Qurban bəşər qətlinin qadağasıdır
Dini bayramlar həm ictimai və iqtisadi, həm coğrafi və beynəlmiləlçiliyi, həm də dünya və axirət baxımından milli bayramlardan daha fəzilətlidir. İslam aləmində belə dini bayramların ən önəmlisi Qurban bayramıdır. Onun əsas atributlarından biri isə qurban kəsməkdir. Rəbbə mənən yaxınlaşma və onun rizasını qazanmaq üçün ibadət niyyət ilə xüsusi vaxtda kəsilən heyvana Qurban deyilir.
Qurban kəsmənin tarixi Adəm (ə) ailəsindən başlayıb. Adəm (ə)-nin iki oğlu qurban gətirdikləri zaman birinin qurbanı qəbul edildisə, digər qardaşın qurbanı qəbul olunmadı. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə dedi: "Səni mütləq öldürəcəyəm!". Habil ona cavab verdi: "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!" (Məidə 27). Nəfsini cilovlaya bilməyən Qabil qardaşını öldürüb, özü də ziyana uğradı. Bu, bəşər tarixində axıdılan ilk insan qanı, qardaşın qardaşı öldürməsinin əsası, ata və ana üçün ilk övlad dağı idi...
Qurban Rəbbə vəfa və sədaqət rəmzidir
Qurban kəsmək və onu bayram kimi qeyd etmək haqq və batil dinlərin tarixində həmişə olub. Allaha tam sədaqət və səmimiyyət, riza, təfəkkür və təvəkkül baxımından İbrahim (ə)-nin (b.e.ə. 2100-cü il) yuxusu isə həm özünün, həm də oğlu İsmayıl (ə)-nin adını əbədiyyətə qovuşdurdu. Belə ki, İbrahim (ə)-nin Hacərdən doğulan İsmayıl (ə)-ni Allah yolunda qurban vermək əzmi və atasının Allah qarşısında əhdi yerinə yetsin deyə, oğulun qeyrət və səbirliliyi hər iki şəxsiyyətə əzəmət gətirdi. Qurban kəsilməyə razılıq verərkən İsmayıl (ə) inanırdı ki, o, haqq yoldadır və atasının niyyəti də intiqam, vəzifə, taxt-tac, şöhrət yox, yalnız və yalnız Allah iradəsindən doğub. Həmin səbəbdən o, qurbangahda kəsilmək üçün yerə uzananda özündən daha çox atasının keçirdiyi sarsıntılar barədə düşünürdü. Lakin Rəbbin kərəmi böyükdür. Belə ki, o, Cəbrayıl (ə)-yə əmr etdi ki, atanın kəsəcəyi qurbanlıq cənnətdən gətirilən qoçla əvəz edilsin. Analoqu olmayan bu hadisə - ata-oğul fədakarlığı, gələcək nəsillərin tərbiyə olunmasında əvəzolunmaz bir nümunəyə çevrildi və sonrakı dinlərdə Allah naminə qurban prinsipini qoruyub davam etdirdi. Beləliklə, Rəbbə sədaqət andı olan bu iş ilə İslamda gələcək müsəlman nəsilləri üçün vacib olan həccin və qurbankəsmənin əsası qoyuldu.
İbrahim (ə)-nin hansı oğlu qurbanlıq olub?
İudaizm və xristianlıqda qurbanlığın İsmayıl (ə) olduğu qəbul edilirmi? İstər təhrifli Tövrat, istərsə də İncildə qurbanlıq İbrahim (ə)-nin Saradan olan oğlu İshaq (ə)-yə şamil edilir. Qəribə də olsa, hətta bəzi islam mənbələrinə görə, müsəlman hədisçilərindən Abbas-İbni Əbdül Mütəllib, Əbu-Hurayrə, İbni-Abbas, İbni-Yəmən və başqaları orijinaldakı "Və fədəynəhu bi zibhin əzim" (biz onu böyük qurbanla müjdələdik, Saffat 107) kəlamına istinadən, qurbanlığın məhz İshaq (ə) olduğunu qəbul ediblər. Quranda isə qurbanlığın kim olduğu barədə bilavasitə ad çəkilmir. Və həmin şəxs "O" əvəzliyi ilə ifadə olunub.
