Xəzərə həsrət qalan bakılılar

 

Çimərliklərimiz hansı qanuna əsasən vətəndaşların üzünə bağlanır?

 

Telman Zeynalov: "Xəzərə axıdılan kanalizasiya sularının əksər hissəsi təmizlənmədən dənizə buraxılır"

 Tarixən Abşeron yarmadasının çimərlikləri yayda əhalinin  istirahət üçün ən çox üz tutduğu məkan olub. Lakin son 30 ildə - müstəqillik dönəmində şəhər əhalisinin çimərliklərdə istirahət etməsi müşkül məsələyə çevrilib. Bu gün Abşeron əhalisini dənizdən kənarlaşdıran iki amil mövcuddur. Birincisi, Xəzərin təmiz ərazilərindəki qanunla mühafizə edilən simərliklər sahibkarlar tərəfindən zəbt edilib, əhali belə çimərliyə getmək üçün mütləq pul ödəməlidir. Rəhmətlik Heydər Əliyevin prezidentliyi dönəmində qanunla Xəzər dənizinin sahilləri heç bir sahibkar və ya vətəndaş tərəfindən təcrid edilə, 130 metirliyində heç bir tikinti işi aparıla bilməzdi. Lakin sonrakı illərdə "Torpaq Məcəlləsinə edilən dəyişiklik oliqarxların və işbazların əl-qolunu açdı. Belə ki, Məcəllənin 2-1 maddəsində bildirilir: "Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər". Qanunda aydın göstərilir ki, tikinti və hasarlar dənizə gediş-gəlişi məhdudlaşdırmamalıdır, lakin çimərliyə girişin pullu olmasının özü, dənizə gediş-gəlişin məhdudlaşdırılması deməkdir. Çünki ödəməyə pulu olmayan və ya ödəniş etmək istəməyən vətəndaş dənizə gedə bilmir. Bu qanun zaman-zaman təfsir edilib ki, sahibkarlar, yalnız sahildə göstərdiyi xidmətlərə görə ödəniş tələb edə bilər, amma sahili bağlayıb, giriş üçün ödəniş tələb etmək qeyri-qanunidir. Məcəllənin bu maddəsindən sui-istifadə edərək, Bakı Şəhəri İH keçmiş  başçısı Hacıbala Abutalıbov (hazırda baş nazirin müavinidir) istifadəyə yararlı olan bütün Abşeron çimərliklərini məmur-sahibkarlara satdı. İndi isə yeni icra başçısı Eldar Əzizovun son zamanlar zəbt edilən çimərliklərin azad edilməsi istiqamətində cəhdlər göstərdiyi nəzərə çarpır, lakin bu cəhdin də məqsədi nədir, nəticəsi necə olacaq,  bəlli deyil. Məqsəd çimərlikləri bir sahibkardan alıb, başqasına satmaqdırsa, bunun sıravi vətəndaşa heç bir xeyri olmayacaq, yəni çimərliklərin zəbt edilməsi prosesi davam edəcək.

Qanuni çimərliklər zəbt edilərək, girişi pullu olduğundan əhali xilasedici xidmətləri ilə təmin edilməyən sahillərdə, qeyri-qanuni çimərliklərdə istirahət etməyə üstünlük verir. Bu isə bədbəxt hadisələr zamanı suda boğulan insanların xilas edilmə ehtimalını sıfra endirir.

 

Çimərliklər normadan dəfələrlə artıq çirklənməyə məruz qalır

 

Əhalini Xəzər sahillərindən uzaqlaşdıran digər amil isə çimərlik sularının normadan artıq çirklənməsidir. Bu isə onunla izah edilə bilər ki, son 30 ildə Abşeron iqtisadi rayonunda əhalinin məskunlaşması dəfələrlə artıb, bunun sayəsində də çirkli kanalizasiya sularının həcmi bir neçə dəfə çoxalıb. Buna baxmayaraq, Abşeron iqtisadi rayonunun ərazisində dənizə axıdılan çirkabın təmizlənməsi üçün yeni qurğular inşa edilməyib. Hazırda yalnız Hövsan qəsəbəsində yerləşən sutəmizləyici qurğu fəaliyyət göstərir. Bu qurğu isə indiki tələbatın heç 30 faizini ödəmir. Birincisi qurğu yalnız bioloji təmizləmə qabiliyyətinə malikdir, bu da o deməkdir ki, hətta, sutəmizləyici qurğudan keçən su belə, hazırkı beynəlxalq standartlara uyğun təmizlənmir. İkincisi isə bu qurğunun sutkalıq gücü, yalnız Bakı şəhərinin mərkəzində yaranan çirkab suların təmizlənməsinə yetir. Səbail, Binəqədi, Xəzər və digər rayonların və Sumqayıt şəhərinin ərazisində kanalizasiya suları təmizlənmədən birbaşa dənizə axıdılır. Nəticə isə göz önündədir - həmin ərazilərdə yerləşən çimərliklərdə suyun çirklənmə dərəcəsi normadan yüksəkdir.

Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 28-dən iyulun 4-dək çimərlik ərazilərində növbəti monitorinqlər keçiriblər və dəniz suyundan nümunələr götürərək, mikrobioloji təhlillər aparıblar.

İdarənin əməkdaşı Nərmin Babaşova bildirib ki, təhlillərin nəticələrinə görə, Bakı və Abşeron yarımadasında Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil.

Ekoloq Telman Zeynalov məsələyə münasibət bildirərkən dedi ki, sovetlər dönəmində birincisi, dənizə indiki qədər çirkab axıdılmırdı, ikincisi isə mütəmadi olaraq çimərliklər müxtəlif vasitələrlə təmizlənirdi: "İndi isə çimərliklərin hamısını satıblar, sahil zolağı hasarlanıb. Hökumət çimərlikləri hasarlayan sahibkarlardan tələb etməlidir ki, pul qazandıqları kimi suyu da təmizləsinlər, əks təqdirdə çimərliklər bağlanmalıdır. Digər tərəfdən, kanalizasiya sularının təmizlənməsi üçün yeni qurğular inşa edilməlidir. Hazırda Xəzərə axıdılan kanalizasiya sularının əksər hissəsi təmizlənmədən dənizə buraxılır, bu da öz növbəsində normadan artıq çirklənməyə səbəb olur.

Mən bu məsələdə vətəndaş cəmiyyəti nəzarətinin də zəif olmasını hiss edirəm. Ölkədə dövlət dəstəyi alan bir neçə ekoloji istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) var. Bu QHT-lər nə işlə məşğuldur, bu barədə heç kim, heç bir bilgiyə malik deyil. Həmin QHT-lərin heç birində mütəxəssis yoxdur, ona görə də işlərinin öhtəsindən gələ bilmirlər".

 

Akif Nəsirli

0.22643184661865