Bu məsələdə gənc nəsilin təlim – tərbiyəsi mühüm rol oynayır
Qədim tarixi keçmişə malik olan azərbaycan xalqı tarixin bütün keçməkeşlərindən məharətlə çıxaraq, müasir dövrümüzə gəlib çıxıb. Xalqımız bu günə gəlib çıxmaq, milli dövlətini qurmaq və qorumaq üçün saysız – hesabsız qurbanlar verib. Xalqımız müstəqil dövlətini qorumaq üçün bu gün də qurbanlar verir və hadisələrin gedişi göstərir ki, hələ bundan sonra da xeyli qurban vermək lazım olacaq. Əlbəttə, xalqımızın bu cür qanlı mübarizələrdən zəfərlə çıxmasının bir neçə səbəbləri var. Bu səbəblər içərisində ən əsası xalqımızın milli mənlik şürunun daim qorunması və yüksək olmasıdır. Məlum olduğu kimi, milli mənlik şürunun əsasını insanın mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv münasibət təşkil edir. Danılmaz həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin müxtəlif əlamətlərini özündə əks etdirməklə yanaşı, həm də, milli mənsubiyyəti, tarixi keçmişi, soy-kökü və həyatda qazandığı uğurları ilə ilə fəxr edir.
Milli mənlik şüurunun formalaşmasında xalqın tarixi və tarixi şəxsiyyətləri, milli atributları insanın mənəvi aləminə təsir edərək, onun formalaşmasında əsaslı rol oynayır. Ona görə də xalqın və dövlətin təmsilçiləri milli mənlik şüurunun xalqın və dövlətin həyatında böyük rol oynadığını dərindən dərk etməli və onun müasir zamanda yeniləşməsinə və güclənməsinə xidmət etməlidir. Xalqın milli mənlik şüurunun formalaşmasında əsasən bir neçə komponent rol oynayır. Bu elementlər əsasən, dini, insani və milli kimlikdən ibarətdir. Əslində, bunların üçü də bir-biri ilə üzvü surətdə bağlıdır və bunların birini digərindən ayrı təsəvvür etmək mümkün deyil. Xalqımızın keçmişinə nəzər salarkən, milli mənlik şürunun əsasını təşkil edən bu elementlərin nə qədər böyük rol oynadığım müşahidə edirik. Əslində, xalqımızın tarixin çətin sınaqlarından uğurla keçib, günümüzə gəlib çıxması milli, dini və insani kimliyin biri digərini tamamlaması ilə sıx surətdə bağlıdır. Düşüncəmə görə, milli kimlik, dini və insani kimlikdən fərqli olaraq, insan həyatında önəmli rol alır, onun milli və dini kimliyinin kompleks şəkildə inkişaf etməsinə təkan verir. Bəzi insanlar elə zənn edirlər ki, bu milli kimliyi önə çəkmək millətçiliyi təbliğ etməkdir, milli ayrıseçkiliyi, millətlərarası ayrımçılığı qızışdırmaqdır. Təəssüf ki, bəziləri bunu dini, insani kimlik baxımından belə yanlış qiymətləndirir. Ötən əsrin sonunda Azərbaycanın yalnız bir hissəsində müstəqilliyimizi ikinci dəfə bərpa etmişik, lakin düşmən tərəfindən parçalanmış dövlətimizin və xalqımızın bütünlüyünü hələ tam təmin edə bilməmişik. Bu isə o deməkdir ki, bizim milli mənlik şüurumuzda hələ yenə də problemlər var. Məlum olduğu kimi, bolşevik Rusiyası 1920 – ci ildə müstəqiliyini yenicə qazanmış gənc Azərbaycanı işğal etdi. Bu işğalın reallaşmasına imkan verən amillərdən biri də həmin dövrdə xalqımızın milli mənlik şürunun formalaşmasında mövcud olan qüsurlar da az rol oynamadı. Əslində, işğalçıların əsas məqsədi bizi keçmişimizdən ayırmaq və