-(İbrahim) dedi: "Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et! Biz də ona həlim xasiyyətli oğlan uşağı ilə müjdə verdik. O, yüyürüb-qaçmaq və atasına kömək edə biləcək çağında (İbrahim) dedi: "Oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm" (Saffat 100-102) ayəsindən göründüyü kimi, qurbanlıq övlad İbrahim (ə)-nin Allaha etdiyi dua ilə dünyaya gələn oğludur. Dua ilə dünyaya gələn övlad isə yalnız İsmayıl (ə)-dir. Bunu hətta təhrif olunan Tövrat da təsdiq edir (bax, Bibliya, Varlıq XB, 1-6). Ibrahim (ə)-nin Saradan doğulan oğlu İshaq (ə) isə dua ilə dünyaya gəlməyib. Əksinə, həz.İbrahimə qonaq gələn mələklər ona bir ildən sonra Saradan doğulacaq oğlunun xəbərini verdikdə həm İbrahim (ə), həm də arvadı Sara buna şübhə və təəccüb etmişdilər. Çünki bu zaman Peyğəmbərin 97-100, Saranın isə 87-90 yaşı vardı. Qurbanlığın İsmayıl (ə) olmasının ikinci sübutu isə məsafə fərqidir. Belə ki, qurbanlığın İshaq (ə) və Saranın yaşadığı Fələstindən qurbangahın yerləşdiyi Məkkə yaxınlığındakı Mina dağına qədər qısa müddətdə gətirilməsi həmin dövr üçün real deyildi. Beləliklə, valideynə ehtiram, itaət və sevgi baxımından tarixdə yaşayıb, yaşadacaq haqqı qazanan həmin hadisəni bu gün yəhudi və xristianlar İshaq (ə) -yə, müsəlmanlar isə İsmayıl (ə)-yə şamil edirlər.
İslamda qurban kəsmək və onun hikmətləri
İslamda qurban kəsmək hicri ikinci ildə - Miladi 624-cü ildə "Rəbbin üçün namaz qıl və qurban kəs" (Kövsər 2) Quran ayəsi ilə əmr olunub. Ayə yalnız Peyğəmbər (ə)-yə xitab olunsa da, fəqət həz.Məhəmməd bu müqəddəs işi imkanı olan bütün müsəlmanlar üçün vacib bilib. "İmkanı olub qurban kəsməyənlər bizim məscidimizə yaxınlaşmasınlar" Peyğəmbər (ə) kəlamıdır.
Qurban bayramı müsəlmanların ən əziz bayramıdır. Ərəblər onu Əydül Əzha və ya Əydül Kəbir (Böyük bayram); fars dilli xalqlar Eyde Qurban; Pakistan, Banqladeş və Hindistan müsəlmanları Bəkr Eyt; türkdilli xalqlar isə Qurban bayramı adlandırırlar. Bayram zülhiccə ayının 10-cu günü başlayıb 3-4 gün davam edir və hər il Məkkəyə həcc ziyarəti mərasiminin başa çatdığı vaxta düşür. "Biz hər ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (Bismillah desinlər). Yalnız Ona təslim olub, Ona itaət edin" (həcc 34). Kövsər və Həcc 34 ayələrinin müqayisəsi göstərir ki, müsəlmanların çətin durumunda Məkkədə nazil olan Kösvər surəsində qurban kəsmək yalnız həz.Peyğəmbərə əmr olunub. İslam dövlətinin formalaşdığı dövrdə Mədinədə nazil olan Həcc surəsində isə qurban kəsmək imkanı olan hər müsəlman üçün vacib bilinib. Həcc 34 ayəsindən göründüyü kimi, qurban kəsmədə həm də Allahın xatırlanması, yer üzündəki bütün heyvanların da Allahın mülkü olması və onların sırf rəhmət əsəri kimi insanların istifadəsinə verilməsi bəyan olunub. Çünki insan bəzən qəflətə düşərək, sahib olduğu maddi-mənəvi dəyərlərin Rəbbin bir lütfü olduğunu unudur, qürurlanır, "mənəm-mənəmlik" iddiasına düşür. Bu baxımdan, Rəbb qurban əmrilə bəndəyə xatırladır ki, yerini bil, sənin də və yediyin ruzinin də sahibi Mənəm. Əslində bəndənin bütün ibadətlərinə Allahın ehtiyacı olmadığı kimi, onun qurban kəsməsinə də heç bir ehtiyacı yoxdur. "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmim qəlbdən etdiyiniz ibadətdir). Allah sizə həccin əməllərini göstərdiyi üçün, Onu uca tutasınız deyə, bu qurbanlıqları sizə belə ram etdi. Ya Məhəmməd! Ehsan edənlərə (Cənnətlə) müjdə ver" (Həcc 37). Kəsilən qurbanlar ilə qullarını imtahan edən Rəbb, onların İlahi əmrə itaət, təqva və ixləsini, Ona yaxınlaşmasını yoxlayır. Bu niyyət olmadan kəsilən heyvanların, axıdılan qanların nə dəyəri, nə də qiyməti var.
Qurban sədaqət, əhdə vəfa, qurtuluş rəmzidir. İslamda qurbankəsmə hökmü eyni zamanda sosial həyatın bərqərarıdır. Zira maddi durumu ağır olan insanlar üçün bu bir nemət və rəhmətdir. "Onlardan özünüz də yeyin, biçarə, zavallı yoxsula da yedirdin!" (Həcc 28). Qurban bəndənin Allah yolunda bütün malından, lazım gələrsə canından keçməsinin simvolik ifadəsidir.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru