Allahı tanıma və özünüdərkdə bəzi məqamlar

 

Allahın varlığını bildirən dəlillər əsasən üç qrupa bölünür: Kainatdan çıxarılan təbii dəlillər, ağıl vasitəsilə əldə edilən metafizik dəlillər və insanın təbiətindən çıxarılan dəlillər. Bəşər tarixi sübut edir ki, din inancı və Allah amalı insanları həmişə düşündürən önəmli məsələlərdən biri olub. Bütün dövrlərdə insanlar ilahi bir qüdrətin varlığına inanıb müəyyən inanca sahib olublar. Bütlərə, atəşə, Günəşə, Aya, ulduzlara və digər canlı və cansızlara sitayiş edənlər həm də onları yaradan bir qüvvəyə inanıblar. Deməli, dövrləri, məkanları və mədəniyyətləri müxtəlif  olan bəşərdə inanc birliyi fitratdan gətirilən bir dəyərdir. Fərq kimin bu ilahi qüdrəti  necə qəbul etməsindədir.

 Özünü tanıyan Allahı tanıyar

 Əhdi Ətiqdə (köhnə Əhddə) - Bibliyada adı keçən peyğəmbərlərin kitablarında insana xitabən bu söz çox məşhurdur: "Ey insan! Rəbbini tanımaq  üçün özünü tanı". Hədislərdə (həz.Peyğəmbər kəlamlarında) və onlardan qaynaqlanan üləma əsərlərində isə bu kəlam belə ifadə edilib: "Özünü tanıyan Rəbbini tanıyar". Cümlənin təfsirini verən Qəzzali (v.e.1111) yazıb: "Bu ifadənin mənası odur ki, insanın özü bir aynadır. Ona baxan Haqqı görər. Bir çox insan özünə baxar, lakin Haqqı görə bilməz. O halda özünü tanımaq üçün Allahu-Təaləni tanımağa hansı yolun səbəb olduğunu öyrənmək lazımdır. Bu da iki şəkildədir: biri çox dərindir və bunu çox kimsə anlaya bilməz... Hər kəsin anlaya bildiyi şəkil isə suaparmaz şəkildə açıqdır. Əvam (xalqın əksəriyyəti - V.C.) insan öz şəxsində Allahu-Təalənin zatının (şəxsinin) varlığını (haşə, mahiyyətini yox), öz sifətlərində Onun sifətlərini, öz bədəni və üzvləri olan məmləkətindəki idarəçiliyində Allahu-Təalənin bütün kainatdakı idarəçiliyini biləndir..."

 İnsanın öz əslindən, mahiyyətindən anlaya bildiyi ilk şey varlığından əvvəl bir damla su olmasıdır. Bu suda ağıl, qulaq, göz, ət, sümük, dəri, damar və s. şeylər  yoxdur. Lakin ağılları heyrətə gətirən hallar - həmin əzaların varlığı ondan əmələ gəlib. Bəs bunları sonradan insan şəklinə salan kimdir?! Kamillik yaşına çatan insan onu da bilir ki, verilən bu əzalarla  heç bir tük yaratmağa qadir  deyil ("Bir qum dənəsini yarada bilsəydim, bütün kainatı yaradardım". A.Eynişteyn). Nəticədə aydın olur ki, insanın öz şəxsinin varlığından Allahu-Təalənin şəxsinin varlığı müəyyən edilir. İnsan bədənindəki heyrətamiz  zahiri və batini hallara baxdıqda, öz vücudunda yaradanın qüdrətini görür və bilir ki, istədiyini istədiyi kimi yaradan tam bir qüdrət  sahibi var. Bir damla sudan düşünən, gözəl biçimdə, hikmətli və valehedici xüsusiyyətlərə malik insanı yaradan gücdən daha üstün hansı güc ola bilər?