Cənubda gedən farslaşdırma kimi, şimalda da ruslaşdırmaqla, milli kimliyimizdən qoparıb, qarışıq formada, yarısına iranlı, yarısına osmanlı, yarısına da tatar damğası vurmaq idi. Ona görə də adımızı tez-tez dəyişdirib bizə gah tatar, gah türk, gah da iranlı deyirdilər. Etiraf etmək lazımdır ki, mlli mənlik şüurumuz Çar və Sovet Rusiyası dövründə kifayət qədər dolaşıq salındı. Sovet Rusiyası ilk dönəmlərdə, yəni Azərbaycanı 1920-ci ilin 28 aprelində işğal etsə də, təxminən 1930-cu illərin ortalarına qədər milli mənlik şüurumuzın məhv edilməsi üçün çox kəskin qanlı mübarizə apardı. İnsanlarımız müxtəlif sosial qruplara bölündü və xalq düşməni elan edilərək, Azərbaycanın milli düsüncəli ziyalı kəsimi-qaymaqları məhv edildi. Tarixdən məlumdur ki, bolşevik işğalına qədər dilimiz və millətimiz türk dili və türk milləti idi. İsanlar kimliyini türk olaraq ifadə edirdi. Lakin 1937-1938-ci illərdə artıq bu məsələ, yəni milli mənlik şüurumuz məhv olmaq təhlükəsi ilə üzləşdi. Dilimizə “azərbaycanlı” milləti, “azərbaycan dili” anlayışları zorla daxil edildi. Leninizmin davamı olan stalinizm milli kimliyimizi məhv etmək məqsədi ilə bütün vasitələrdən gen – bol istifadə etdi. Bolşevizm türklərə qarşı çoxdan formalaşmış qəddar niyyətini həyata keçirmək üçün, hətta respublikamıza rəhbərlik işini qatı türk düşməni olan ermənilərə həvalə etdi. Bolşeviklər yuxarıda qeyd etdiyim qanlı və məhvedici vasitələrlə kifayətlənmədilər, hətta əlifbamızı da dəyişdilər. Zorla yenicə keçdiyimiz latın əlifbasından kiril əlifbasına keçməyə məcbur edildik. Qeyd etdiyimiz bütün bu hadisələrin hamısı milli mənlik şüurumuzun xeyli dərəcədə zəifləməsinə, geriləməsinə səbəb oldu. Lakin bütün bunlarla yanaşı, nəhayət, tarix öz sözünü dedi, milli təfəkkürümümzün oyanışı və dünyada baş verən yeni intibah xalqımızı 1991-ci ildə yenidən milli kimliyimizə, türkçülük məkanına qaytardı. 1993 – cü ilin 15 iyununda xalqımızın təkidi ilə Ümummilli Lider hakimiyyətə gəldi, Azərbaycan dövləti və xalqı özünün müstəqil həyatını qurmaq üçün yeni imkan qazandı. Ümummilli Liderin rəhbərliyi ilə tərtib edilən və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş ilk milli Konstitusiyada “azərbaycan xalqı”, “azərbaycan dili” ifadələri yenidən yer aldı. (Məlumat üçün deyək ki, məhz H. Əliyevin müdrük siyasəti nəticəsində hələ SSRİ dövründə-1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in konistusiyasında Azərbaycanın dövlət dili azərbaycan dili kimi təsbit olunmuşdur- M.A) Uzun müzakirələrdən sonra qəbul olunmuş Konstitusiyamız xeyli dartışmalara yol açdı və gənc nəslin milli mənlik şürunun formalaşmasında bir sıra suallar yarandı və bu suallar bu gün də öz aktuallığını itirməyib.
Milli mənlik şüurunun formalaşmasında vacib məqamlar hansılardır? – sualı ilə BDU – nun professoru Nəsir Əhmədliyə müraciət etdik. Professor sualı belə cavablandırdı: “ Milli mənlik şüru dedikdə, ilk növbədə, millətin özünüdərki, öz soyuna, kökünə, keçmişinə münasibəti və gələcəyinə baxışı başa düşülməlidir. Xalqımızın milli mənlik şürunun inkişafı barədə danışarkan, öncə onun milli adət - ənənlərə sadiqliyini, öz dövlətçiliyini qorumaq üçün hər cür fədakarlığa hazır olduğunu, mübarizə əhvalı – ruhiyyəsi, çətinliklərə baxmayaraq, düşmən üzərinə cəsarətlə getməsi, verdiyi qurbanlardan qorxub geri çəkilməməsi, işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılmasına inamı və gənc nəsilin bu ruhda tərbiyə edilməsi kimi, müsbət xüsusiyyətləri mütləq qeyd etmək lazımdır. Xalqın milli mənlik şürunun yetginləşməsi ilk növbədə yetişməkdə olan gənc nəsilin vətandaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunmasını önə çəkməyi tələb edir. Hazırda bu istiqamətdə xeyli müsbət işlər görülür. Milli mənlik şürunun inkişaf etməsi üçün dövlətimiz əlindən gələni edir. Keçmişimizə nəzər salanda son 2 əsrdə nə qədər ziddiyyətli hadisələr yaşadığımızı, xalqımızın