Gənclərdən bəzisi, daha doğrusu, bu gün-sabahın jurnalistləri olacaq bir neçə nəfər hansı sahədə yazmağın vacib olduğunu sual edib. Onlara istənilən sahənin vacib olduğunu xatırladırkən, insanlarda daha çox hansı sualların yarandığına, adamları hər şeydən öncə nələrin narahat etdiyinə diqqət etməyi məsləhət gördük. Əlbəttə ki, həmin insanların arasında onların özünün də təmsil olunduğunu xatırladanda, sualın cavabını elə özləri də tapdı.
Bəli, cəmiyyət arasında ömür sürən istənilən insan yazmaq üçün deyil - bu, sözsüz ki, konkret istiqamət təmsilçilərinin fəaliyyətidir - elə söhbət üçün də ətrafına ani nəzər yetirsə, orda kifayət qədər mövzu tapa bilər. Bizlər isə, ətrafımıza, gördüklərimizə, baş verənlərə, hadisələrə avtomatik olaraq peşə fəaliyyətimizə uyğun, yazı obyekti kimi baxırıq. Gələcək jurnalistlər də, düşünürük ki, cəmiyyətdə və bütün çevrələrindəki ən adi hadisədə, hətta söhbətdə, baş verən istənilən olayda yazı predmeti tapa bilər. Yetər ki, həmin məqamda jurnalistikanın beş vacib elementi vəziyyəti istənilən an xəbər və informasiyaya, və ya, digər məlumat formasına çevirsin. Sosial həyat qədər isə bütün insanlara gərəkli olan hansısa digər məsələ yoxdur. Yəni, idman, mədəniyyət və incəsənət, siyasət və s. konkret, müəyyən kəsimin fəaliyyət dairəsidir. Lakin bütün insanların həyatı, qeyd-şərtsiz, sosial-iqtisadi şərtlərlə tənzimlənir. Cəmiyyət daim sosial rifahın ardınca gedir və əlbəttə, qeyd etdiyimiz digər sahələr də mənbəyini məhz ordan alır. Sosial-iqtisadi rifah qənaətbəxşdirsə, qalan işlər də qaydasında olacaq. Yəni toplum olaraq, cəmiyyətin böyük kəsimi sosial problemlərin həllində maraqlıdır və daha çox sosial məsələlərə, yeniliklərə önəm verir.
Sosial həyatda isə, ən adi məqam da diqqət cəlb edir və məsələ problem səviyyəsinə çatıbsa, o, adilikdən çıxaraq, öz vacibliyini, həllini tələb edir. Misal üçün, uzaga getməyək, Bakıətrafı kəndlərin sosial həyatına nəzər salaq. Oralara gedən yol da öncə, nəqliyyatdan başlayır. Nəqliyyatın necə olmasından da ətraf kənd və qəsəbələrə hansı vaxtda yetişməyi təxmin etmək olar...
Nədənsə, bir qayda olaraq, paytaxtətrafı kəndlərin çoxuna rahatlığı, tutumu qənaətbəxş olmayan avtobuslar işləyir. Bu avtobuslara baxanda adamda elə bir təəssürat yaranır ki, onlar zavoddan buraxılandan indiyədək təmir-bərpa, texniki servis üzü görməyib. Salondakı rahatlıqdan danışmağına da dəyməz, sınıq- salxaq, işlənməkdən parçasının rəngi bilinməyən oturacaqlar, bəzi hallarda onların nədənsə çıxarılması, yerində qalan, döşəmədəki dəmir parçasının ayaqlara dolaşıb sərnişinlərə narahatlıq yaratması hər günün adi mənzərəsidir. Sərnişinlər də bu narahatlıq yaradan mənzərəylə, daha doğrusu, öz həyatlarıyla barışıb. Bu şəraitdə hər gün paytaxta gəlib-getməyə məcbur qalsalar da, kimsə şikayət etməyə tələsmir, buna bəlkə də lüzum görmür; yəni şikayət edən kimi avtobusların yenisiylə əvəzlənməsinə, minimum, salonun hər gün təmizlənməsinə, oturacaqların örtüklərinin hərdənbir dəyişdirilməsinə ölən ümid kimi. Belə vəziyyətdən, anormal şəraitdən narazılıq əlbəttə ki var, amma kimsə sözə başlamaqda, problemi qabartmaqda birinci olmaq istəmir. Olsun, o halda, köməyə ehtiyac yaranır ki, hazırda bizlər də mövcud mənzərəni təqdim etməkdəyik.
Deyilənə görə, nəqliyyat vasitələri hər gün baxışdan keçirilir, onların vəziyyəti yoxlanılır və daha sonra xəttə buraxılır. Amma avtobusların xaricinə-daxilinə baxanda, onlara hansısa nəzarətin olmasını demək çətindir. Avtobusların əksəriyyəti köhnə modeldən və kiçik tutumludur. Belə avtobuslarla kəndlərdən paytaxta gündəlik işə gəlib-getmək, eləcə də, tələbələrin vaxtında dərsə çatması mümkünsüzdür. Ola bilsin, kəndlərə işləyən avtobusların sayı azdır ki, onları gözləmək də çox vaxt aparır. İnsanlar az qala, yarım saat gözləməli olur ki, avtobus gəlib çıxsın. Bir sözlə, köhnə, salonu toz içində, oturacaqları, üzlükləri sıradan çıxmış, tutacaqları və qapıları laxlayan kənd avtobusları sakinləri gündəlik ünvana “çatdıran” bir nəqliyyat vasitəsidir. Belə demək mümkündürsə...
Əslində, problem varsa, onun həlli yolu da olmalıdır. Necə ki, yaxınlarda paytaxta yüzlərlə avtobus gətiriləcək və bu da avtobus parkının yenilənməsi istiqamətindəki işlər çərçivəsində olacaq. Məlumata görə, gələn ay avtobusların ilk hissəsi gətiriləcək və onların da 20 ədədi 18 metrlik olacaq...
Görülən işlər çərçivəsində yaxşı olar ki, paytaxt yolları sözügedən avtobuslarla təchiz olunduğu kimi, ətraf kənd və qəsəbələrin yollarında da müasir tipli avtobuslar şütüsün. Çünki komforta paytaxt sakinləri qədər, ətraf kəndlərin, qəsəbələrin sakinlərinin də ehtiyacı və haqqı var.
Nigar Vaqifqızı