(Döyünən ürəyimizə, görən gözümüzə)...
“Dünyanı gözəllik xilas edəcək” deyimini azacıq korrektə etsək, onu bu formada ifadə etmək daha uyğun olar: “Dünyanı uşaqlar xilas edəcək!”. Çünki nə müdrik qocalara, nə də enerjili cavanlara deyirik “Gələcəyimiz”. Məhz uşaqlara xitabən “onlar bizim gələcəyimizdir”, “işıqlı, xoş sabahımızdır”, “döyünən ürəyimiz, vuran qolumuz, tutan əlimiz, görən gözümüzdür” deyirik.
Deyimləri artırmaq da olar, danışmağa nə var ki, əsas işdir ki, onun da öhdəsindən gəlməkdə eyni məsuliyyət sahibi deyilik.
... Söz vaxtına çəkər, orta məktəblərdə dərslər bitənə yaxın “Azərbaycan nəşriyyatı”na gedən yolda, Mətbuat prospekti boyunca uzanan səkidə piyada gedən bir uşaq gördüm. Qız uşağı idi və yaşı da təxminən 9-10 arası olardı. Uşağın kürəyindəki çantadan məktəbli olduğunu anlamaq çətin deyildi, əində də üfürülmüş iki şar tutmuşdu. Uşaq tam arxayınlıqla səki ilə gedirdi. Həmin ərazidə, yaxınlıqda hansısa orta məktəbin yerləşmədiyini bilsəm də, yenə də əmin olmaq üçün ona çatanda “Məktəbdənmi gəlirsən?” deyə, soruşdum. Uşaq sualıma başıyla təsdiq cavabı verəndə “Bəs niyə təksən, həmişə məktəbə özün gedib-gəlirsən” deyərək, növbəti sualı verdim. Ondan yenə də başını tərpədib “Anam balaca qardaşıma baxır” sözünü eşidəndə, “Anan gərək səni tək göndərməyə, tez ol, get, arxanca baxıram ha, heç yerə dönmə, heç kimlə danışma, birbaşa evə!”, deyib uşağı tələsdirdim. Bayaqdan səkiylə əmin-arxayın gedən uşaq addımlarını yeyinlətdi nədi, bir ayaq da satın alıb qaçmağa başladı. Onun bu hərəkətini görəndə anladım ki, uşaq nəinki ona dediyim sözdən nəticə çıxarıb kimdənsə ehtiyat edərək ordan uzaqlaşmağa çalışdı, o, birbaşa məndən qorxub qaçdı. Öz-özümə düşündüm ki, qoy məndən qorxsun, məndən ona ziyan gəlməz, amma başa düşsün ki, bu dünyada oğru-əyri, hər cür adam var. Adamların hamısı təhlükəsiz, ziyansız olmur, elə adamlar var ki, onların bu dünyada yaşamasındansa, torpağın üstə addım atmasındansa, hansısa ziyanverici alaq otunun bitməsi, yer tutması daha məqbuldur.
Bunu o balaca qız uşağına deməyə imkan olmasa da, yeri gəldikcə yazmaqla, arxayın, laqeyd və məsuliyyətsiz analara xitab edirəm. Hər halda, o anaların min nəfəri oxumasa da, bir nəfəri oxuyacaq və qonşusuna, rəfiqəsinə, tanışına danışacaq. Söz hərəkət edəcək, kimisinin qulağına çatacaq, kiminsə gözünü açacaq. Bu, olmayacaqsa, məndən yazmaq, hər halda, vicdanım məni danlamayacaq.
Məsuliyyətsizliyin acı nəticəsini heç kimə arzulamırıq, lakin ondan qaçmaq da mümkünsüzdür. Elə bu yaxınlarda baş verən, azyaşlı Zəhranın hadisəsini yada salaq. Evinin bir addımlığından oğurlanan və bir neçə gündən sonra tapılan o qızcığazın “anası namaz üstəymiş”, nənələr demiş. Amma azdırmı oğurlanan, tapılmayan, bəzən barələrində vahiməli, qorxulu hadisələr də danışılan uşaqlar?! Onların valideyninin hansı hala, vəziyyətə, duruma düşməsini bir anlıq anlamağın, təsəvvür etməyin özü belə, çətindən-çətindir. Bəs onda laqeyd, etinasız analar, ailə həyatı qursalar da, bu həyata bütövlükdə, tam hazır olmayan qadınlar hara baxır, nə düşünür, türklər demiş, nəyin peşindədir? Müdriklərin sözü olmasın, “Bəzi qadınlar nədənsə elə fikirləşir ki, uşaq dünyaya gətirməklə ana olmaq eyni şeydir. Analogiyanı təkrar etsək, belə çıxır ki, pianoya sahib olmaqla pianoçu olmaq eyni şeydir”...