qanlı – qadlı həyat keçdiyini müşahidə edirik. Bunun səbəbləri də bəllidir, uzun illər bizi ruslar idarə etdilər, bizi yanlış tərbiyə etməyə cəhd etdilər və bu dövrdə itirdiklərimiz daha çox oldu, qazancımız isə az oldu. Keçmişimizi unutdurmağa çalışdılar. Tariximizi saxtalaşdırdılar. Dərsliklərimizi özümüzə aid olmayan materiallarla doldurdular. Lakin bütün bu naqis cəhdlərə baxmayaraq, millət öz təfəkkürünü, yaddaşını qorudu və özünə dönməyi bacardı. Son illərdə Akademik Ramiz Mehdiyevin və Oqtay Əfəndiyevin əsərlərində Nadir Şah Əfşara, Ağa Məhəmməd Şah Qacara münasibətdə müsbət meyillər çoxalıb, bu, gənc nəslin maariflənməsinə müsbət təsir göstərəcək. Bu hadisələrin şüurumuzda buraxdığı mənfi izin tamamilə silinməsi zaman tələb edəcək. Bir vacib məsələni qeyd edim ki, sovet dövrünün istər orta, istərsə də ali məktəblərində maarifçilərin böyük bir qismi sovet dövrünün elm adamları idi. Onlar hələ də bir sıra məsələlərdə ziddiyyətli çıxış edirdilər.Yəni, nə öz yaradıcılıqlarının üzərindən xətt çəkə bilmirdilər, nə də yeni formanı ortaya qoya bilmirdilər. Bu gün hörmətli Akademik Ramiz Mehtiyevin açıqlamasından sonra müəllimlərimiz təhsil ocaqlarında, müəyyən mənada, milli mənlik şüurunu gənclərə yeni formada təqdim etməyə çalışmalıdırlar. Əks tədqirdə, biz yenə də köhnəlikdən kənara çıxa bilməyəcəyik və milli mənlik şüuru ilə bağlı ən ciddi problemlər, məhz orta məktəblərdə özünü daha çox biruzə verəcək.
Orta və ali məktəblərdəki müəllimlərin böyük qismi hələ də sovet dövrünün müəllimləridir, yaşlı müəllimlər və elm adamlarıdır. Burada həm ateist, həm antitürk ruhda təhsil almış sovet müəllimləri, həm də yeni yetişən milli ruhlu müəllimlər var. Yeni yetişən və orta məktəbdə dərs deyən gənc müəllimlər zənnimcə, artıq Azərbaycanın milli ruhunu gənclərə aşılaya bilirlər. Lakin onların da aralarında idarəetmədə və müəyyən məsələlərdə bacarıqsızlar çoxdur. Yaşlıların təcrübəsi, gənclərin isə milli ruhu müəyyən mənada bir-birlərini tamamlayır, milli mənlik şüurunun mükəmməl ortaya qoyulmasına xidmət edəcəkdir. Gənc nəsilin təlim – tərbiyəsində ibtidai sinif müəllimlərinin rolu böyükdür və bunu danmaq olmaz. Ona görə də Təhsil nazirliyi ibtidai sinif müəllimlərinin seçilməsi məsələsini diqqətdə saxlanılmalıdırr.
Ümid etmək olar ki, yeni nəsil, məhz milli mənlik şüurunu istər orta məktəbdə, istərsə də ali məktəbdə mənimsəmək gücünə malikdirlər. Nümunələr də vacibdir. Artıq biz Ağa Məhəmməd Şah Qacarı sovet dövründəki kimi, ancaq baş kəsən, qaniçən kimi tanımırıq. Ağa Məhəmməd Şah Qacarın, Abbas Mirzənin gördüyü işləri yekaterinaların, pavellərin işğalçılıq siyasəti ilə eyniləşdirə bilmərik. Bir sözlə, burada həm maarifləndirmə, həm də özümüzdə olan nümunələri layiqincə göstərməliyik. Məsələn, Tomris Xatunun biz gənc nəsil qızlarımız üçün xüsusi nümunə kimi göstərməliyik və onların həmin ruhda böyüməsinə cəhd etməliyik”.
Professor Nəsir Əhmədlinin söylədiyi fikirlərindən də belə nəticəyə gəlirik ki, hər bir xalqın inkişafı onun milli mənlik şürunun səviyyəsindən çox asılıdır. Xüsusən gənc nəslin hərtərəfli inkişaf etdirilməsi olduqca vacibdir. Hazırda ölkəmizdə gənc nəsilin təlim – tərbiyəsi əsasən Qərb və Rusiya təhsil sistemlərinin vəhdəti ilə aparılır. Şəhər əhalisi arasında rus dilində təhsil çox dəbdədir. Bu isə gəncləri milli mənlik şüru ruhunda tərbiyə etməyi müəyyən mənada çətinləşdirir.
Mahir Abbaszadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc edilir