Yararsız məhsulları istehsal edənlərə hansı tədbir yarayar?

 

Onlara sivil qaydalar tətbiq etmək yaramaz...

Ölkə mediası müxtəlif xəbərlərdən heç zaman korluq çəkməz. Qiymətlərin bahalığından tutmuş statistik göstəricilərədək, mədəniyyətdən başlamış şou xəbərlərədək, idmandan kriminaladək hər dürlü xəbərlərin oxucusuyuq. Xülasə, sənaye, kənd təsərrüfatı, infrastruktur, audit, maliyyə, yol təsərrüfatı, rüşvət və korrupsiya, təhsil, onunla dabanbasma gedən səhiyyə, turizm və s. yaddan çıxmayan sahələri sadalasam, gün batar, axşam olar...

Dünyanın inkişaf etmiş və ya, etməkdə olan ölkələrindən heç də geri qalmırıq xəbər bolluğunda. Bəlkə də onlardan xeyli irəlidəyik həftəbecər gündəmimizlə. Misal üçün, dünyanın ən nüfuzlu media qurumu və holdinqi düşünürəm, bizim xəbər bolluğuna əlini ikiəlli uzatsa da, onun arxasınca iki ayaq satın alıb qaçsa da, çatmaz. Bu da bizim özəl xəbərli millət olmağımızın göstəricisidir.

Özəl demişkən, qeyri-rəsmi obyektlərdən gələn xəbərlər də daim özünəməxsusluğu ilə seçilir. Məsələn, hansı xarici sahibkar və ya fermer satışa, bazara, qidalanmağa yararsız tonlarla ət məhsulunu çıxarmağa ürək edər?! Əlbəttə ki, özünə hörmət edən heç kimsə. Özü də belə proseslərin dəfələrlə aşkar edilməsi, televiziyada bütün ölkəyə göstərilməsi, yaşayış məskənlərindən kənar yerlərdə yandırılaraq, zərərsizləşdirilməsi kiməsə dərs olmur. Elə bir ucdan haralardansa leş əti əldə edilir, kiloqramlarla, hətta tonlarla yığılır, satış üçün aparılır və... Görəsən, hansı formada tədbir görmək olar ki, belə yararsız məhsulların əhaliyə satılmasına birdəfələik son qoyulsun?

İndi də xəbər verilir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun kənd ərazisində antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlayıb.

Bərdə rayonunda fəaliyyət göstərən bağırsaq emalı sexində isə AQTA əməkdaşları sanitar-gigiyena və texniki-normativ tələblərə əməl olunmadığını aşkar edib. Hər halda, agentliyin müvafiq xəbərdarlığı və belə yararsız sexlərin fəaliyyətinin məhdudlaşdırılması əhaliyə xarab məhsul satanların gözünü az da olsa, qıracaq. Amma bütövlükdə, istənilən fəaliyyətdə gəlir götürməklə bahəm, bir az vicdana da nəzər salmaq vacibdir...

Qeyd etdiyim kimi, gündəmdə hər dürlü xəbərlər dolaşır, amma birbaşa vicdanın da mal-məhsulla bərabər satışa qoyulması nədənsə, nəzərdən qaçır...

Yararsız mal, at, eşşək və toyuq əti, ya da pendir, çörək (məsəli klassik “pendir-çörək” ifadəsindən iraq! ), şirniyyat, qənnadı məhsulları satanları pulla cərimə etmək, deyəsən, işə yaramır. Hardasa, daha unikal metod fikirləşib tapmaq lazımdır. Hərdən qonşuların cəza üsullarına da müraciət etmək yerinə düşər, sivil insan hüquqlarına zidd olsa da.

Lakin özünün də daxil olduğu cəmiyyətə belə yararsız məhsullar satmağa, ümumən, kütləvi zəhərlənmələrə yol açmağa ürək edən adamlara zənnimcə, sivil insan hüquqlarını, haqq-ədaləti yaraşdırmaq yaramaz. Yaramaz adamların yararsız məhsullarını insanlara yaraşdırmadığımız kimi...

Nigar Vaqifqızı

0.16387891769409