İnsanlar müxtəlif, xarakterlər və hadisələrə yanaşma tərzi də cürbəcürdür. Fani dünyamızda yaxşılıqların, xeyirxah addımların rəngarəng, çoxçalarlı olmasına çalışmalıyıq. Uşaq oğurluğuna, onların hər hansı formada itkin düşməsinə gətirən səbəblərə qarşı birmənalı olmalıyıq. Onun da adı məsuliyyətdir!
Ki, hər adamda olmasa da, cümlə-cahana hər addımda bu sözü xatırlatmalıyıq. Onu adamların qulağında sırğa etməliyik, şəxsiyyət, sürücülük vəsiqələrini, pasportlarını, pullarını, var-dövlətlərini qoruduqları, onların itirilməməsinə nəzarət etdikləri kimi, övladlarımızı da dördgözlə izləməyə çağırmalıyıq. Uşağı təkcə evdə qaynar qazandan, çaydandan, ütüdən, iti bıçaqdan, baltadan, ülgücdən qorumurlar. Uşağı elə adamın özündən - hər cür fitnə-fəsada, oğurluğa qurşanmış, narkotikə uymuş, ruhi xəstəliyə yoluxmuş adamdan qoruyarlar!
Srağa gün də elə Yasamal rayonunda 9 yaşlı bir qız uşağının itməsi xəbəri yayıldı. Balaca qızın valideyni polisə xəbər verməyi lazım bildiyi kimi, məncə, övladına bir azca diqqətli yanaşmağı da düşünməlidir. Uşaq şükür ki, az vaxtda taıldı, bəlli oldu ki, o, evdən çıxıb Musabəyov parkında gəzmək istəyib. Parkda tapılan uşağın valideyni onun gəzmək, əylənmək, təmiz hava almaq istəyini, marağını, arzusunu onun özü qədər bilməlidir. Doğrudur, valideynin uşağın arzularından başqa da qayğısı, görüləsi iş-gücü, yerinə yetiriləsi min cür mükəlləfiyyəti var. Lakin, yuxarıda qeyd etdiyim kimi, ailə quranda ona hərtərəfli hazırlıqların içində dünyaya gələsi körpələr, onlara müxtəlif tərəfdən, fərqli yanaşmalar, onun maraqlarıyla maraqlanmalar da var. Bu yoxsa, onun adına bütöv şəkildə ailə demək də yaramaz.
Onsuz da dünyada heç kim səhvlərdən xali deyil, səhvlərimizlə öyrənir, ondan nəticə çıxarır, hadisələrə qiymət veririk. Hamının qiyməti də bu “dərs”dən əla olmur. Amma, yenə də cəhd edək, bəlkə uşaqlarla çox vaxt keçirməklə, onları öyrətməklə özümüz də öyrənəcəyik?! Onlara nəyin səhv, nəyin düz olduğunu deməklə öyrətməyə özümüzdən başlayacağıq?!
...Yaponlar haqqında eşitdiyim bir məqamla yazıya yekun vururam. Deyirlər, yaponlar öz uşaqlarına beş yaşınacan mükəmməl kimi yanaşır, onların hamısına bu yaşa qədər eyni münasibət bəsləyirlər. Beş yaşdan on beş yaşa qədər isə, onların özünə və başqasına xidmət etməsinə, köməkçi olmasına çalışırlar. On beşdən yaşdan sonra isə bu övladlar müstəqil insan kimi həyata atılırlar...
Doğrudur, bizim yaponlara çatmağımıza hələ çox var, amma müdriklərin hikmətli sözlərinə xitabən, onların bir qismini həyatımızda tətbiq etsəydik, vəziyyət heç olmasa 90 faiz müsbətə doğru dəyişmiş olardı. Çox danışmaq da lazım deyil, uşaqlara, elə hamıya nəsihət verməkdənsə, nümunə göstərək. ”Yaxşı nümunə uşaq üçün ən yaxşı tərbiyədir” misalında...
Nigar Orucova