: o müsəlman olmalı (bəzi məzhəblərə görə, məcburiyyət qarşısında əhli-kitab olan yəhudi və xristianlar müsəlman üçün heyvan kəsə bilər. Təki heyvan kəsilərkən Allahın ismini zikr etsin), kəsməyə kifayət qədər ağlı və gücü olmalı, heyvanı kəsərkən Allahın adını anmalıdır (bismillah, Allahu Əkbər, Allahu-Əzim). Qurbanlıq kəsilərkən heyvanın üzü və ayaqları qibləyə çevrilir və o, sol tərəfi üzərinə yatırılır. Sağ arxa ayaq sərbəst buraxılır, digər üç ayaq isə bağlanılır. Sonra isə ya qurban sahibi, ya da onun vəkili bu ayələrdən birini oxuyur: "Mən həqiqətən batildən haqqa tapınaraq, üzümü göyləri və Yeri Yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!".
Və ya "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!". Nəhayət, Allahın adı hökmən zikr edildikdən sonra heyvan iti bıçaqla kəsilir. Qurban əti bərabər olaraq üç yerə bölünür: qohum-qonşu, özü və kasıblar üçün. Dərisi satıla bilməz. O, ya evdə saxlanılır, ya məscidə verilir, ya da başqasına. Qurbanlıq heyvan qoyun və keçidirsə, onların yaşı 1, iribuynuzludursa iki ildən yuxarı, dəvə isə 5 yaşı tamam olduqdan sonra kəsilməlidir. Qurbanlıq vacib və qeyri-vacib (nəfilə) olmaq üzrə iki qismdir. Sərvəti zəkat verilən miqdara çatan şəxslər, varlı sayılanlar, Həcc mərasimindəki şükür qurbanları, niyyət edilən nəzir qurbanları, Həccdəki ibadətlər qüsurlu olarsa qəza qurbanları vacib qurbanlıq sayılır. Nəfilə qurbanları isə vacib sayılmayan qurbanlarıdır. Onlar qurban bayramında yox, başqa günlərdə də kəsilə bilər.
Qurban bayramında hansı tədbirlər keçirilir?
Bayramın ilk və sonrakı 3-4 gündə müsəlmanlar bir-birinə qonaq gedir, hal-əhval tutur, küsənlər barışır, yaxşı işlər niyyət edilir, körpə və qocalara xüsusi qayğı göstərilir, hədiyyələr verilir. Qurban bayramında misginlərə, kimsısiz uşaq və qocalara, elm maarif və mədəniyyətimizə maddi-mənəvi köməklik edənlərin savabı həmin anda Ərafatda olan insanların savabına bərabərdir. Onlar bəlkə də Ərəfatdakılardan daha çox savab qazanmış olurlar.
Zira Həcc ziyarətində olanların ibadəti şəxsi, buradakıların ibadəti isə ictimaidir. Oradakı qulluq fərdi yüksəliş üçünsə, buradakı qulluq bir millətin dirilişi üçündür. Həmin səbəbdən Həccə dəfələrlə getməkdənsə, həmin xərci vətəndə çəkmək daha məqsədəuyğundur. Yəni bu xərc bir küçə, park, bulaq, yetim evləri, tədris və təhsil müəssisələri, xəstəxanalara sərf olunarsa daha fəzilətli olar.
Ümumiyyətlə, Rəbbə sədaqət andı və əhdə vəfa simvolu olan bu günlər bəşər qətlinin qadağası, sevgi və məhəbbətin bərqərar olduğu günlərdir.
İnsanın sərvəti həm də onun silahıdır. O, həmin silahla özünü qoruya da bilər, öldürə də. Əgər bu silah ailəyə, dosta, vətənə, bayrağa, dinə qarşı yönələrsə sahibini zəlalətə düçar edər və onu axirət savabından da məhrum edər. Əksinə, həmin silah bəndənin ailəsinə, torpağına, dininə, xalqına təcavüz edən düşmənə qarşı yönələrsə bu zaman o, sahibini dünyada izzət və hörmətə, axirətdə isə Cənnətə aparar. Həmin səbəbdən Peyğəmbər (ə) buyurub: "İslama xidmət edən sərvət nə gözəl nemətdir".
Verin və əmin olun ki, sizə də veriləcək
Adətən verənin əli yuxarıda, alanın əli isə aşağıda olur. Bu baxımdam Qurban bayramı verən əllərin, hakim əllərin sərgisi, verimləri ilə əlləri yuxarıda olanların tanınması bayramıdır. Elə isə verin. Allah və Onun Rəsulu (ə) naminə verin! Millətin başqa millətin sədəqəsinə möhtac olmaması naminə verin! Verin, özünüzün və övladlarınızın nicat tapması naminə verin! Verin, bilin və əmin olun ki, sizə də veriləcək! Yaxı ölçü ilə verin, zira hansı ölçü ilə versəniz, sizə də o ölçü ilə veriləcək. Bilin ki, az əkən az biçəcək; çox əkən də çox biçəcək.
Bayramınız mübarək, əziz müsəlman bacı və qardaşlarım. Bayram günlərində verən əllərin alan əllərdən çox olması arzusu ilə.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru