"Dil yırtıcıdır, cilovu buraxıldımı, hücum çəkər, parçalar" (həz.Əli)
Dil Allahu-Təalənin yaratdığı çox vacib və qəribə cövhərlərdən biridir. Görünüşcə bir ət parçasıdır, fəqət var olan hər şey onun idarəsi altındadır. Hətta mövcud olmayan şeylər də. Çünki o, həm yox olanları (olmayanları), həm də var olanları anladır və əslində ağlın tərcümanı və vəkilidir. Sözü "doğan" dil, "əkən" ağıldır. Yəni təbir caizsə, sözün anası dil, atası ağıldır. Ağlın xaricində isə heç bir şey yoxdur. Dil də ağla, vəhmə (qorxu hissi, şübhə, fikir) və xəyala gələn hər şeyi söyləyir. Digər üzvlərin bu qədər çoxfunksiyalı vəzifələri yoxdur. Məsələn, göz rəng və şəkildən başqasını görmür. Qulaq isə ancaq səsi eşidir. Bədəndəki üzvlərin də hər birinin əsasən, bir vəzifəsi var. Dil isə qəlb kimi bütün üzvlərlə münasibət qurur.
İman, qəlb və dil
münasibətləri
Söz, qəlb, dil münasibətləri barədə həz.Əli buyurub: "Sözün yeri qəlbdir, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir; bədəni hərflərdir, canı isə məna; bəzəyi biçimli deyilməsidir; düzgünlüyü doğruluğundadır".
Dil qəlbin qarşısındadır. Qəlbdəki surət və hissləri ondan alıb söylədiyi kimi, qəlbin xaricindəki surətləri də qəlbə çatdırır və söylədiyi hər sözdən qəlbdə bir sifət meydana gəlir. Məsələn, dil yalvarma-yaxarma kəlmələrilə danışıb fəryad etdikdə, qəlb şəfqət, rəhm, qəmlənmə və kədər sifəti alır. Beləcə, qəlbdə yaranan atəşin alovu beyni örtür və gözlərdən yaş (damcı) axmağa başlayır. Xoş və gözəllikləri vəsf edən sözlər danışılanda qəlbdə sevinc duyğuları əmələ gəlməyə başlayır və şəhvət qamçılanır. Beləliklə, dilin ifadə etdiyi hər sözdən qəlbdə ona müvafiq bir sifət yaranır. Dil pis sözlər danışdıqda qəlb qaralır, bərkiyir. Əksinə, doğru və yaxşı şeylər barədə danışarsa, qəlb nurlanmağa, parlamağa başlayır. Dil yalan və əyri danışsa, qəlb də əyilər və o, artıq heç bir şeyi doğru görməz, əyri ayna kimi olar. Həmin səbəbdən yalançının, riyakarın, fasiqin (pozğunun) yuxuları doğru olmaz. Çünki qəlbləri yalan və pis sözlərdən əyrilmişdir. Qəlbi və dili doğru olanın isə, yuxusu da Yusif (ə) kimi doğru olar.
"Qəlbi pis olan yaxşı şeylər söyləyə bilməz. Çünki ağız (dil) qəlbin daşmasından söylər" (həz.İsa): "Biz atların ağzına yüyən taxırıq ki, bizə itaət etsinlər və bütün bədənini də çevirə bilirik. Baxın, gəmilər də kiçik bir sükanla idarə edilir. Dil də belədir. O, kiçik bir üzvdür, amma çox lovğalanır. Dil alovdur. O, haqsızlıq aləmidir... İstər heyvanların, istər quşların hər cinsi insan tərəfindən əhliləşdirilir. Dili isə heç bir insan əhliləşdirə bimir. Dil qarşısıalınmaz bəla və öldürücü zəhərlə doludur. Biz dil ilə Rəbbi həmdi-səna edirik.
Və dil ilə də pis sözlər danışırıq. Təqdis və lənət eyni ağızdan çıxır. Məgər bir qaynaq eyni gözdən şirin və acı su çıxardarmı" (İncil, Yaqub 3: 2-11); "Əgər sizlərdən biri düşünürsə ki, dindardır, amma qəlbini aldadıb öz dilini yuyənləməzsə, onun dindarlığı boşdur" (İncil, Yaqub 1:26).