Əgər dünyanın bütün ağıllılarının ağlı bir araya gəlsə, onlara sonsuz ömür verilsə, bu üzvlərdən birini yaratmağa səy etsələr, bunu bacara bilməzlər. Məsələn, bütün alimlər yeyilən şeyləri kəsmək üçün itiuclu ön dişləri, əzmək və üyümək üçün ucları düz olan azı dişləri, dəyirmana əzib üyüdə biləcəyi şeyləri atan dil kürəyini, dilin altında olub lazım olduğu vaxtda yeməkləri isladıb xəmir halına gətirəcək islatma qüvvətini, sonra bozağa gedib orada ilişib qalmamasını bundan daha kamil və daha yaxşı düzəldə bilməzlər. Bilsəydilər belə, ağıza atılan bir loxmanın dadını hiss etdirə bilməzdilər!

Əlin beş barmağı da belədir. Dördü bir tərəfdə, baş barmaq isə onlardan bir az kənar və qısa. O, dördü ilə də birləşə və hamısının üstünə gələ bilir. Dördündə üç bənd, bunda isə iki bənd var. Elə yaradılmışdır ki, istəsə tutur, istəsə ovuc, kürək kimi olur, istəsə sıxıb yumruğa  döndərir, istəsə təkrar açıb kəfgir və ya başqa qab şəklinə salır. Əgər dünya alimləri bu barmaqların yaradılışında bir başqa şəkil düşünsə, yaxud bu yaxşıdır deyə, buğumların sayını dəyişsələr, yenə də Rəbbin yaratdığından qüsurlu olar. Onlar bunu düzəltsələr belə, təkcə bir barmağın ana qəbrinə toxunmasından alınan sirli-sehirli hiss və duyğunu yarada bilməzlər! Çünki Allahu-Təalənin yaratdığı ən mükəmməlidir: Yaradanın elmi hər şeyi əhatə edir və O, hər şeyi bilir. Başqa üzvlər də belə.

Beləliklə, insan özünün varlığından Allahu-Təaləni görür. Öz yaradılışı və üzvlərinin çoxluğundan Onun qüdrət və kamalını görür. Ətrafındakı saysız hikmət və faydalarda  Onun elminin kamilliyini görür. Zərurət, ehtiyac yaxud yaxşılıq və gözəllik üçün olanların hamısının onda (bəndədə) yaradıldığını anlayınca, Allahu-Təalənin lütf və rəhmətini görür. Və buna görə də özünü tanımaq Allahu-Təalənı tanımağın açarı olur.

 Özünüdərkdə ruh və vicdan amili

 İnancından asılı olmayaraq hər kəs bilir ki, ruh var və o, bədənin padşahıdır. Bədəndə olan hər şey onun (ruhun)  ölkəsidir. Ruh həm də necəliyi bilinməyən bir cövhərdir. Bunun kimi kainatın padşahı olan Allahın da necəliyi bilinməz. Bu baxımdan hər bir insanın ruhu Onun dəlillərindəndir. Allah üçün heç bir məkan olmadığı kimi, ruh da heç bir şeyə  bağlana bilməz. Ruh əldədir, ayaqdadır, başdadır və s. deyilməz. Bəndənin bütün hissələri  ayrılır, bölünür. Ruh isə bölünməz. Bölünə bilməyənin bölünənə girməsi mümkün deyil. Əks halda o da bölünən olardı. Bütün bədən onun əmrində, istifadəsindədir. Bütün kainat da Allahın əmri altındadır. "Allah filən yerdədir" - deyilə bilməz. Bütün bunların hamısı "Allahu-Təalə Adəmi (yəni Adəmin həqiqətini, ruhunu) Öz surətində yaratdı" hədisi ilə açıqlana bilər. Yeri gəlmişkən, bu hədis Əhdi-Ətiqdən qaynaqlanıb: "İ skazal Boq: sotvorim çeloveka po obrazu Naşemu i po podobiyu Naşemu..." (bax: Bibliya, Yaradılış 1:26). Deməli, Allah hər bir insanın ruhunu öz xüsusiyyətində yaratdığı üçün, hər bir insanın ruhu da Allahdan xəbər verir; Onun şahidi, əmanəti və dəlilidir. Ruhunun olduğuna şübhə etməyən hər kəs  özünə baxıb Allahı dərk edər. Eyni ilə insanın vicdanı da  belədir. O da Allahın şahididir...

 

(Ardı gələn sayımızda)

 Vaqif Cəliloğlu

Tex. elmləri üzrə

fəlsəfə doktoru

0.14981198310852