İman, qəlb və dil münasibətlərini açıqlayan Peyğəmbər (ə) buyurub: "Qəlb doğru olmadan iman doğru olmaz. Dil də doğru olmadan qəlb doğru olmaz". Həmin səbəbdən dinimizdə çox və səbəbsiz danışmaqdan, dilin bəlalarından uzaq durmaq mühüm işlərdən biridir. Rəbbimiz buyurub: "Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir" (Nisə114). Həz.Məhəmməd isə buyurub: "Susan və vüqarlı bir mömin görsəniz, ona yaxın durun. O, hikmətsiz deyil".
Söz yağışa bənzər: çox
yağanda fəlakət, münasib
yağanda bərəkət
Klassiklərə görə, söz dörd qisimdir. Birincisi tamamilə zərərlidir. Sümükdən olmayan dil bu halda çox sümüklər sındırar. İkincisində həm zərər, həm də fayda var. Üçüncüsündə nə fayda, nə zərər var. Bu, mənasız danışmaqdır və zərəri vaxtı boş keçirmək baxımından kifayət qədərdir. Dördüncüsü ancaq faydalı sözlərdir. Elə "susan xilas oldu" Peyğəmbər (ə) kəlamının mənası da budur. Quran hikmətinə görə, bəndənin danışdığı hər söz həm də onun "anketinə" yazılır. Əgər mələklər bu sözlərin əvəzinə pul istəsəydilər, zəhmət haqqının qorxusundan on sözün doqquzunu tərk edib, bəlkə birini də danışmazdıq. Göründüyü kimi, söz yağışa bənzər. Çox yağanda fəlakət, münasib yağanda bərəkət olar.
Elə adamlar var ki, kimsə bir söz söylədimi, dərhal onu inkar edib: "Xeyr, elə deyil" - deməklə sərt etiraz etməyin adətkarıdır. Bunun mənası: "Sən bilmirsən, yalan danışırsan. Mən isə doğru danışıram" - deməkdir. Dilini ağlından qabağa salan belələri iki məhvedici sifəti büruzə verirlər. Biri təkəbbür, digəri başqasına təpkidir. Belə arzuolunmaz məqamlara toxunan həz. Məhəmməd buyurub: "Haqlı olduğu halda mübahisəni tərk edənə Cənnətin ən yüksək yerində, haqsız olduğu halda mübahisəni tərk edənə isə Cənnətin ortasında yer verilir". Çünki, inciklik olmasın deyə, haqqı deməməkdə səbir etməyin savabı, yalan və əsassız şeyləri deməməkdə səbir etməyin savabından daha çoxdur. Deməli, zərurət olmadan heç bir adamın qəlbinə toxunmaq doğru deyil. Belə müstəsna hallarda "haqqı demək haqdandır, fəqət hər haqqı demək də haqdan deyil" tövsiyəsi daha bəyəniləndir.
Dilin bəlalarından biri də ifrat və yüngül zarafatdır. Peyğəmbər (ə) zarafatı qadağan etməyib. Az və əndazəni aşmamaq şərtilə yeri gələndə zarafatlaşmaq mübahdır (izn veriləndir). Lətifənin isə şərti onu danışanın yaxşı xasiyyətli, gözəl əxlaqlı olması, doğru danışması və lətifənin adət-peşə halına gətirilməməsidir. Çünki ifrat zarafat həm düşmənçiliyə yol açar, həm də vaxt alar və çox güldürər. Çox gülmək isə qəlbi daşlaşdırar, təmkini yox edər. İfrat zarafat barədə deyilib:
"Zarafat üzlərin tökər suyunu,
Artırsan pisliklə qurtarar sonu".
Marağalı (Azərbaycan)
Əvhədi (v.ə.1385)
Zarafatı qadağan etməyən Peyğəmbər (ə) buyurub: "Mən də zarafat edirəm, lakin doğru danışıram". Onun gülüşü təbəssümü idi. Çox güldürən şeyi pis qəbul etdiyi üçün buyurub: "Mən bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız".
(Ardı gələn sayımızda)
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru